Həmişə bir filmə baxanda, kitab oxuyanda, hətta bir mahnıya qulaq asanda o filmi, kitabı, mahnını yaşayıram. Özümü filmin baş rolunda və ya kitabın qəhrəmanı olaraq hiss edirəm. Onların yerinə qoyuram özümü. Sanki mən yaşayırmışam kimi...
Çəkdiyi acıları hiss edirəm. Yaşadığı sevinci, sevdiyi adamı… Və bir neçə ay təsirindən çıxa bilmirəm. Həmişə, hər yerdə ağlımdadır.
Bir neçə ay əvvəl baş rollarını Farah Zeynep Abdullah və Engin Akyürekin paylaşdığı `Bir Küçük Eylül Meselesi` filminə baxdım. Bir qəza nəticəsində yaddaşını itirmiş bir qızın həyat hekayəsi. Son 1 ay… O, yaşadığı macəralı son 1 ayda nələrin baş verdiyini xatırlamağa çalışır. Həyatının o 1 ayının vacib olduğunu bilir. Yavaş-yavaş xatırlamağa başlayır. Sevdiyi adamı, yaşadıqlarını, adamın ona hiss etdirdiklərini.
Xatırladıqları çox gözəl bir eşq hekayəsidir. Hekayənin ən gözəl yerində isə sadəcə xəyal qırıqlığı var.
Geriyə qalan bir neçə qırıq, kəsik… Sevdiyi adamı, uğrunda hər şeyindən keçə biləcəyi bir adamı məhz kasıb olduğu üçün tərk etmişdi. Həyatına girib, hər şeyi olub, sonra da heç nə olmamış kimi onu ortada buraxıb getmişdi. Unutduğu bir şey var idi: `Birinin həyatına girib, onun üçün dəyərli olub, sonra heç nə olmamış kimi gedə bilməzdi.` Birinin həyatını məhv etməyə haqqı yox idi. Geriyə qıza qalan tək bir cümlə var idi: `Mən bu hekayədəki qızı heç sevmədim`.
Aylardır bu cümlənin təsirindən çıxa bilmirəm. Düşünün, öz hekayəsində özünü sevmir. Heç kimi yox, məhz özünü. Sizcə, həqiqətən də, hamının öz hekayəsini yazmağın zamanı gəlməyibmi? Bəlkə də, çoxdan gəlib.
Öz hekayəmi yazmağa qərar verdim. Bir gecə oturdum və öz hekayəmi yazdım. Doğrularım, yanlışlarım, sevdiklərim, üzdüklərim.. Nə çox şey var idi yazılmalı və oxunmalı. Həqiqətən, necə qəribə hiss imiş insanın özünü tənqid etməyi… Özünü sevməyi, nifrət etməyi, səhvləri ilə üzləşməyi. Səhvlərimlə üzləşdim. Onları qəbul etdim. “Qəbul etmək böyüklükdür” deyirlər.
Bəs siz? Heç öz hekayənizi düşündünüzmü? Əmin olun ki, əgər hər kəs öz hekayəsini yazsa, yanlışlarıyla üzləşsə, duyğuları təmizlənərdi. Bəlkə də yalan, ikiüzlülük, pis alışqanlıqlar, kin və bunlar kimi bir çox şey dünyada olmazdı.
Indi isə hər kəs bu gündən, bu yazını oxuduqdan sonra hər gün öz hekayəsini yazsın. Yazın, düşünün və rəy bildirin. Öz hekayənizdəki özünüzü sevdinizmi?