... Burda başqa bir məsələ ortaya çıxır. Aydın məsələdir ki, sənətin özü yalandır, filmlər, kitablar, tamaşalar insanların başını qatmaq üçündür, kitab oxuyursan ki, başın qarışsın, problemlərini unudasan, mənəvi rahatlıq tapasan. Bir sözlə, kitabdan və içkidən təxminən, eyni məqsəd üçün istifadə olunur: ovunursan.
Bizim tələbələr düşünür ki, Nizamini oxuyandan sonra dərk etdiyin həqiqət nədir? Hər şeyi kamil bil, elm öyrən, hökmdarlar ədalətsizdir, ədalətli olmaq lazımdır, sevgi insanı daxilən təmizləyir və s. Çünki müəllim belə öyrədir. Və tələbə deyir, pis çıxmasın, bunu mənim nənəm də bilir.
Eyni zamanda Füzulinin həqiqətləri də həmin şeydir. Nizaminin dediyini dörd yüz il sonra Füzuli də dedi, Füzulinin dediyini beş yüz il sonra Axundov təkrar elədi, sonra Mirzə Cəlil, Sabir, Haqverdiyev... O mənada ki, bunların hamısında haqq-ədalət və dürüstlük təbliğ olunur. İlahi eşq, Allah, vətən, millət, xalq, cahillik və s.
Məsələ ondadır ki, həyat həmişə ədəbiyyata, ümumən, sənətə qarşı olub. Sənət nə deyirsə, həyat onun əksini eləyir. Bəlkə də, azərbaycanlı olduğum üçün o fikirdəyəm ki, filmlərdə imkanlı ailənin qızı olan, kasıb bir oğlanı sevən və sevgi üçün göz yaşı tökən aktrisa sonra öz roluna baxıb gülür, heç vaxt həyatda özünə o cür tale arzulamır. Məncə, dünyanın ən böyük ədalətsizliyi budur. Məsələn, nə qədər yalançı insanlar tanıyıram ki, Füzulinin qəzəllərini əzbər bilir, danışanda Mirzə Cəlildən sitat gətirirlər, Sabirin şəklini başlarının üstündən asıblar.
Elə buna görə filologiya fakültəsinin tələbəsi deyir, bəs ədəbiyyat, ümumən, sənət nə üçündür? Tolstoyun “Hərb və sülh”ündən sonra dünyada iki böyük müharibə baş veribsə, ədəbiyyat nəyə lazımdır?
Məsələn, universitetdə oxuduğum dörd il ərzində İzzəddin Həsənoğlunun yazdığı cəmi üç qəzəl mənim ömrümü-günümü çürütdü. Dərs, kurs işi, diplom mövzularına baxın: Həsənoğlunun qəzəllərində ədatlar, Həsənoğlunun qəzəllərində bağlayıcılar, Həsənoğlunun qəzəllərində qoşmalar, Həsənoğlunun qəzəllərində feli bağlama, Həsənoğlunun ki bağlayıcısı, Həsənoğlunun qəzəllərində aşiqlə məşuqun görüşdüyü yer, Həsənoğlunun qəzəllərində Allaha qovuşmaq məqamı...
Az qala, proqrama mövzu salalar ki, Həsənoğlunun qəzəllərində Qarabağ problemi, Həsənoğlunun qəzəllərində Türkiyə-Azərbaycan münasibətləri, Həsənoğlunun qəzəllərində namus-qeyrət məsələsi, Həsənoğlunun qəzəllərində ana-bacı söhbəti, Həsənoğlunun qəzəllərində o biri dünya ilə bu dünyanın oxşar və fərqli cəhətləri...
Təkcə Həsənoğlu deyil, Azərbaycan universitetlərində Mirzə Cəlil və Sabir elə tədris olunur ki, adam hər iki ədibə nifrət eləyir. Müəllim də bezir, tələbə də. Müəllim deyir, mən kefimdən Füzulidən danışmıram, burda maaş alıram, tələbə də deyir, mən kefimdən sənə qulaq asmıram, diploma görə burdayam. Deməli, hər iki tərəf zorlanır. Məncə, ən çox zorlanan Mirzə Cəlil və Sabirdir. Sabirin əlində əlac olsa, deyər, mənim adımı dərs proqramından çıxarın, yerimə Hüseynbala Mirələmovun adını yazın və...
Burda başqa bir məsələ ortaya çıxır. Aydın məsələdir ki, sənətin özü yalandır, filmlər, kitablar, tamaşalar insanların başını qatmaq üçündür, kitab oxuyursan ki, başın qarışsın, problemlərini unudasan, mənəvi rahatlıq tapasan. Bir sözlə, kitabdan və içkidən təxminən, eyni məqsəd üçün istifadə olunur: ovunursan.