Hər il günəşli-yaşıl may ayının axırlarında bir müqəddəs günün əhvalını yaşayırıq. Respublika gününü, ölkəmizin ilk müstəqillik tarixini, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının növbəti ildönümünü.
Başqalarını bilmirəm, mən belə bir möhtəşəm günün, tarixin mövcudluğunu 90-cı illərdə, sovetlərin dağılacağı dönəmdə bildim. Ozü də Mövsüm Əliyev adlı indi izi-tozu itmiş bir tarixçinin Sabir Rüstəmxanlı çıxaran
“Azərbaycan” qəzetinə yazdığı məqalədən təfərrüatlı xəbər tutdum.
Heç demə, bizim iki il ömür sürmüş müstəqil dövlətimiz, hökumətimiz, bayrağımız, bayramımız olub, heç demə, uşaq ağlıyla həmin günü heç bir kitaba-dəftərə salmayıb unutdurmağa çalışıblar.
Heç kəs bunu eləməzdi ki, sovetlər elədi. Mənasız, qondarma, müvəqqəti bir quruluş yaddaşımızdan özünə sərf eləməyəni silmək, təzə tarix, təzə insan yaratmaq, yetişdirmək eşqinə düşdü. Ay lotular, özünüz də bilirdiz ki, belə şey mümkün deyil, var olmuşu yox saymaq bihudə əməldi. Tarix kitabı tək sizin kitabxanalarda saxlanmır.
Sükür, 71 il sonra yalançı quruluş dağıldı, yerində Xalq Cümhuriyyətinin varisi, müstəqil ölkə bərqərar oldu. Bu, bizim hamımızın, istisnasız olaraq bütün cəmiyyətin sevinə biləcəyi bayramdı.
Bu günlərdə rəsmən bayram edilməsə də hər halda yad olunmağa layiq bir tarixi hadisə də var. Türkiyə generalı, Qafqaz Islam Ordusunun komandanı Nuri Paşa 1918-ci il mayın 25-də Azərbaycana - Gəncəyə gəldi. Iki illik müstəqil Azərbaycanın dövlət və cümhuriyyət olmasında Nuri Paşanın rəhbərliyi altında Qafqaz Islam Ordusunun Bakını daşnak-erməni qüvvələrindən təmizləməsi və AXC hökumətinə təhvil verməsi əlahiddə rol oynadı.
Beləcə, sentyabrda Bakı azad oldu, paytaxt oldu, Azərbaycan qələbə sevincini yaşadı.
***
İndi bəzən 1920-ci illərdən sonrakı tarixi bizim şanlı illərimiz kimi təqdim eləyən, Nərimanova haqq qazandırmağa çalışan “təzə faktlar” dövriyyəyə buraxılır. Əlbəttə, elm polemikanı sevir, tarixi bilənlər araşdırmalıdı, keçmişi tarixçilərə verək kef eləsinlər - və sair və ilaxır.
Amma elə məsələlər var, orda hər şey birmənalıdı! Bizi yenidən 1918-ci ildən əvvəlki və 20-ci ildən sonrakı tarixi taleyi qəbul etdirməyə çalışır, yenidən “Avrasiya hökmdarı”nın təbəəsi halına gətirmək çabası göstərirlərsə... Bu dəfə alınmayacaq. Mən bu inancdayam. Tarix təkrarı sevmir, belə təkrarı heç biz də sevmirik.
***
Azərbaycanda rəsmi bayram günlərinin sayı 19-du. Mən saymamışdım, ancaq internetdə axtarış verdim, məlum oldu ki, post-sovet məkanda bayramların sayına görə ikinciyik. Gürcüstanda 17, Rusiyada, Qazaxıstanda və Tacikistanda 15, Moldovada 13, Qırğızıstanda 12 bayram günü var.
Ən uzun bayramımız Novruzdu. Ramazanı 2 gün qeyd edirik. Ozəlliklərimiz az deyil. Bayramların sayı kimi.
...Qısası, Bayramımız mübarək!