Babam həyatında heç nəyi unutmur, nə atasını, nə babasını, nə də babasının babası danışan əhvalatları. Kişi elə bil canlı tarixdi. Danışır ki, kim yeddi babasını, yeddi arxa dönənini tanımasa, günah qazanır. Deyir, mən babalarımı tanıya-tanıya böyüdüm. Amma yaşıdlarımın çox uşaq kimi qalıblar. Heç nə bilmirlər. Öyünürəm ki, məndə kiməsə danışmalı nəsə var. Vay odur ki, kiminsə keçmişdən danışmağa nəyisə olmaya.
Babam əlindəki çomaqla torpağın üstünə xətlər çəkə-çəkə danışır ki, çoxdan, lap çoxdan - ona da atası danışıbmış - bizim dəvəmiz bir köşəy doğur. Köşək o qədər gözəl olur ki, hamının sevimlisinə çevrilir. Hava soyuq olanda atam ona yaşadığımız alaçığın aşağısında yer düzəldir. Bu minvalla köşəy həm qışda, həm də yaz vaxtlarında gecələr orda yatırmış. Bunu ən çox atam və anam istəyirmiş. Bir növ atamla anam köşəyin evin aşağı hissəsində yatmağına öyrəşirlər. Köşəy gündüzləri çöldə anasının yanında gəzir, axşamlar evə gəlib girir alaçığa, onun üçün hazırlanmış yerdə dizlərini qatlayıb yatır. Dəvə balası anama rahatlıq gətirir. Yuxuları şirin olur. Buna görə evin ruzusu bol olurmuş.
Get-gedə köşəy böyüyür, evdə yatmaq məsələsi çətinləşir. Artıq qapıdan içəri keçə bilmir. Hər axşam evin qapısında yatır, ancaq başını içəri salırmış. Köşəy başını içəri salmasa atamla anamın gözünə yuxu getmirmiş - babam bunu deyəndə bir az kövrəlir -köşəy də başını içəri salmamış rahat ola bilmirmiş. Dəvə bu qayda ilə böyüyür. Evə öyrəşir. Bəzən qapının dalında nərildəyir, bozdayır, başını içəri salmaq istəyir və həmişə də istəyinə nail olurmuş.
Babam danışır ki, müharibə illərində yük daşımaq məqsədilə hökümət dəvələri yığmağa başlayır. Hər ev hökümətə bir dəvə verməli idi. Hökümət adamları gəlib bizdən köşəyi aparırlar. Uzun müddət atam, anam özünə gələ bilmir. Gecə-gündüz ağlayırlar. Hər axşam alaçığın aşağısında köşəyin yerini boş görüb bir yumub beş tökürlər. Hər ailə öz dəvəsindən ötrü ağlayırdı. Ancaq onların dəvəsi qapıdan, bizim dəvəmiz evdən getmişdi, bu, daha ağırdı.
Babam danışır ki, biz getdik yaylağa, yaylaqdan Arana - əvvəl payızlıq yerinə, sonra qışlağa - yataq yerinə. Sevimli köşəyi elə burdan yola salmışdıq. O vaxtlar iki əmim davaya gedibmiş, atam xəstə olduğuna görə aparmayıblarmış, əmim üçün nə qədər ağlamışdıqsa, dəvə üçün də o qədər ağlamışdıq. Əmimgilin davaya getməyindən iki il ötürdü. Dəvənin getməyi il yarımdan çox idi.
Babam burda lap kövrəlir. Deyir, atam bu hadisəni danışanda lap hönkür-hönkür ağlayıb. Anam da ona qoşulub. Nədi bu hadisə? Lap uzaqdan yüklü bir dəvə karvanı gedirmiş. Dəvələrin başındakı kəndirlər ardıcıl olaraq bir-birinin arxasına bağlanıbmış. Lap başdakı dəvənin ovsarı da sarvanın əlində imiş. Dəvələrin içində birdən bir dəvə göyə fıyxırır, bozdayır. Bizim fermaya tərəf dartınır. Nə qədər eləyir kəndiri qıra bilmir. Karvanbaşı gəlib ağacla onun burnuna, ayağına nə qədər vurursa, xeyri olmur, dəvə kəndiri qırıb yüklü-zadlı bizim alaçığa tərəf bozdaya-bozdaya yüyürür.
Babam, nənəm öz dəvələrini tanıyırlar. Dəvə gəlir düz alaçığın qapısının ağzında dizlərini yerə qoyur, başını içəri salır. Gözlərindən yaş sel kimi axır. Atam, anam dəvənin boynunu qucaqlayıb ağlayırlar - babam da bu hadisəni ağlaya-ağlaya danışır - el-oba yığışır bizim qapıya. Hamı ağlayır.
Müharibə nəyinki insana - babam bunu xüsusilə qeyd edir - dəvəyə, heyvanlara da ağır zərbə vurur. Karvan da dayanıbmış, bizim dəvəni gözləyirmiş. Hökümət adamları gəlib dəvəni döyə-döyə qapıdan aparırlar. Dəvənin ayaqları gedirdi, amma başı qanrılıb biz tərəfə çevrilmişdi. Elə bil deyirdi, qoymayın, məni aparsınlar, orda mənim yerim soyuqdu. Fermada qoyunlar mələşdi, itlər ulaşdı, qadınlar saç-saça bağlandı, kişilər üzünü müxtəlif istiqamətlərə çevirdi. Babam deyir, babam pis söyüş söydü, amma bilmədik kimə söydü.