20 İyun 2015 10:59
1 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dindarların onu öldürəcəyini bəhanə edərək mühacirətə gedənlərdən birincisi (mən ondan qabaq başqa kimsənin belə bir yalançı bəhanə ilə getdiyini xatırlamıram) fəlsəfə müəllimi Ağalar Məmmədov bir neçə gündür türk dili haqqında yazılar yazır.

Yazıları qarmaqarışıq, dolaşıq, sistemsiz və təktərəfli olsa da, türk dili üzrə mütəxəssis olmadığım üçün fikirlərini şərh etməkdən uzağam.

Eləcə də, ilahiyyatçı və din müdafiəçisi olmadığım üçün onun nəyi bəhanə edib getdiyinə, İslam peyğəmbərini təhqir etməsinə qarışa bilmərəm. Bu onun öz vicdanı və Allah qarşısında hesablaşacağı bir durumdur.

Amma bu dəfə Avropa kimi dünyanın mədəni beşiyində əyləşib bolşevik təfəkkürlü bir cümlə işlətməsi, Azərbaycan tarixində, ədəbiyyatında ciddi rolu olmuş Əli bəy Hüseynzadə, Hüseyn Cavid kimi şəxslərin dilini zibilə bənzətməsi, hətta Cavid üçün “yaxşı ki, vaxtında repressiya olunub” ifadəsi işlətməsi ilə mədəniyyətsizliyin, gericiliyin, irqçiliyin, İŞİD-çiliyin və bu kimi çağdaş dünyanın iyrəndiyi dəyərlərin daşıyıcıları ilə eyni sırada durmasına səbəb oldu.

XXI əsrdə bolşeviklərin, ÇEKA-nın ən amansız repressiyasına bəraət qazandırmaq, bir insan, şair, yazıçı haqqında “yaxşı ki, öldürdülər” ifadəsini işlətməsi ilə Ağalar Məmmədov tez-tez qəzəb püskürdüyü radikal islamçıların ən son örnəyi olan Kuaşi qardaşları ilə mənəviyyatca eyni mərtəbədə dayandığını isbat elədi.
Həm də onu isbat elədi ki, çox oxumaq, çox bilmək, dünyanın ən mədəni ölkəsində sığınacaq tapmaq da, insanın mahiyyətində yoxdursa, onu əsla çağdaş dəyər daşıyıcısına çevirməyəcək.

Elə Cavidin dilini bilmədiyinə görə, qılıncdan daha kəskin qüvvətin mədəniyyət olduğuna Ağalar Məmmədov heç zaman anlamayacaq.

Hətta Sovet imperiyası 1956-cı ildə keçmiş çirkin əməllərindən utanaraq Hüseyn Cavidə bəraət verdiyi halda, 2015-ci ildə Ağalar Məmmədovun 1937-ci ildəki qərara haqq qazandırması bir insanın intellektallıq baxımından da çökməsi deməkdir.

Minlərlə azərbaycanlını qətl edən ÇEKA sistemini dəstəkləməklə Ağalar Məmmədovun artıq sonuncu Aşmasını da tamamladı və hazırda bolşevik təfəkkürünün təntənəsini ürək dolusu yaşaya bilər.

Cavidin dilinə gəldikdə isə, bəraətdən sonra Cavidin kitabı “Azərnəşr”də çap olunarkən maddi sıxıntı çəkən Əliağa Vahidə təklif edilir ki, dili “islah” eləsin. O isə cavabında deyir: “Mən nə karəyəm ki, ustadın yazdığına əl gəzdirim”.

Həqiqətən, ağlamalı vəziyyətdədir. Bir tərəfdə Sovet zülmünə yenilməyən, Sibirin soyuğunda can verən Cavid, digər tərəfdə dindən istifadə edərək Avropaya sığınaraq isti yataqda yatan Ağalar Məmmədov. Və sonuncu isti yatağından Sibirin şiddətli soyuğunda ölən şəxsiyyətə deyir: “Yaxşı ki, səni öldürdülər”.


Müəllif: Dilqəm Əhməd