17 İyun 2015 17:15
2 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elzanı çox tənqid edirlər. Məncə, düz eləmirlər. Elza xanım istedadlıdır. Ən azı, maraqlıdır. Onun bir məsələ ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə verdiyi cavab mənim yadımdadır. Çoxlarının xoşuna gəlmişdi. Səhv eləmirəmsə, Əhəd müəllim demişdi ki, mən Elza kimilərinə salam verəndə əllərimi sabunla yuyuram. Elza xanım da demişdi ki, Əhəd Abıyevi harda görsəm, üzündən öpəcəm, qoy gedib üzünü də yusun.

Mənə elə gəlir, ən adi bir şey xanım şairin istedadından xəbər verir. Bizim cavan yazarların çoxunda bu hazırcavablıq yoxdur. Kimsə kimsə haqqında demişdi ki, o, şeir yazmır, qoyun kimi qığlamaqla məşğuldur. Bir az burda, bir az orda. Cavan şairlərimizin demək olar, hamısı belədirlər. Ümumiyyətlə, Aqşin Yeniseydən sonra Azərbaycanda yeni şair yetişmədi. Hamısı Ramiz Rövşəni, Salam Sarvanı, Vaqif Bayatlını, elə Aqşini təkrarladılar. Yazdıqları şeirlər başdan ayağa sabun köpüyüdür. Sözü sözə sürtürlər. Ona görə də parnikdə yetişmiş bu uşaqlarda yeni heç nə yoxdur. Olsaydı, görərdik. Aqşini necə gördük, bax, elə.

İçdə, beyində, düşüncədə, təfəkkürdə yeni heç nə olmayanda əl-ayağa düşməyə başlayırlar. Süni mayalanma ilə uşaq dünyaya gətirmək mümkün olduğu kimi, müxtəlif yollarla şair kimi tanınmaq da mümkündür. Məsələn, Elza Seyidcahan uzun müddətdir ki, gündəmdən düşmür. Mətbuatımız və televiziya kanallarımız onun ağzını güdür. Elzanın yaratdığı gündəmi bizim ortalıqdakı şair və yazıçılarımızın heç biri bacarmır. Düzdür, dildə deyə bilərlər ki, gündəm bizim üçün maraqlı deyil, ancaq onların bütün ədəbi fəaliyyəti, yazdığı yazılar, şeirlər gündəmə, piara hesablanıb.

Məsələ bundadır ki, bildikləri elementar şeylərlə cəmiyyətdə az-çox özlərini tanıda biliblər. Ona görə ki, televiziyaların və mətbuatın qapıları özünü biabır eləmək istəyən hər kəsin üzünə açıqdır. Bir balaca cəmiyyətdə qıcıq yarada biləcək kimsə istədiyi vaxt sözünü ANS-in, ATV-nin tribunasından deyə bilir. Saytlar material qıtlığından əziyyət çəkirlər deyə, bir balaca hay-küy olan kimi, daha böyük şəkildə şişirdib təqdim eləyirlər. Azərbaycanda şair olmaq üçün heç vaxt bu cür münbit şərait olmayıb.

Başqa bir tərəfdən, biz artıq cəmiyyət deyəndə sosial şəbəkələri nəzərdə tuturuq. Bütün proseslər Facebook-da baş verir. Getdikcə sıxılırıq. Ciddi heç nə qalmayıb. Hər şey əldəqayırmadır. Facebook-da yazı-pozu adamlarının bir-birinə oxşayan şeirləri, bir-birinə oxşayan statusları, bir-birinə oxşayan ironiyaları, bir-birinə oxşayan yumorları hiss edirəm ki, çoxlarını bezdirib. Heç kəs susmaq da istəmir. Hər kəsənin profili və ətrafında olan üç-beş adam öz aləmində Azərbaycan xalqıdır. Yazırlar, xalq da dəstəkləyir.

Biri özünü Elza Seyidcahanla tanıdır, biri Röya ilə, biri Manaf Ağayevlə, biri Namiq Qaraçuxurlu ilə... Faktdır ki, ədəbiyyatımız özünü şou adamlarına sürtür ki, tanınsınlar, ortalığa çıxa bilsinlər. Başa düşürəm, tanınmaq istəyi pis şey deyil. Pul da pis şey deyil. Amma hər şeyi maddiyatla ölçmək olmur axı. Abır, həya, heç nə qalmayıb, soxhasoxdur, kimin qələmi kimin burnuna. Azərbaycan ədəbiyyatında elə bir vəziyyət yaranmaqdadır ki, Allah haqqı, qısa bir müddətdə sonra biz Musa Musayevaya da, Təranə Qumrala da şükür edəcəyik.


Müəllif: Kəramət Böyükçöl