12 İyun 2015 10:59
1 745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fırtına-daşqın qorxusu altında xəstə bir qocanın imdadına tələsən üç nəfərin Kür çayıyla üzə-üzə elədiyi söhbəti xatırladım.

Feldşer Mahmud, Zülfüqar kişinin nəvəsi Moşu və qayıqçı tatar Temir məcrasından uzaqlara can atan Dəli Kürün narahat sularıyla gecə üzməli olurlar. Ancaq bu narahatlığın, səksəkənin, qorxunun gətirdiyi qeyri-müəyyənlik dərin köklərə bağlıdı. Yusif Səmədoğlunun “Qətl günü” romanı elə bu narahatlıqla başlayır.

“Ay Mahmıd! - Nə üçünsə səsini ucaltdı. - Bax, deyirsən, nə bilim dünyanın hər yerində məxluq bir-birini qırır. Mən də deyirəm, cəhənnəmə, gora. Yəni dediyim odu ki, bu dünyanın dərdi mənə qalasıdı? Hı?.. Dərdiş, mənim ağlım belə kəsir ki, Temiri qəbrə qoyasıdı, geci-tezi var, hamı bir-birini qırasıdı, qurtarasıdı. Deyim niyə? Çünki adam gərək adam ola”.

Başı bəlalar çəkmiş bir xalqın min bir dərd görmüş nümayəndəsi – tatar Temirin sözləridi.

Hadisələrin mabədində bu heyət sağ-salamat mənzilbaşına yetişir, amma Zülfüqar kişinin azarına çarə qıla, dərman eləyə bilmir, çünki Zülfüqar kişi yuxusunda uryadniki görüb!

Digəl, tatar Temirin bu laxlayan dünyaya qoyduğu diaqnozu gözardı eləmək mümkünsüzdü: “Deyim niyə? Çünki adam gərək adam ola...”

***

Dünya yenə qarışıb. Böyük planetdə təxminən həmin ssenaridi. Təbiətdən gələn təhlükə də var – qlobal istiləşmə, iqlim dəyişikliyi, zəlzələlər; insan əməli də – böyük dövlətlərin əndazəsini aşmış şıltaqlıqları, mənfəət döyüşləri, dolaşıq münasibətlər fonunda qurulmuş tələ fəndgirliyi. Kim kimdən, hansı ölkə hansı ölkədən nə istəyir, məlum deyil.

Yaxın Şərqdə inqilablar niyə baş verdi? Sonra bu inqilablar nədən geriyə oturduldu, sular niyə məcrasına qaytarıldı? Qoca Misirdə Mübarəki niyə aşırdılar, Mursi hansı missiya üçün gəldi, Sisi hardan peyda oldu?
Ukraynadakı Qərb hücumları nəyə hesablanmışdı? Krım boyda passivliyin şifrəsi nəydi?

Bir slavyan ölkəsinin qardaş evinə basqınını necə anlayaq?

Yəqin bu olayların hansısa bir məntiqi var, cərəyan eləyən hadisələrin politoloji izahı da olmamış deyil. İndi insanlardan, fərdlərdən daha artıq dövlətlər riyakar olub. Yaşamaq çətinləşib. Özünü qorumaq müşkülə çevrilib: dövlət kimi də, xalq kimi də, fərd kimi də.

Bəlkə ona görə ki, roman məntiqiylə desək, adamlar adam olmaqdan çıxıblar, qulyabanı olublar!

***

...İyunun 10-da Türkiyənin “TV8” kanalında yayımlanan “Survivor” yarışında proyektin rəhbəri və aparıcısı Acun Ilıcalı iştirakçılara qəribə bir sürpriz hazırlamışdı ki, əlbəttə, insan hissləri üzərində qurulan bu “oyun texnikası”nı birmənalı qiymətləndirmək çətindi. 110 gün evindən-ailəsindən uzaq düşmüş, adada yaşamış emosional Türkiyə insanı üçün ən yaxınlarından biriylə görüşüb növbəti “ölüm-dirim” yarışına başlamaq asan deyildi.

Amma kənar tamaşaçı üçün bu mənzərəni – 8 yarışçının uzun müddət görmədiyi, həsrətini çəkdiyi yaxın ailə üzvüylə görüşünü seyr eləmək hədsiz maraqlıydı.

Hər bir iştirakçı görüşə özünəməxsus tərzdə, bəlkə daha çox şüuraltının hökmüylə reaksiya verdi, mənə isə “Könüllülər” komandasının üzvü Hilmicəmin atasıyla qarşılaşdığı səhnə daha çox təsir elədi.

Qarşılaşmalar bir az da –lənət şeytana – Leonid Andreyevin “Yeddi məhbusun hekayəti” əsərində edama məhkumların valideynləriylə görüşünü xatırladırdı.

Hilmicəmin atası divarın arxasından çıxdı, eynəyini gözündə saxlamağa çalışa-çalışa, qaça-qaça oğluna sarı götürüldü; bu anlarda ona yəqin şüuru hakim deyildi, o, hansısa dəhşətli bir həsrətin qaçışını yapırdı... Möhtəşəm insan səhnəsiydi!

Dünya adamlığa qayıdanda hər şey düzələcək.


Müəllif: Qurban Yaquboğlu