Burada karvanlar həmişə sağdan sola gedib, soldan da sağa. Hələ lap qədimdə - eradan əvvəl Çindən Orta və Ön Asiyaya gedən karvan yolu bu məkandan da keçib. Və karvan keçən yolların abadlığı, dövrünə uyğun infrastrukturu olduğu kimi, oğrusu, qulduru, başkəsəni də olub - heç şübhəsiz. Varlı tacirlərə məxsus zər-xara dolu ipək karvanı ola, ətrafında avara adamlar toplaşmaya - ağla sığan iş deyil. Amma aparanda da biliblər kimin nəyini aparırlar, yetimin, kimsəsizin, kasıbın nə malı var ki, ona bir göz də dikilə. Məntiq belə söyləyir, amma və lakin həyatda bunun tam əksi də olur.
***
Hər evdə, hər ailədə bəzən elə qəribə hadisələr baş verir ki, zaman keçincə dildən-dilə ötürülür və illər sonra şifahi xalq ədəbiyyatı nümunəsinə çevrilir. Söz yox, bütün məşhur ibrətamiz pritçalar elə bu cür yaranıb - real hadisələr əsasında. 70-cı illərdə Şüvəlanda bir bağ qonşumuz varmış - professor Yaqubov. Məşhur həkim imiş, tibb institutunda dərs deyirmiş, baməzə adam imiş həm də. O zaman da Abşeron bağları indiki kimi qala divarlarıyla hasarlanmazmış ki, adam divarın o üzündəkini tanımasın. Bağ qonşularının ən yaxın qohum kimi bir statusu olduğu mənim də yadıma gəlir. İlin 3-4 ayını bu adamlar qonşuluq edər, qutabı, kababı çəpərdən-çəpərə ötürər, şanını, ənciri sini-sini paylayar, axşamlar bir yerə yığışıb loto, nərd oynayar, günortalar da hər həyətdən muğamat səsi gələrdi - hamı eyni musiqiyə, eyni ovqata köklənərdi. Qəribə bir məkan idi Bakı bağları, söz vaxtına çəkdi deyə - xatırladım. O məkanın dadını, dəyərini, ləzzətini yalnız həmin günləri yaşayanlar bilər. Əl-qərəz, günün birində - hələ bağ mövsümü başlamamış məlum olur ki, doktorun bağına oğru girib, həyətdəki iri - 20 nəfərlik masanı aparıb gedib. Yaxın qonşular yığışırlar professora ürək-dirək verməyə ki, bəs a kişi, canın sağ olsun, yaxşı ki evin qapısını sındırıb soyuducunu-filanı aparmayıblar. Professor da heç halını pozmadan “Yəqin, kimdirsə, qonaqlıq eləyəsidi, iri masası yoxdu, ona görə gəlib aparıb,- deyir, - kefinizi heç pozmayın, qonaqlığı verən kimi gətirib təhvil verəcək. Siz loto üçün xırda pullar hazırlayın, masa gec-tez qayıdıb gələcək”. Şüvəlan tərəfdə bağ oğurluğundan söz düşəndə uzun illər hamı bu əhvalatı xatırlayar, hazırcavab professora rəhmət oxuyarmış.
***
Bir polis zabiti ilə xaricdə təhsil alan qərbpərəst gəncin söhbətinin şahidi oldum bu günlərdə. Polis qürrələnərək: “Statistikaya bax, - dedi,- cinayətkarlığın açılma faizinə görə biz ən inkişaflı dövlətləri də qabaqlayırıq”. Gəncsə: “Elə olmalıdı da, - dedi, - bu ölkənin cinayətləri də bəsitdi, ailə-məişət zəminində bir-birini qırıb tökür camaat, belə cinayəti açmağa nə var. Gəlin Avropadakı mütəşəkkil cinayət hadisələrini açın görüm necə açırsınız. Qərbin oğrusu da bizimkindən ağıllıdır”. Gözəlim məmləkətimə yuxarıdan aşağı baxan adamlardan acığım gəlsə də oğlanın dedikləri ağlıma batdı. Bizim cinayətlərimiz gerçəkdən cılızdı, əksərini törədən də qohum-əqrəba olur - qarəti, basqını da, zoru, şiddəti də.
***
Bakının iri mağazalarında belə qutuları çox görmüsünüz - iri şəffaf qutulardı, adətən, kassanın və ya qapının ağzında olur, içində də xırda pul. Alış-veriş edən adamlar pul qalıqlarını elə bu qutuya atıb gedirlər. Bir qayda olaraq əcnəbilərin daha çox təşrif buyurduqları mərkəzlərdə qoyulur bu ianə qutuları. Neyçün ki, bizdə hələ bu mədəniyyət yoxdu, biz hələ qəpiyimizi üst-üstə qoyub manat edənlərdən, manatları da döşək altına yığıb qara gün üçün saxlayanlardanıq. Hərçənd məşuqələrinə iri-iri maşınlar, noxud boyda brilyantlar alanlar da bizlərdəndir, amma bir yetimə əl tutmaq məsələsi gündəmə gəlincə çoxu dönüb olur kar, kor, kürkü yırtıq. Amma tələsməyin, bu, başqa bir yazının mövzusudur.
***
İndilik xəbər bu ki, “Azərbaycan Uşaq Birliyi” adlı təşkilat Badamdar qəsəbəsindəki bərkgedən marketlərin birinə belə bir qutu qoyub - ianə qutusu. Ki kimin ürəyindən nə keçirsə - atsın o qutuya, yığılan vəsait də yetim və kimsəsiz uşaqların ehtiyacına xərclənsin. İnsafən elə qutularda xırda dollarlara daha çox rast gəlinir, nəinki milli valyutamıza. Görünür, burada pul qazanan Sem dayının uşaqları bizim imkanlılardan daha rəhmdildi, amma bu haqda da danışmaq istəmirəm, bu da başqa mövzudu. Dərd bu ki, Ramazan bayramı günü gözümüzün önündə böyüyən qızlardan biri - həm də mağazada qeydə alınan video-görüntülərə görə heç də kasıb, yardıma möhtac təsiri bağışlmayan bir xanım qız həmin dükanda özünü “Qızıl Aypara” təşkilatının nümayəndəsi kimi təqdim edərək qutunu aparmağa gəldiyini söyləyib. Sonra da kamal-ədəblə qutunu qoltuğuna vurub gedib. Satıcıların dediyinə görə, qutuda ən uzağı 40-50 manat olarmış. Amma iş məbləğdə deyil. Siz niyyətə baxın. İnsanların ianə məqsədilə verdiyi, təmənnasız topladığı qəpik-quruşa göz dikənə, yetimin payını oğurlayana nə deyəsən? Bu, nə pula olan ehtiyacdı, nə kleptomaniya bəlası. Oğru olanda da fərlisindən olsun barı. Dünyanın ən rəzil, ən arsız əməlini törədən bu adicə cavanca qız uşağı sabah kiminsə evinin gəlini, kiminsə balasının anası olasıdı. Və məni bir məqam da maraqlandırır - bu qız bəndədən qorxmur qorxmasın, yəni Allahdan da qorxmur, görəsən? Heç yetimin də payını yeyərlər? Özü də Ramazanda? Bəli, bax bu da bizik - tarixi İpək yolunun quldurlarından törəyən qarğa-quzğun “insanlar”. Bu da bizlərdən biridi - Allah uzaq eləsin.