22 İyun 2015 22:49
1 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çoxlu kredit borclarım var. Əvvəlcə vaxtı-vaxtında ödəyirdim. Çünki banka bir-iki qohumun telefon nömrəsini vermişdim deyə ehtiyat edirdim. Qorxurdum ki, birdən onlara zəng edərlər, rüsvay olaram. Bunu əsl biabırçılıq hesab edirdim. Məhz qohumlara görə elə vaxt olub yerin deşiyindən pul tapıb banka ödəmişəm. Yəni belə günlərim olub. Yadıma düşəndə boğuluram. Adamı başa düşən də yoxdur.

Təbii, bankdan pulu kefimdən götürməmişəm, o qədər problemlər, o qədər qayğılar var ki... Əvvəl tamam başqa cür düşünürdüm, sonra gördüm ki, beş manat oradan, on manat burdan pul əldə eləməklə borc qaytarmaq mümkün deyil. Get-gedə hiss elədim ki, iradəm sarsılır. Xüsusən, banka borclu olduğumu hamı biləndən sonra heç utanıb-eləmədim. Bankdan kim zəng elədi, dedim, vermirəm, vəssalam.

Yadıma gəlir. Bir filmdə süpürgəçi kişini mafiya adamları qovurlar. Öldürmək istəyirlər. Yazığın günahı da yoxdur. Sadəcə, mafiya yaxşı nişan ala bilir, yoxsa bilmir, onu yoxlayırlar. Süpürgəçini küçənin ortasındaca güllələmək istəyən quldurlardan hamı çəkinir. Nə qədər çalışdı, yalvarıb-yaxardı, heç kəs qorxusundan kişiyə kömək eləmədi. Hansı marketin qapısından içəri girmək istədisə, onu içəri qoymadılar. Qəribədir ki, kişi güllədən yayına bilmişdi deyə lotular lap acığa düşmüşdü. Buna görə qəti şəkildə, nə olur-olsun, yazığı öldürmək istəyirlər.

Axırda elə bil süpürgəçiyə qəribə bir güc gəldi, qəfil ayağa qalxıb əli silahlı adamların üstünə getdi. Birinci güllə sinəsindən necə dəydisə elə bil küçənin ortasına lalələr səpələndi. Amma yıxılmadı. Var gücü ilə irəli yeridi. Yeridikcə güllənin sayı artırdı. Güllələr ara vermir. Süpürgəçi qolundan, ayağından, qarnından güllələnə-güllələnə qabağa gedirdi. Özü də gülürdü, elə bil ləzzətlə ölürdü. Elə bil güllə onu qıdıqlayırdı. Lap acığa düşmüşdü. Elə bil qapını bağlayan market sahibinin acığına ölmək nədir, yox olmaq istəyirdi. Bəlkə də əli silahlı adamlardan çox market sahibinin qapını bağlaması, özü də hansı intonasiya ilə bağlaması onu yandırıb-tökürdü.

Təxminən, banklarla mənim münasibətlərim də süpürgəçi kişi ilə mafiya adamlarının münasibəti kimidir. Ürəyim istəyən qədər gecikmələrim var. Adım qara siyahıdadır. Peşman deyiləm. Hərdən pulum da olur, qəsdən ödəmirəm. Nə qədər faizlər yığılıb. Vecimə deyil. Qoy məhkəməyə versinlər. Lap həbs eləsinlər. Onsuz da, telefonuma hər gün nə qədər zəng gəlir. Ara vermir. Heç birinə cavab vermirəm.

Dostlarım tez-tez soruşur ki, niyə telefonu açmırsan? Elə bilirəm bankdan zəng eləyirlər. Hər dəfə bankların qabağından keçəndə camıma üşütmə düşür. Elə bilirəm məni çağıracaqlar. Bir bank görən kimi ağacların arxasında gizləndiyim də olub, birtəhər canımı qurtarıram.

O günü ev telefonumuza zəng eləyiblər. Anam əsəbiləşib. Deyib sizə kim demişdi ki, mənim oğluma pul verin? Necə veribsiniz, elə də alın. Atam da eyni sözü deyib. Anam deyir, bankdan bizi evimizin əşyaları ilə hədələdilər. Yenə vecimə deyil. Bilirəm ki, məni qorxudurlar. Əslində, bizə gəlməyə ixtiyarları yoxdur. Axı əvvəlcə hər şey məhkəmədə həll olunur, yalnız məhkəmə qərarından sonra iş ev əşyasına qədər böyüyə bilər.

Elə bil süpürgəçi kişi kimi acığa düşmüşəm. Həm də məhkəmədən xoşum gəlir. Doğrudan, maraqlıdır. Məhkəmdə tribunada danışandan elə bilirsən hamı sənə qulaq asır. Gecəni səhərə kimi nə danışacağını düşünürsən, saatlarla götür-qoy eləyirsən. Səhər gedirsən ki, boş şeydir, heç sənə orda da qulaq asan yoxdur. Bir-iki sənədə imza atırsan, vəssalam.

Bütün bunları danışmağa ona görə utanmıram ki, belə vəziyyətdə olan insan təkcə mən deyiləm. Bank kreditlərinə görə intihar eləyən nə qədər adam tanıyıram, hələ intihar barədə düşünənləri demirəm. Amma mən çox rahatam. Gülə-gülə sinəmi düz qabağa verib bankların üstünə gedirəm. Heç nə vecimə deyil.


Müəllif: Kəramət Böyükçöl