14 Aprel 2015 10:39
1 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəqin xatırlayarsız, üstündən uzun müddət keçməyib; aprelin 10-da Bakıda əsən küləyin şiddətini deyirəm. Fotoqraf İsmiylə həmin gün Yazıçılar Birliyinə tələsəndə bizi külək yumrulayıb özü aparmaq istəyirdi, ancaq biz avtobusla özümüzü metroya çatdırdıq.

Eyni şirkətdə işləməyimizə baxmayaraq, İsmiylə ilk dəfə yaxından tanış olurduq. "Necə olub indiyəcən, necə olub bu vaxta qədər heç vaxt onunla rastlaşıb söhbət eləməmişik?" Küləkli gündə tez-tələsik belə düşünürdüm. İsmi haqda düşünürdüm.

Adamı "yoldan çıxaran" Abşeron xəzrisi dayanmadan əsirdi, ancaq Yazıçılar Birliyinin binası da metro içərisi kimi küləkdən, soyuqdan çox iraq idi. Qədimi binanın enli divarları arasında gözlənildiyindən də artıq sakitlik vardı. Qədimi tikilidə qədimi dostlar, bəlkə, bir-birini daha tez-tez görür, amma mən nadir hallarda onlarla üz-üzə gəlirəm.

Natəvan klubu da hələ seyrəkdi. Yazıçılar Birliyinin pilləkənlərini qalxanda həmişə unduram - Natəvan klubu ikinci mərtəbədədi, yoxsa üçdə? İsmidən soruşdum. O, tamam ciddi-ciddi: "Yerini dəyişməyiblərsə, üçüncü mərtəbədə olmalıdı..." -dedi.

Düz çıxdı, yerini dəyişməmişdilər, üçüncü mərtəbədəydi.
Köhnə dostlardan daha biriylə rastlaşıb "ehtiyat çıxış"ı göstərən ox işarəsiylə daha yuxarı qalxmalı olduq. "Ulduz"a.

Axı, üçmərtəbə binanın sonradan artırılmış dördüncü mərtəbəsi Yazıçılar Birliyinin jurnallarına verilib, ora məhz ehtiyat çıxış üçün nəzərdə tutulan pilləkənlə qalxmalısan. İndisə göy cisminin adını daşıyan jurnalın redaksiyasına təzə baş redaktor Qulu Ağsəslə çıxdıq.

Burda da hüzur və sakitlik hökm sürürdü. Buna rəğmən, tələsik geri qayıtmalıydım, çünki bayaq üçüncü mərtəbənin foyesində stolun üstə kərpic-kərpic kitablar düzülmüşdü, qonaqlar sıxlaşırdı, məsələ də elə bundaydı - Yazıçılar Birliyinə təzə kitab gətirilmişdi. Yığışanlar iki-bir, üç-bir, topa-topa "Feysbuk"çün şəkil çəkdirirdilər, həm də hamı gözünün bir qırağıyla bir xanımı gözləyirdi.

Xanım ən azı 40-45 dəqiqə gecikmişdi. Ancaq indi üstünü kitab cərgəsi tutmuş stolun arxasında şeir yazmaq qədərində zövqlü-dadlı bir işi görürdü. Xoşbəxt təbəssümlə kitablarını imzalayırdı.

Çıqqaçıq şəkil çəkən İsmiyə tərəf boylandım. Zərif bir təbəssüm düşmüş kitabı aldım. Kənara çəkilib artıq sonuncu dəfə telefonda saata baxdım - rəsmi hissəyə qala bilməzdim, təqdimat mərasiminin təyin olunduğu vaxtdan 54 dəqiqə keçirdi.

Mənim vaxtım bitmişdi! Eşikdə yenə güclü külək əsirdi.
...Bir də axşam iş qurtarandan sonra metroya düşəndə həmin kitabı açıram: Könül Həsənqulu. "O zəminin sahili...", 31-ci səhifə, "Qadının əsr surəsi".

And olsun axşamçağına
İkindi vaxtına, əsr
namazına, zamanına və ya
Peyğəmbərin əsrinə ki,
Mən idim o sübh çağı
səmada!
Gecədən doğan Günəş
kimi!
Gözlərimin yaşıyla yudum Qədr gecəsini...

Bəlkə də, yeri-göyü dağıdan küləkli gündə məni zəhmli-qədimi binaya çəkən təkcə bu şeirmiş... Axşamçağına and içər, talelərin yazıldığı müqəddəs gecəni gözyaşıyla keçirər, sabaha Günəş kimi çıxar o qadın.


Müəllif: Qurban Yaquboğlu