26 İyun 2015 15:49
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adamın youtube-dakı videosunu ilk gördüyümdə ağlımdan keçən birinci fikir - kaş həyatda qarşıma çıxmasın - oldu. Çünki adam - elə videodan da göründüyü kimi, qeyri-adekvat biri, beləsinə ha anlat, ha anlatma, başa düşəcəyi xeyli müşkül. Həm də bu kateqoriyaya aid adamlarla çənə-boğaz etməyə halım-həvəsim yox, ələxüsus da bu istidə. Amma çıxmadımı düşünürsüz? Çıxdı, həm də tam öz ampluasında.

Qəribədi, niyə belə olur - səbəbini bilmirəm - amma adamın axtardığı və bəzən də yan keçməyə çalışdığı şeylər həmən gəlib qarşısına çıxır.

***

Olmuş hadisədi. Ötən əsrin 60-cı illərində Türkiyənin Elazığ şəhərindəki ruhi xəstəxanada nə baş verərsə, qapılar taybatay açılar və 423 xəstə qaçıb gedər. Tibbi personal təşviş içində. Hamı yığışar baş həkimin otağına. Düşünüb daşınarlar ki, xəstələri necə tapıb geri çağırsınlar. Elazığ böyük şəhər olmasa da hərə bir yana qaçıb getmiş, yenidən xəstəxanaya qayıtmazlar ki. Baş həkim tapar çarəsini. “Mənə bir zurna verin,- deyər, - özünüz də sıralanıb gəlin ardımca”. Doktor bəy zurnasını piləyə-piləyə düşər Elazığın canına, səhərdən axşamacan küçəbəküçə dolaşar şəhəri. Qaş qaralanda zurnasını çala-çala gələr xəstəxanaya, ardınca da bir qoşun insan - düz 612 nəfər. Xəstəxananın pasiyentlərindən əlavə şəhərin bütün səyləri, gicbəsərləri də sıraya düzülüb xəstəxanaya varid olarlar.

***

Haqqında danışacağım adamın xəstələrlə-filanla heç bir əlaqəsi olmasa da bir qədər dar düşüncəli olduğu göz qabağında. İçəri şəhərdə qarşımıza çıxır, üzünə baxan kimi tanımasam da, səsini eşidincə youtube-da videosu yayılan adam olduğunu dərhal kəsdirirəm. Adamın qəribə nitqi var, xarici dildə, amma tam bizim intonasiyamızda, həm də sürətlə danışır. İngilislə rusun qarışığında. Qurduğu cümlələrin mübtədasıyla xəbəri ingilis dilindədi, geri qalan əlavə nitq hissələrinin hamısını rus dilində söyləyir - tak çto, kak-to, ponimayeş, koneçno kimi sözləri yalnız cümlənin intonasiyası pozulmasın deyə harada gəldi işlədir. Amma ingilis dilindəki söz ehtiyatı da yetərincədi, fikrini qəşəngcə izah edir, bu üzdən heç utanıb eləmir də, sürətli və səlis cümlələrlə üyüdüb tökür. 40-50 yaşlarında bir xalça satıcısının yad dildə belə inamla, ürəklə danışmasının nəyi pisdi ki deyəcəksiniz? Pis deyil, yaxşıdı, əksinə. Avazı yaxşı gəlir, amma oxuduğu nə?

***

Bakıda bir topa şəhər adamları var. Əsasən bir müddət əvvəl - formasiyaların dəyişdiyi və müharibənin qızışdığı çətin zamanda yeni formata uyğunlaşa bilməyib sıradan geri qalanlardı. 20-25 il əvvəl evini-eşiyini, qazanıb yığdığını qoyub Bakıya gələn soydaşlarımız məhz məhrumiyyətlərə tab gətirmək, itirdiklərini təkrar əldə etmək üçün hər işə bir yox, beş əllə girişdilər. Cəngəlliyin öz qanunları var - burada güclülər qalib gəlir. Əslində mənəvi cəhətdən sınmış insanlar yeni mühitdə özlərinə yer eləmək üçün ilahidən güc aldılar elə bil. Çox keçmədi özlərinə əməlli düzən qurdular. Bakının o yerli camaatı ki vardı - o camaatın da təbii ki, ziyalılarını yox, orta sinfə aid olan qismini nəzərdə tuturam - bax o insanlardan yeni bir sosial qrup yarandı - tənbəllikdən tərpənmədiyinə görə yeni dövrlə ayaqlaşa bilməyən, öz təbii mühitində özünü yad hiss edən narazılar qrupu. Deməyin ki, belələrini görmürsünüz, onlar var və sayları da kifayət qədərdir - daim nostalji və “bəlkə də qaytardılar” gümanıyla yaşayanlar. Bax bu sosial qrupun dilindən bir xoş söz eşitməzsən. Hər şeydən narazı, hər yeniliyə qarşı çıxan, yalnız dünənin mahnılarıyla sevdalanan insanlar. İçəri şəhərdə gördüyüm xalçasatan məhz onlardandır. Görün turistə nə deyir? “Böyük siyasətlə bizim nə işimiz var? Müharibə yuxarıda oturanların işidir. Erməni bizim düşmənimiz deyil ki. Hamımız qafqazlıyıq. Onları da, bizi də eyni Allah yaradıb”.. və s. və i.a. bu qəbildən olan kosmopolit zəvzəyləmələr. Və bunu xarici turistlərə deyir. Nitqi koloritli olduğundan başına yığışanların sayı da az deyil. Və adamlar dinləyir, və adamlar inanırlar.

***

Sovet ideologiyasının tüğyan elədiyi illərdə Mərkəzi Televiziyanın efirində bir proqram vardı. Proqram özü yadıma gəlmir, amma jurfak-da bizə dərsini keçərdilər - “Milyonların Lenin universitetləri”. Maksizm klassiklərinin əsərləri, düşüncələri təbliğ olunardı o proqramla və bu qəbildən olan mühazirələr gerçəkdən milyonlar üçün universitet rolunu oynayardı. Nəticədə hər vətəndaşın altşüurunda həm də bir senzor oturardı, kəndi danışıqlarına nəzarət edən senzor.

***

Xüsusən Azərbaycan üçün tale əhəmiyyətli hadisələr zamanı, xüsusən minlərlə turistin sərbəst gəzib dolaşıb məlumat topladığı dönəmdə kaş ki, qabağa çıxıb nitq irad edənlər şüurunda daxili senzoru ola sağlam düşüncəli vətəndaşlar olaydı. Ya da kaş Elazığdakı tibb professoru yolunu buradan salıb zurnasını çala-çala sırasını genişləndirib gerizəkalıları yığıb aparaydı. Qonaqların yanında xar olmazdıq. Amma nə bir olardı.


Müəllif: Afaq Vasifqızı