22 Aprel 2015 17:25
2 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir tanışım var. Sevdiyi qızdan ayrılıb. Mənim günahım nədir, bilmirəm. Bütün günü zəng eləyir, deyir, darıxıram. Səydir, vallah. Eləcə danışır, qulaq asıram. Deyirəm, tay-tuşlarım bələdiyyə sədri seçilir, siz Allah, mənim işimə-gücümə baxın. Üzümü yumşaq görüb. Özü də tanışım maddi cəhətdən çox imkanlıdır. Sağ olsun, hərdən qonaqlıq-zad verir. Üç-dörd maşını var, hər dəfə görüşə biri ilə gəlir. Hər dərədə bir evi, dükanları, biznesi... Amma ağıl yoxdur. Ağıl yoxdur deyəndə ki, sevir.

Sevgilisindən yaxınlarda ayrılıb. Daha doğrusu, qız onu atıb başqasına gedib. Mənim imkanlı dostum da, bütün günü içib zır-zır ağlayır ki, əclaf məni başqasına satdı. Kimə satıb, nəyə satıb, heç bilmirəm. Bildiyim o ki, qızın getdiyi əynində pencəyindən başqa heç nəyi olmayan, cibi kimi ürəyi də təmiz bir oğlandır. Hərdən fikirləşirəm ki, yaxşı eləyib. Bir qız varlını qoyub kasıba gedibsə, deməli, ağıllıdır.

Tanışımın anası o günü mənə zəng eləmişdi. Deyir, oğlum bütün günü narahat və soyuq yerdə – döşəmənin üstündəcə paltarlı-paltarlı yatır. Qoymur heç olmasa, üstünü örtəm. Ağlayır ki, ölmək istəyirəm. Gecənin bir aləmi qəfil yuxudan durub evdə yorğan axtarsa, deyərəm, normal adamdı, amma əksinə, əyninə bir-iki paltar da geyinib təzədən yuxuya gedir. Vallah, nə bilim, yazığım da gəlir.

Anası deyir, düz beş aydır qızdan ayrılandan canına su dəymir. Nə qədər deyirəm, yuyun, yuyunmur. Hamını bezdirib. Qabağına kim çıxır sevgisindən danışır. Qonum-qonşu içində biabır olmuşuq. İçib küçədə yatır. Atasının ürəyi partlayır.

Məsləhət gördüm ki, psixoloq yanına getsin. Qayıtdı ki, getmirəm. Buna görə məndən incidi. Eləcə qızdan danışır. Öz-özünə deyir, o qədər yoxsan ki, qapınızın ağzında pişik kimi yatmaq istəyirəm, sənin məndən sonra kimlə olduğunu, mənə dediyin sözləri ona necə dediyini, onun da əlindən mənim əlimdən tutduğun kimi tutduğunu görmək istəyirəm.

Tanışım şair-zad deyil, amma xatirələrini hərdən elə maraqlı danışır ki, xoşuma gəlir. Məsələn, qızla ayrılmağı təsvir eləyəndə deyir, bir gün gizlənqaç oynadıq. Mənə dedi, üzünü divara çevir, gözlərini yum, gizlənim. Sonra o, gözlərini yumdu, amma mən gizlənmədim, eləcə arxasında dayanıb saçlarına baxdım. Beləcə oynadıq, oynadıq, oynadıq… Sonra mən yumdum gözlərimi, üçə kimi sayıb açanda gördüm ki, qız yoxdur. Aradan nə qədər vaxt keçib, nə qədər axtardım, tapa bilmirəm ki, bilmirəm.

Sonra əlavə eləyir ki, qəfil yediyi yeməyin şəklini çəkib mənə göndərərdi, gözümün qabağında, özü də küçənin ortasında uşaq kimi tullanıb-düşməyini, durduq yerdə mənə mahnı göndərməyini və deməyini ki, tez ol, buna qulaq as, hər şey o qədər yadımdadır ki...

Bütün günü danışır, ağlayır, danışır, ağlayır... Oğlan xəstədir. Doğrudan, elə ayrılıqlar var ki, xroniki ürək çatışmazlığı kimidir, illərlə sürür, elə ayrılıqlar da var ki, qadın xəstəliyi kimidir, çətini dörd gün çəkir. Allah tanışıma kömək olsun.


Müəllif: