14 İyul 2015 17:35
1 805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərin birində bir kişi - təxminən, 70 yaşlı bir professor məni qabağına qoyub əməlli-başlı danladı, öyüd-nəsihət verdi. Dedi, niyə özünü yaxşı aparmırsan, yekə oğlansan, bu nə yazılardı, bu nə çıxışlardı eləyirsən?

Sonra qayıtdı ki, səni düz-əməlli oğlan bilirdim, hara gedirdimsə, adını çəkirdim, deyirdim, çox istedadlı, tərbiyəli uşaqdır. Amma baxıram, özünü yaxşı aparmırsan. Görünür, yanılmışam. Tərbiyəli olmaq lazımdı.

Mən o kişinin haqlı olub-olmadığı məsələsindən danışmaq istəmirəm, sadəcə, deyim ki, elə-belə kişi deyil, ona görə nə deyirdisə, quzu balası kimi qulaq asırdım, daha içimdə nə düşünürdüm ayrı məsələ ki, o, danışdıqca mənim ürəyim bulanırdı, özümü güclə saxlayıb gözlərinin içinə baxdım, çox müti olduğunu o saat hiss elədim.

Belə adamlardan canını qurtarmağın ən asan yolu onlara sakitcə qulaq asmaqdı. Başqa yol yoxdu. Nə danışırsa, deyirsən ki, düzdür, vəssalam. Ələ salmaq lazımdır.

Təsəvvür edin, professorun üzünə baxdım, Çexovun “Məmurun ölümü” hekayəsi yadıma düşdü. Elə bildim, hekayənin sonunda ürəyi partlayıb ölən o müti adam qarşımda dayan kişidir, dirilib gəlib. Bunun dərs dediyi tələbə nə olacaq?

Mən böyüyüb bu cür mənasız və məzmunsuz bir professor olmaqdansa, zürafə kimi nadir bir heyvan olmağı üstün tuturam. Belə bir kişi olmamaq üçün əlimdən nə gəlir eləyərəm. Hətta ölümdən bir qram da qorxub-eləmirəm, heç canımın-zadın qeydinə qalmıram. Yaxşı da eləyirəm, can mənimdi, özüm bilərəm.

Belə ata olar, belə baba olar, belə əmi olar, belə dayı olar? Elə bil üzündə yaltaqlıq süfrəsi açılıb, yeyib-içiblər, süfrəni də yığışdırmayıblar.

Bir az hissiyyatlı olsan, o kişinin hansı yuvanın quşu olduğunu təxmin eləyə bilərsən. Hətta iş otağının divarlarını da təsəvvür eləmək çətin deyil. Buna demək lazımdır, axı sən mənə nə məsləhət verə bilərsən? Sənin verdiyin öyüd-nəsihət, tərbiyənin mahiyyəti ondan ibarətdir ki, sən də mənim kimi yaltaq, əclaf, şərəfsiz ol, amma yaxşı ye-iç, yaxşı dolan. Hə, başqa nə demək istəyirsən? Özü də Azərbaycan mühitində tanınmış adamdı, bizim aləmdə belə insanlara nə desələr yaxşıdır? Dünya görmüş kişi. Azərbaycanda dünya görmüş kişi olmaq o deməkdir ki, başını aşağı salıb kim nə deyir, onu da eləyirsən.

Bu cür adamlar adətən, sakit zallarda odlu-alovlu çıxışlar eləyirlər, hamı da qulaq asır, səhv danışsa da, düz danışsa da, bilir ki, sonu əl çalmaqdı. Belələri o qədərdir. Hərdən fikirləşirəm ki, qəfil zalın ortasından avara bir uşaq durub həmin adama öz çıxışından sual versə ki, filan şeyi niyə belə dediniz? Vallah, elə həyəcanlanar ki, tribunadan dombalaq aşar. Çünki, belə adamların qüdrəti ancaq sakit zallardır.

Və yaxud, həmin adamla oturub üz-üzə söhbət eləsəm, görəsən, nə olar? O qədər belə hallar olub ki, dəqiq bilirəm. Müsahibə alıram, görürəm səmimi danışır. Ancaq söhbəti yazıya köçürəndən sonra deyir, göndər baxım. Göndərirəm. Hansı yerdə səmimi danışıbsa o yerləri yazıdan çıxardır, müsahibənin canını alır. Görəsən, bu cür insanlar niyə səmimiyyəti özlərinə yaraşdırmır?


Müəllif: Kəramət Böyükçöl