27 May 2014 10:20
1 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının final oyunu bir daha göstərdi ki, futbolda təcrübə anlayışı çox önəmlidir.

Komandaların gücü, real fiziki hazırlığı bir tərəfə, həlledici məqamlarda psixoloji cəhətdən daha üstün və daha təcrübəli komanda sonda mütləq öz istəyinə çata bilir.

Finalda iki ispan klubunun qarşılaşması bu ölkənin futbolunun inkişafına yaxşı göstərici idi. Üstəgəl, UEFA Avropa Liqasının qalibi də bir başqa ispan klubu olmuşdu. Ancaq ümumilikdə bütün Avropanın ən güclüsünün kim olduğuna məhz bəhs etdiyimiz qarşılaşmada aydınlıq gələcəkdi.

Oyun haqqında onu demək olar ki, nisbətən maraqsız, xüsusilə ilk yarıda hər iki komandanın timsalında aşırı dərəcədə ehtiyatlı, tipik final oyununu izlədik. Ara-sıra "Real" hücum qurmağa çaılşsa da, bu cəhdlər fayda vermirdi.

Yarımfinalda "Çelsi" ilə qarşılaşan və əsas da yarımfinalın ilk oyununda Mourinyonun "avtobus" - yəni ultra müdafiə taktikasından şikayətlənən "Atletiko" finalda məhz belə bir oyun oynadı. İlk hissənin ortalarında vurulan qol tamamilə "Land of Fire Azerbaijan"-çıların planına uyğun idi. Bu qolda Kasillasın da səhvini qeyd eləmək olar. Ancaq səbrli oynayan, ikinci hissənin gedişatında hücumlarının kəsərini daha da artıran "kral klubu" daha istəkli görünürdü.

"Real Madrid" bir daha sübut elədi ki, hakimin final fiti səslənməyincə oyunu bitmiş saymaq düzgün deyil. Hakimin oyuna əlavə elədiyi dəqiqələrdə vurulan qol "qalaktikos" adına yaxşı göstərici olsa da, "Atletiko" tərəfindən baxanda böyük bir məyusluq idi.

Ultra müdafiə taktikası ilə oynayan komanda 90 dəqiqə ərzində qoruduğu qələbə hesabını əlavə olunmuş son 3 dəqiqədə əlindən buraxırsa, deməli, komandanın təcrübə baxımından problemləri var.

Əgər o qol normal oyun vəziyyətindən vurulsaydı anlamaq olardı. Ancaq müdafiə futbolunu seçmiş komanda son dəqiqələrdə standart vəziyyətdən qol buraxırsa, bunun bir adı var- TƏCRÜBƏSİZLİK! Və yaxud da standart vəziyyət zamanı düzgün olmayan müdafiə taktikası. Uzatmaq dəqiqələrindəki biabırçı hesab isə psixoloji durumun yerində olmamasının bariz nümunəsi idi. Çünki bərabərlik qolundan sonra Simeonenin yetirmələri rəsmən çökdülər. Baş məşqçilərin meydandan kənar duruşları da bu oyunun nəticəsinə təsirsiz ötüşmədi.

Sakit, soyuqqanlı və özündən əmin bir şəkildə oyunu izləyən, gərəkli zamanda lazımi müdaxilələri edən Ançelottidən fərqli, oyunboyu gərgin və həyəcanlı olan, tez-tez hakimlərlə və rəqib oyunçularla polemikalara girən Simeone gedişatda yavaş-yavaş oyuna nəzarəti əldən itirirdi.

Onun bu gərginliyi meydandakı oyunçulara təsirsiz ötüşmədi ki, nəticə də göz önündədir.

Ancaq insaf naminə, "Atletiko"nun heyət problemlərini də qeyd etməsək olmaz. İspaniya çempionluğun üçün "Barselona" ilə qeyri-rəsmi final oyununda zədələnən iki oyunçudan biri Arda Turan ümumiyyətlə, 18 nəfərlik iştirak ərizəsinə salınmamışdı.

Tyaqo Koşta isə ilk dəqiqələrdən zədəsini təzələyərək oyunu yarıda saxlamalı oldu. Belə olan halda baş məşqçi Dieqo Simonenin manevr eləmək imkanları olduqca məhdudlaşdı. Əks cəbhədə isə Ançelottinin əlindəki bütün resurslarda istifadə eləmək imkanı vardı.

Bu, həm son dəqiqələrdə hesabın bərabərləşməsinə, həm də uzatma dəqiqələrində qələbənin əldə olunmasına ən çox təsir edən amillərdən oldu.

Kuboku ən çox istəyən, arzulayan və təslim olmayan komanda qazandı. "Kral klubu" bu qələbəyə daha layiq idi.


Müəllif: Zaur Xudiyev