20 May 2014 09:29
1 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xəzər Lənkəran”da yenə aləm dəyib bir-birinə. Kimin əli kimin cibindədi, bilmək olmur. Hər ağızdan bir səs çıxır. Komandanın builki fiaskosu bir tərəfə, klubda idarəçilik baxımından da xaos yaşanır. Əslində yarandığı 10 il ərzində həmişə həvəskar formada idarə olunan klub, bu dəfə ənənəsinə sadiq qalıb.

Komandaya bu mövsümün gedişində baş məşqçi təyin olunan türk mütəxəssis Mustafa Dənizli ona bəslənən ümidləri doğrultmadı. Ancaq buna baxmayaraq çalışdırıcının daha bir il vəzifəsində qalacağı və yeni ildə yeni komanda formalaşdıracağı gözlənilirdi.

Çempionatın sonlarına yaxın “gedəcək-qalacaq” söyləntiləri daha ucadan eşidilirdi. Son turdan əvvəl geniş mətbuat konfransı keçirən Dənizli də mətbuat nümayəndələrinə açıqlamalarında daha bir il komandanın başında qalacağını və yeni kollektiv yaratmaq üçün artıq əməli fəaliyyət keçdiyini bildirmişdi.

Nəzərə alsaq ki, çox az bir müddət əvvəl İstanbulda klubun fəxri prezidenti Mübariz Mənsimovla görüşmüş Mustafa hoca hər halda oradan “beli bərk” qayıtmışdı və bu səbəbdən də özündən əmin açıqlamalar verirdi.

Hətta artıq yeni mövsüm üçün oyunçular da seçmişdi. Daha çox yerli oyunçuların üzərində dayanan Dənizli yeni mövsüm üçün öz komandasının eskizlərini beynində canlandırmışdı.

“Xəzər Lənkəran” ilə birlikdə “Simurq”la səfər oyunu üçün Zaqatalaya yollanmayan, əvəzində isə özünün dediyinə görə, paytaxtda qalıb gözaltı elədiyi bəzi oyunçuların oyunu izləyən hocanın düşündükləri alınmadı.

Hər şeyin tam aydınlaşdığını sandığımız bir zamanda klub rəhbərliyi necə deyərlər, sağ göstərib sol vurdu. Klubun rəsmi saytından yayımlanan istefa xəbəri aydın səmada şimşək effekti yaratdı. Sözün açığı belə bir xəbər heç kimin ağlına da gəlməzdi.

Ancaq deyəsən, Xanın (oxu: Mübariz Mənsimov) razılığını alan Mustafa Dənizli vəzirin (oxu: Mais Mənsimov) “qeydiyyatı”ndan keçə bilmədi. “Xan”ın nə vecinədi axı, oturub İstanbulda, öz işləri ilə məşğuldur, buraları da tapşırıb “vəzir”inə. “Vəzir” də deyir, burada mənəm, Bağdadda kor xəlifə.
Hətta iş o yerə çatıb ki, “xan”ın xeyir-dua verib yolladığı adamı “vəzir” vecinə də almayıb geri qaytarır. İndi gəl çıx işin içindən, çıxa bilirsənsə.

Ortada ciddi nüfuz savaşı var. Özü də bu savaş hələ çox vaxt aparacaq, deyəsən. Konkret üç nəfərin nüfuzu, prestiji ciddi zədələnə bilər bu işdə.

Ya Mustafa Dənizli başını aşağı salıb gedəcək. Belə olan halda Türkiyədə Mustafa hocanın imicinə ciddi zərbə dəyəcək. İllərin Mustafa Dənizlisi, çempionluqlar yaşamış adam Lənkərandan qovuldu deyəcəklər. Bu variantın baş tutmaması üçün türk çalışdırıcı var güçü ilə çalışır.

Elə Mais Mənsimovun açıqlamasından sonra İstanbuldan gələn yalanlama xəbəri də buna xidmət edir. Görünür, təcrübəli mütəxəssis belə asanlıqla təslim olmaq istəmir.

Mustafa Dənizli gedəcəyi təqdirdə Mübariz Mənsimovun da nüfuzu zədələnə bilər. Nətər olur ki, onunla danışıb razılaşmış adamı Mais Mənsimov qəbul eləmir? Bir az qəliz sual oldu, deyəsən.

Yox, əgər həqiqətən də, Mustafa Dənizli özünün dediyi kimi, geri qayıdası olsa, o zaman nəinki Mais Mənsimovun, bütün “Xəzər Lənkəran” cameəsinin ciddiyyətinə şübhələr yaranacaq. Üçtərəfli oyunda uduzan istənilən halda “xan”la onun “vəzir”i olacaq.

Aldınızmı başınıza bəlayı? Di həll eləyin görək necə edirsiniz.


Müəllif: Zaur Xudiyev