23 May 2014 10:04
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionatın yekunlarına həsr olunmuş üçüncü və sonuncu yazını təqdim edirəm. Bu dəfə mövsümü son dörd sırada bitirən komandalardan bəhs edəcəm. O komandalardan biri mövcud qaydalara görə artıq birinci diviziona düşüb. Digərləri isə birtəhər çempionatı başa vuraraq gələn mövsümə hazırlaşmağa başlayıblar.

AZAL. "Təyyarəçilər" heç vaxt iddialı və yuxarı sıralarda daimi məskən salan komanda kimi tanınmayıblar. Sadəcə bir mövsümü istisna eləyə bilərik ki, onda da komanda böyük bir sürprizə imza ataraq Avrokuboklara qatılmaq şansı qazanmışdı.

Elə o vaxtdan əvvəl də, ondan sonra da əminliklə deyə bilərik ki, AZAL-ın Premyer Liqadakı əsas vəzifəsi yetərsayı qorumaqdır.

Ötən mövsüm əsas oyunçuları - Nildo və Benuahini "Xəzər Lənkəran"a satan kollektiv onsuz da elə güclü olmayan heyətini zəiflətmiş oldu. Mövsümün ilk yarısında stabil oyun göstərə bilməyən komanda sürpriz yenilgilərlə yanaşı, gözlənilməz qazanclarla da yadda qaldı. Xüsusilə çempionluq yarışında mübarizə aparan iki əsas komandaya - "Qarabağ"a və "Neftçi"yə badalaq vurmaqla yadda qalan şüvəlanlılar bütün bunlara rəğmən yüksək yerlərə çıxmağı bacarmadılar.

Mövsümə Vaqif Sadıqovla başlayan, sona yaxın isə Tərlan Əhmədovu baş məşqçiliyə gətirən komanda bütün çempionat boyu öz tutduğu mövqeyindən çəkilmədi.

"Simurq". Zaqatalalılar bir zamanlar iddialılar sırasında yer alsalar da, son vaxtlar daha çox aşağı sıraların daimi sakininə çevrilməkdədirlər. Premyer Liqanın digər bir klubu "İnter"lə qardaşlıq münasibətində olduğu iddia edilən klubun əsas vəzifəsi "bankirlərin" "peyki" rolunu oynamaq və "qardaşlarının" yolunun üstündəki maneələri təmizləmək idi. Sözün açığı, bölgə təmsilçiləri buna böyük ölçüdə nail ola bildilər.

Eynilə "İnter" kimi baş məşqçisi gürcü olan və praqmatik futbola üstünlük verən zaqatalalıları öz meydanlarında yenmək çox çətin məsələdir. Təsadüfi deyil ki, çempionatın sonlarına yaxın mübarizənin qızğın vaxtında "Qarabağ" da Zaqatala səfərindən əliboş qayıtmışdı. Bu nəticə bir az da "kiçik qardaşın" "böyük qardaş"a çempionluq yolunda bir ümid və təsəlli hədiyyəsi idi.

Ancaq tutduğu sıradan və yerləşdiyi mövqedən asılı olmayaraq daim iddialılara başağrısı olmağı bacaran əyalət klubu gələn mövsüm də çempionatda əsas "badalaq" vuranlardan olacaq.

"Sumqayıt". AFFA-nın layihəsi kimi tanınan "Gənclik şəhəri"nin eyni adlı komandası gənclər yığmasının bazası kimi yaradılmışdı. Ancaq sonradan bir neçə təcrübəli, hətta yaşı keçmiş oyunçunun komandaya cəlb olunması ilə əsas məqsəddən uzaqlaşmalı oldular. Bununla belə, klub son sıradan canını güclə qurtara bildi.

Son oyunlarda bütün gücü ilə oynamağa çalışan, bir az da kənar təsilərin köməkliyi ilə nəticələr qazanan komanda son turda elitadakı yerini qoruya bildi. Ümumiyyətlə, bu komandanı yalnız öz klublarında forma şansı tapa bilməyən gənc oyunçuların burada oynayaraq təcrübə qazanması baxımından yararlı saymaq olar.

"Rəvan". Bu komanda haqqında başqa bir yazıda daha geniş məlumat verəcəyimizdən burda qısa qeydlər edəcəm. Məşqçilərin "karuseli" ilə məşhur olan klub axır ki, özünə davamlı bir məşqçi tapmışdı. Ancaq türkiyəli Güvənc Kurtarın da komandaya bir xeyri dəymədi. Və sonda klub elitanı tərk eləməli oldu.


Müəllif: Zaur Xudiyev