və ya bəkarət - həm də pozulmaq üçündür
Vur-tut 60 kilometrlik yoldu Qubayla Xınalıq arasındakı məsafə. Amma o 60 kilometri keçib gedincə 60 dəfə gördüyün gözəlliyə valeh olub heyrətlənirsənsə, bəlkə 6 min dəfə də qorxundan bağrın yarılır.
Sıldırım qayalıq, sərt dağ keçidləri, qorxulu aşırımlar, təsəvvürünə belə gəlməyən bir mənzərə, eyni zamanda, həyəcan, ekstrim, adrenalin. Təyyarədə uçanda bu mənzərəni çox görmüşük - buludlar sanki uca dağların zirvəsinə toxunur. Burada - Xınalıqda konkret həmin mənzərədi göz oxşayan - bu dəfə aşağıdan yuxarı baxırıq. Başı qarlı dağların zirvəsini yalayıb keçən duman-filan deyil, topa-topa buludlardı. Dəniz səviyyəsindən 2360 metr yüksəklikdə daha nə görəsiyik ki? Coğrafiyadan yadımda qalanı - bizim Bakı okean səviyyəsindən 28 metr aşağıda yerləşir. O hesabla başımızı göyə qaldırıb bir 2400 metr yüksəyə baxmalıyıq ki, Xınalığın yerləşdiyi səviyyəni təsəvvür edək, yəni təxminən bizim köhnə bulvar qədər, amma üzüyuxarı, düşünmək belə əcaib. Di gəl, fakt budur - o insanlar bizdən köhnə bulvar məsafəsi qədər uzaqlıqda yaşayırlar, amma üfüqi yox, şaquli isiqamətdə aralı, yəni düz göyün yeddinci qatında.
***
Rəşad Nuri Güntəkinin məşhur sevgi romanını oxumamış olmazsınız. “Çalı quşu”nun qəhrəmanı baş götürüb Anadoluya qaçır - yadınızdadırmı? Xınalığın doğurduğu ilk assosiasiya eynən həmin köylər kimi - ucqar, qədim, ibtidai və toxunulmaz, qarıyıb qalan bakirə qızlar misalı. Tarixi 5000 il əvvələ gedib çıxır. Alimlərin fikrincə, bu məkan bəşər tarixindəki ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsi, özünəməxsus bir fenomendir. Bu kənddə yaşayanların öz dili olduğunu uşaqlıqdan bilirik. Kənddə bircə nəfər də ali savadlı qadın olmadığını isə orada öyrənirəm. Camaatın əksəriyyəti yazıb-oxumağı zorla bacarır - görünür bu yüksəklikdə o vərdiş kara gələn iş sayılmaz. 2000-dək insanın yaşadığı bu məkandakı sivilizasiya nişanəsi bir təzə çəkilən yoldur, bir də peyk antennaları. Deyir Xınalıqda başqa kəndin oğlanına qız verməzlər, bu kiçik etnik qrup qanına yad qan calamaq istəmir. Məmləkətin heç bir yerində rast gəlmədiyim donuq ifadəli simalar da bəlkə elə qohum nikahların nəticəsidir. O yol ki, təhlükəli aşırımlarına, heyrətamiz gözəlliyinə baxdıqca ağlın çaşır, bax o yol bitincə Nikolayı qundaqda görənlərin zamanına düşürsən elə bil, hətta onlardan da neçə əsr o yana.
Təbiətin elə yüksək zirvəsidi ki, heç ağac-filan da bitmir, göz işlədikcə daş qayalıq və otlaqlar. Buranın insanı heyvandarlıqla gününü keçirir, ekstrim həvəsilə gələn turistlərə maddım-maddım baxır, amma təqdimat edəcək bir şey tapmadığından elə qayalar kimi lal-dinməz susur, arabir öz dilində dodaqaltı nələrsə söyləyir. Uşaqlar böyüklərdən daha həvəslidi - bələdçilik etməyə dərhal razılaşırlar, ödəniş məbləğini danışmadan, “nə verərsən verərsən” prinsipi burada da keçərlidi. Təhlükəli qayalıq yolların nişan verdiyi 2-3 məntəqə var - bircə otaqdan ibarət çox kasıb tarix-diyarşünaslıq muzeyi, məscid, bir də 30-dan çox pir. Kənddə heç kanalizasiya sistemi də yoxdu. Dik qayalıqda üst-üstə tikilən evlərin üfunətli tullantısı elə üzüaşağı axıb çaylara qovuşur. Doğru söylədim, burası qarıyıb qartımış, ayaq üstə qurumuş, dərisi sümüyünə yapışmış, nə zamansa sevgi yaşayacağını nəinki güman, heç arzu da eləməyən, yaşı ötmüş bakirə qız kimidir. O üzdən həyat buralarda sönüb də gedib. Ya ömründə bir sevgisi olmayan qarımış qızın adam kimi xoşbəxt yaşadığını görəniniz olubmu? Yox, təbii ki..
***
Məndən olsa... Məndən olsa, cəmiyyətin rəyini elə dəyişərdim ki, qarıyıb qalmış bakirə qızların cinsəl əlaqələrinə normal münasibət bəslənilərdi. Belə qızlar ailə xanımı ola bilməyəndə barı analıq səadətindən məhrum olmazdılar - nikahlı, ya nikahsız, atalı, ya atasız - heç olmasa, bir övlad sahibi olardılar.
***
Məndən olsa... O daş-divarı yaşayış məntəqəsi kimi yox, açıq səma altındakı muzey kimi qoruyardım. Göyün yeddinci qatında yaşayan Xınalıq əhlini aşağı obalara köçürüb saunalı-cakuzili, məktəbli-kitabxanalı, musiqili-əyləncəli həyatın da var olduğunu göstərərdim o biçarələrə. Bilərdilər ki, lap uşaqlıqdan tanıdığımız “Çalı quşu”ndakı qorxulu “tsss... küçük hanım” nidasının xofuyla tamamlanmır yaşam. Həm də “həyatım”, “canım”, “sevgilim” nidalarının rahat söylənəcəyi qiymətsiz bir ünsiyyət var dünyada. Məndən olsa qız qarımağın əzabını çəkən xanımlara da, ömrünü-gününü qədim bir mədəniyyətin girovuna çevirən ucqar dağ kəndinin camaatına da çəkinmədən deyərdim: bəkarət - həm də pozulmaq üçündür.