Adamlar tanıyıram illərdi yazırlar, amma alınmır. Hətta yazı-pozusu bir yana qalsın, adicə üzünə baxırsan, sifət, sima səndə heç bir fikir yaratmır. Haqqında deməyə sözün yoxdu, başa düşürsünüz? Çox ağır dərddi. Neçə ildi ədəbi mühitdə külüng vurur, adama nə yaxşı deyə bilirsən, nə də pis. Nə dostu var, nə düşməni. Qalırsan belə.
Başqa cür də olur. Məsələn, adam var ədəbiyyata gəlir, bir roman, yaxud bir hekayə, ya şeir kitabı qoyur ortaya. İstedadı haqqında siqnal verir. Deyir, mən bunu yazmışam. Ta haqqında əbədi-ictimai fikir nə deyir, nə demir, bu, başqa məsələ. Məsələn, biri deyir, yaxşıdı, biri deyir, pisdi, o biri deyir, babatdı və s. Yəni hər halda fikir yaradır, pis və ya yaxşı.
Və ən nəhayət, adam da var, oğru kimi ədəbiyyata səssizcə gəlir, bir neçə hekayə yazır, çap olunur. Elə bil prosesi illərdi hardansa güdürmüş. Adicə cümləsindən tutursan. Görürsən ki, yaza bilir. Nə Yazıçılar Birliyi tanıyır, nə Azad Yazarlar Ocağı, nə mükafat, nə Mədəniyyət Nazirliyi, nə qızıl kələm-filan. Mübariz Örəni deyirəm. Adam hekayə yazır və elə bir kanaldadı ki, izah eləmək çətindi. Sadəcə, hiss eləyirsən ki, usta yazır, sənətkardı.
Mən Mübarizin ilk dəfə “Dəli Əjdər” hekayəsini oxuyanda barmağımı dişlədim. Düzdü, fikrimcə, “Dəli Əjdər” sonrakı hekayələr kimi uğurlu alınmamışdı, amma ən azı hamını “Balıq gülüşü”nü oxumağa məcbur etdi. Qəribədi, “Balıq gülüşü” də oxucunu “Qar tanrısı”na apardı, “Qar tanrısı” haralara aparacaq, Örənin özü bilər.
Mən tənqidçi deyiləm və Mübarizin hekayələrini təhlil etmək üçün analitik gücüm yoxdu. (Guya tənqidçilər çox yaxşı təhlil eləyir!) Amma fikir verin, Mübariz cəmi bir neçə hekayə yazandan sonra onun istedadı haqqında söz-söhbətlər gedib Əkrəm Əylisliyə çıxdı. Bir də gördüm keçmiş Xalq yazıçısı Mübarizi tərifləyir. Halbuki, adamlar tanıyıram 440 ildir Əkrəm Əylisinin böyür-başında fırlanır ki, bircə dəfə onun haqqında xoş söz desin. Əkrəm müəllim bircə kəlmə də demir. Çünki təsadüfi adamları tərifləyib özünü gözdən salmaq istəmir. “Daş yuxular”ı yazmağına baxmayın, o, belə şeyləri özünə ayıb bilir.
Bir az keçdi. Bir də gördüm Kamal Abdulla kimi nəhəng bir yazıçı Yaradıcılıq Fakültəsində dərs zamanı Mübarizin hekayələri barədə yüksək fikirlərini bildirir. Dünən Əkrəm Əylisli, bu gün Kamal Abdulla. Mənə elə gəlir, hər iki insan - Əkrəm Əylisli və Kamal Abdulla bədii-estetik dünyagörüşcə bir-birlərinə doğma olmayan yazıçılardı. Amma hər ikisi Mübarizi eyni cəhətlərinə görə təqdir elədi. Çünki elə həqiqətlər var ki, orda mübahisə olunmur.
Olur belə şeylər, məsələn, adam var, onu təkcə Anar çox istəyir, yaradıcılığını bəyənir, Əkrəm yox. Adam var, onu Afaq Məsud çox istəyir, Anar yox. Təəssüf ki, bizdə yazıçıların bir-birinə münasibətləri əsasən, məişət səviyyəsindədi. Yəni heç kəs burnunun ucundan o tərəfi görmək istəmir. Hərə özünə yaxın adamları tərifləyir. Fikrət Qoca, Əsəd Cahangir, Cavanşir Yusifli, Elçin Hüseynbəyli, Qulu Ağsəs, Rasim Qaraca, Seymur Baycan, Əli Əkbər, İlqar Fəhmi... Qəribə olan odur ki, birinin ədəbi mövqeyi ala dərədə, o birininki qara dərədə olan bu cür insanlar da bəzən hansısa nöqtədə bir-birlərini tanıyırlar, başa düşür və inanırlar. Məsələn, fikrimcə, onların hər biri Mübarizin hekayələrini oxusa, hamısı eyni fikirdə olacaqlar.
Deməyim odur ki, həqiqi istedad adamları bir-birinə yaxın edir və onları birləşdirir. Məncə, Mübariz Örən istedadlı yazıçı kimi çox adamın fikrini bir yerə gətirir və gətirəcək. Necə ki, bütün ədəbi-ictimai fikir onun haqqında bir sözü deyir: çox yaxşı yazır, istedadlıdı, hekayə ustasıdı, yazanda nala-mıxa vurmur, hıqqanmır və s.
Mənə elə gəlir, Mübarizin qısa vaxt ərzində ədəbi-ictimai rəy tərəfindən qəbul olunması həm də onun yazıçı xarakteri ilə bağlıdı. Bu xarakteri tanımaq üçün onunla ünsiyyətdə olmaq vacib deyil. Hekayələri dəqiq tanıdır. Belə.