3 Aprel 2015 11:01
1 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən bir pastafarian ola bilərəm.

Bob Henderson demiş, kainatın Uçan Spagetti canavarı tərəfindən yaradılmasına inana bilərəm.

Avropadakı pastafarianlar kimi məhkəmə yolu ilə başımda çömçə ilə müxtəlif rəsmi vəsiqələrim üçün foto çəkdirə bilərəm.

Çünki ölkəmizdə tolerantlıqdır, bütün dinlərə, inanclara sayğı ilə yanaşılır, eləcə də, XXI əsrin dinlərinə.
Bu baxımdan Fuad Qəhrəmanlıdan olduqca narazıyam.

Əsl İslam haqqında danışan bu şəxs dindarları mitinqə çağırıb, amma yalnız Qurandan sitatlar gətirərək müsəlmanlara xitab edib.

Ola bilsin ki, Fuad Qəhrəmanlı gündə beş vaxt namaz qılır, həftəsonu pirləri ziyarət edir, indiyə qədər müqəddəs kitabı bir neçə dəfə xətm edib, Məşhəd, Kərbəla ziyarətlərində olub, Həcc arzusundadır, İraqdakı ayətullah Sistaniyə də təqlid edir.

Buna qarışa bilmərəm, onun dini ona, bizim dinimiz bizə.

Amma Fuad Qəhrəmanlı siyasətlə məşğul olursa, gərək hər kəsə bərabər mövqe sərgiləyərdi.
XXI əsrin inancını daşıyan bir pastafarianın VII əsrin inancını daşıyan bir müsəlmandan fərqi nədir axı?
Axı ikimiz də bu millətin övladıyıq, eyni havanı udur, eyni torpaqda yaşayırıq, bayram və işğal təqvimlərimiz eynidir?

Halbuki, üstünlüyə gəlsə, Azərbaycan tarixində heç bir pastafarian xilafət torpaqlarımızı işğal etməyib, qılınc gücü ilə dinlərini yaymayıb.

Heç bir pastafarian türk dünyasını sünni və şiə kimi iki məzhəbə bölməyib.

Heç bir pastafarian insanları daş-qalaq edib, başını qəmə ilə kəsib, şeytan daşlamaq üzərindən pul qazanmayıb.

Elə isə nədən Fuad Qəhrəmanlı dindarlara müraciət edərkən bizləri yaddan çıxarıb?

Sizinki dindir, bizimki din deyilmi?

***

Ölkə siyasətində 2013-cü ildən etibarən İslam dini siyasətə alət olunmağa başladı.

İrandan maddi yardım alan İslam partiyasını və digərlərini öz tərəflərinə çəkmək üçün Milli Şura və AXCP ərəb baharı eyforiyası ilə mitinqlərdə, çıxışlarda, müsahibələrdə dini motivli bəyanatlar səsləndirdilər.

Baxmayaraq ki, mahiyyətcə dinə uzaqdan-yaxından əlaqələri yox idi, amma hicaba azadlıq şüarı ilə qadınların baş örtüyü üzərindən də siyasət yürütməyə çalışdılar.

İndi də Fuad Qəhrəmanlı Qurandan sitat gətirməklə mitinqlərə insan yığmaq istəyir.

Quranı siyasətə alət etmək, Rusiya projesi olan bir qurumun təbliğat vasitəsinə çevirmək ayıb deyilmi?
Əlbəttə, ölkədə İŞİD, Taliban, Husi qafalı olmayan dindarlar əsla Fuad və onun kimilərə qulaq asmayacaq.

Gerçək inanclı insan bilir ki, onun inancı, sadəcə, özü ilə Allah arasındakı bir vasitədir və heç bir halda kiminsə mitinqdə say çoxluğunu artırmaq üçün istifadə olunmaq istəməyəcək.


Müəllif: Dilqəm Əhməd