Bir dostum deyir, bədii ədəbiyyatın 80 faizi şişirtmədi. Mən onunla, daha doğrusu, onun rəqəmiylə razılaşmıram. Şişirtməni o özü eləyir, ifrata varır, hər halda 80 faiz ola bilməz. Həyat get-gedə bədii ədəbiyyatdakı süjetlərə daha çox bənzəyir və bu məni sarsıdır. Rəqəm aşağı sürüşür...
Türkiyə telekanallarının birində yeri gəldi-gəlmədi şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaqdan bəhs edən bir müzakirə açılmışdı. Söhbət cənazə törənində şəkil çəkdirməyə qədər uzandı. Yaddaşım qəflətən məni məzar daşında foto çəkdirən xanımlara tərəf qovdu. Bəli, sosial şəbəkələrdə belə pozalara da rast gəlirik. Hər cür fotolar olur...
Həmişə kədər bizi idarə eləmir, hərdən biz də kədərin başına oyun açırıq, həyata kələk gəlirik.
Bu məqamda Gi de Mopassanın bir hekayəsi yadıma düşdü. Yazıçının “Qəbirbazlar” adı qoyduğu hekayə subay parisli Jozev de Bardonun Monmartr qəbiristanlığındakı macərasını nəql eləyir.
Jozev günlərin birində darıxdığından, getməyə bir yer, ünvan tapmadığından, bəlkə də sevimli məşuqəsini itirdiyindən onun dəfn olunduğu məzarlığa yollanır. Ölülər məskənində gəzişir, qəmlənir, sevgilisinin məzar daşı yanında ayaq saxlayır və... ətrafa boylananda gözü qonşu qəbrin yanındakı qadına sataşır:
“Onun zərif şalının arasından gözəl ağ sifəti görünürdü. Qara örtüyün altında sarışın saçları zərif günəş şüaları kimi işıq saçırdı. Mən dayandım. Yəqin bu qadının dərdi dözülməz idi. Üzünü əllərilə örtüb heykəl kimi donub qalmışdı. Gözlərinə çökmüş qaranlıq onu dərd aləminə, xatirələr dünyasına aparmışdı, elə bil ölmüş əzizinin dərdindən özü də ölmüşdü. Sonra duydum ki, o ağlamağa başlayır, çiyinləri həzin-həzin silkələnirdi”.
Yeri gəlmişkən, yazıçı nədənsə həmin qadının adını axıracan çəkmir...
Onun gözyaşı tökdüyü qəbirdəsə düşmənlə döyüşlərdə həlak olmuş hərbçi, dəniz piyada qoşunu kapitanı Lui-Teodor Korrel yatır.
Jozevlə qadının tanışlığı mərhəmət, yardımlaşma, paylaşma duyğuları fonunda başlayır. 40 yaşlı parisli kişi cəmi bir il həyat sürdüyü ərinin dalınca ağlamaqdan halsızlamış 20 yaşlı qadına yanaşır, ovudur, ürək-dirək verir, qəbiristanlıqdan çıxarıb yaxınlıqdakı restorana aparır. Sonra faytonla qadının evinə yola düşürlər.
...Üç həftəlik münasibətlərə fasilə veriləndə - günlərin birində Jozev de Bardon yolunu yenidən qəbiristanlığa salır.
“Ölülərin bu böyük şəhərinin başqa bir məhəlləsinə gedib çıxdım, qəfildən gördüm ki, irəlidəki səki ilə ağır yasa batmış cüt adam gəlir: bir kişi, bir qadın. Aman Allah! Onlar yaxınlaşanda mən qadını tanıdım. Bu, həmən qadın idi!
O məni gördü, qızardı, yaxından keçəndə azacıq toxundum, o isə mənə asta bir işarə elədi, gözucu bir göz vurdu. Mənası təxminən belə idi: “Məni tanımayın”, eyni zamanda, ikincı bir məna da duyulurdu: “Yenə bizə gəlin, əzizim”.
Kişi görkəmli adama oxşayırdı. Şux qaməti vardı. Fəxri legionun zabiti idi, əlli yaşı olardı. Qadın ona söykənmişdi, eynilə qəbiristanlıqdan çıxarkən mənə söykəndiyi kimi".
..."Fikirləşirəm ki, görəsən həmin gün o kimin dul qadını sayılırmış?" Mopassan hekayəni bu suallı-sorğulu cümləylə bitirir. Hekayə sona çatır, təcrübəli-qocaman təhlilçilər demiş, bizim suallarımızsa bitmir...