10 İyun 2015 12:08
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nurka, bu nədir?” – deyib bir ovuc alçanı uzadırlar uşağa. Şeytan-şeytan baxıb dodaqlarını büzə-büzə bərkdən “çin-xua-xua” deyir balaca mələk. Deyir və dediyinə də inanır. Bu adı özü qoyub alçaya. Ay parçası bir qızdı Nuranə – gözəl-göyçək, totuq-motuq. Tər-təmiz danışır, mimikaları, jestləri də öz yerində. Bir bu meyvəyə özəl münasibəti var. Türkün ana dilindəki dördcə hərflik rahat “alça” sözünü niyəsə məhz belə - yaponlarabənzər tərzdə “çin-xua-xua” kimi söyləyir. Və bu mələk qızcığaz onu da görür ki, dediyi söz hamıya ləzzət eləyir, deyilişdən əmilər, xalalar xısın-xısın gülürlər, böyüklərin diqqətində qalsın deyə daha şirin, məxsusi əda və naz-qəmzəylə bir də söyləyir – “çin-xua-xua”. Dostumuzun balasıdı Nuranə. O qədər gözəl yaradıb ki, yaradan, “maşallah” demədən qızcığazın yanından ötmək olmur.

***

Bəli, çoxdan hazırlaşdığımız Avropa oyunlarının başlamasına lap az qalıb. Məşəlimiz paytaxta gəlib çatıb və artıq qonaqlar da yavaş-yavaş hadisə yerinə yığışırlar. Elə şəhər mərkəzini bircə dəfə dolaşsaz mütləq turistlərlə qarşılaşacaqsınız. Və mən də qarşılaşdım. Fəvvarələr meydanında. Gördüm çevrəsindəki insanlardan tam fərqlənən bir turist tək-tənha fırlanıb maddım-maddım ətrafa boylanır. Biz də turist olmuşuq deyə adamın durumunu dərhal anlayıram. Dostumuz dəstəsindən kənar düşüb. Boyu uca olsa da ha boylanır, özününküləri tapa bilmir. Yaxında dolaşan 5-6 gəncə yaxınlaşıb “Do you speak English?” soruşunca hamısı birnəfəsə “yes yes”deyib ağıllı görkəm alırlar. Qonaq hotelin yerini soruşur, necə gedəcəyini xəbər alır. Bu nadürüstlər də dil bilmədikləri cəhənnəm, başlayırlar adamla məzələnməyə. Cem Yılmazın bir reprizi var – görməmiş olmazsınız – İstanbula gələn bir nabələd axtardığı məkanı xəbər alınca adamların verdiyi cavab üzündən düşdüyü situasiyanı məsxərəyə qoyur sənətçi. Baxmamısınızsa youtube-a girib də mütləq baxın. Ki danışdığım o hadisəni “görmədim, bilmədim” deməyəsiniz. Bax türklər demiş - durum aynen öyle. Bu yazıq turisti – bilmədim idmançıdı, azarkeşdi, ya nəmənədi (hər kimdirsə sayıb gəlib, sağ olsun) – biri sağa göndərdi, biri sola, biri çaydan danışdı, biri aydan, həm də ingilis dilinin qolunu-qıçını sındıraraq, yarı rus yarı türk kəlmələri qataraq, arada bir də göz vurub hırıldayaraq, əl-qərəz, adamı o hala gətirdilər ki, başını tutub qaçmaq istədi ta gəldiyi yerə. İnsanla belə davranmazlar ki! Əvvəla qonaqdı, Allah qonağıdı. İkincisi, sənin ölkənə gəlib xoş təəssüratla qayıtsa – başımızın ucalığıdı, nəhayət, adam cibinin valyutasını bu məkanda xərcləyəcək ki, bundan da 5-10 manat qazanc gələcək Əliyə, Vəliyə, Pirvəliyə. Səviyyəsiz və düşük məzələnməylə kimə pislik edirsiniz ki? Özümüzəmi? Adam rəsmən başa düşdü ki, bu cüvəllağılar onu dolayır. Baxışlarımız qarşılaşınca day dözə bilməyib yaxınlaşdım ki, bəs adam, mən də o istiqamətə gedirəm, gəl gedək aparım səni. Əcnəbi vəziyyəti başa düşməsin deyə heyf, gənclərin dərsini verə bilmədim. Alababat ingilis dilimi yada salıb çətinliklə də olsa adama kömək edə bildim. 2-3 tin bərabər yeriyib şəhər haqqında da deyə bildiklərimi söylədim. Əvvəla, insandı. Mən də onun şəhərinə düşüb aza bilərəm. İkincisi də, qonaqdı. Qonağa hörmət bizdə adətdi.

***

Bu xoşagəlməz hadisəni qələmə almaqda isə məqsədliyəm, bəli. Tipik hadisə olmasa belə - gözümlə gördüyümdü. Bir dəfə olubsa, demək, təkrar baş verə bilər. Oğul-uşağını çölə-bacaya gəzməyə göndərən valideynlər! Evdən çıxanda ciyərparənizə bir nəsihət də verin. “Bakı bu günlər qonaq-qaralıdı – söyləyin,- ya özünü adam içində adam kimi apar, ya da evdən bayıra çıxma ki, millət xar olmasın”. Bu tədbir ki var – idman bayramı – bu, hamımızın tədbiridi, bura gələnlər bizi tanıyacaqlar, bizdən danışacaqlar. Ya rəsmi insanlar, səlahiyyət sahibləri hər turistin yanına bir nəzarətçimi qoşsunlar? Anlamırsız ki, hər turistin xərcləyəcəyi hər bir dollar Əlinin, Vəlinin, Pirvəlinin cibinə gedəsidi, başqasının yox.

***

O ay parçası Nuranəni niyə xatırladım? O balaca mələk alça kimi asan sözü bacardığı şəkildə, lap elə “çin-xua-xua” kimi anlada bilir, siz ünvan soruşan bir turisti adam kimi başa sala bilmirsiniz? Bu halda sadəcə “sorry, İ don`t understand” deyib keçin. Özünüzü, elə bütünlükdə xalqı da biabır etməyin. Danışmağı öyrənə bilməsəz də barı başa düşmədiyinizi anlatmağı öyrənin. “Çin-xua-xua”dan ki çətin deyil.

Afaq Vasifqızı


Müəllif: Afaq Vasifqızı