28 May 2014 18:59
1 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə məşqçilər haqqında bəhs eləmək istəyirəm. Kim mövsümə harda başladı, kim tez istefaya getdi, hansı məşqçi marafonun sonuna qədər öz yerini qoruya bildi? Bu kimi sualları görək bu yazıda aydınlaşdıra biləcəyikmi...

Beləliklə, başlayaq çempion “Qarabağ”dan və onun çempion baş məşqçisi Qurban Qurbanovdan.
Altıncı ildir Ağdam klubunda çalışan Qurbanov bu müddətdə çox uğurlara imza atıb. Sözün əsl mənasında öz komandasını yaradıb və öz oyun üslubunu müəyyənləşdirən millinin keçmiş “bombardiri” hər il mükafatlara iddialı olan, hətta Avropada belə, uğurlu çıxış eləyən (təbii ki, Azərbaycanın digər klubları ilə nisbətdə) kollektiv formalaşdıra bilib.

Bu il “gümüş”ü qazanan “İnter” də idarəetmədəki peşəkarlığa və stabilliyə görə “Qarabağ”dan geri qalmır. 2009-cu ildən “bankirlər”ə başçılıq eləyən Kaxabar Tsxadadze bu müddətdə öz dəsti-xətti və stabil komandası ilə diqqət çəkməyi bacarıb.

Bürünc mükafatçı “Qəbələ” son bir neçə ildə yaranmış klub olsa da, artıq bir neçə baş məşqçi dəyişib. Bu mövsümə isə rusiyalı Yuri Syominlə başlayan kollektiv tarixinin ən yaxşı nəticəsini qazanaraq çempionatı üçüncü sırada başa vurdu və ölkə kubokunda final oynadı.

Bütün mövsümboyu komandaya başçılıq edən Syomin futbol ilinin sonunda qarşılıqlı razılaşma əsasında klubdan ayrıldı.

Mövsümün ən qeyri-stabil komandalarından biri isə “Neftçi” oldu. Ağ-qaralar yaydakı Avrokubok faciəsindən sonra Böyükağa Hacıyevlə yollarını ayırdılar, yeni mövsümə Tərlan Əhmədovla başlandı, daha sonra onu Nazim Süleymanov əvəz eləsə də, çox keçmədi Böyükağa Hacıyevlə yayda ayrılmış yollar yenidən birləşdirildi.

İli “zəif”lə başa vuran flaqmanın qazancı isə ölkə kuboku oldu.

“Bakı”nın bu dəfəki nəticələri ürəkaçan olmasa da, hər halda “zolaqlılar” finişə startda başladıqları məşqçi ilə birlikdə çatdılar. Milinko Pantiçə çox güvənən klub rəhbərliyi bütün uğursuzluqlara rəğmən baş məşqçini dəyişmək fikrinə düşmədi və deyəsən, hələ də elə bir fikri yoxdur.

“Xəzər Lənkəran” isə bu mövsüm iki dünya şöhrətli baş məşqçini biabır eləyib yollamaqla yadda qaldı. Yola Con Bencamin Toşakla çıxsa da çempionatın gedişatında Mustafa Dənizli komandaya gətirildi. Ancaq yekuna bir tur qalmış türkiyəli də komandadan göndərildi. Klub isə hələ ki, başsızdır.

“Simurq” da çempionata başladığı baş məşqçi ilə yekun vurdu. Gürcü Çixradzenin rəhbərliyi ilə o qədər uğurlu oyun oynamasalar da, baş məşqçini dəyişməyə lüzum görülmədi.

AZAL çempionatın gedişatında bir dəfə bu şansdan istifadə elədi. Mövsümün böyük hissəsini Vaqif Sadıqovla yola verən “təyyarəçilər” ikinci dövrədən sonra “pilot kürsüsünə” Tərlan Əhmədovu oturtdular. Əhmədov komandanı lap yüksəklərdən uçurda bilməsə də, hər halda “yerə yumşaq eniş eləyə bildi”.

“Sumqayıt” birtəhər elitada qalmağı bacardısa, bunun üçün AFFA rəhbərliyi ilə bərabər həm də gənc baş məşqçi Aqil Məmmədova minnətdar olmalıdır. Komandası ilə çıxdığı yola sonuna qədər davam eləyən gənc mütəxəssis yekunda birtəhər kollektivi elitada saxlamağı bacardı.

“Rəvan”ın bu mövsümdəki bütün baş məşqçiləri haqqında yazası olsaq, mənə ayrılan yerin çatmayacağına əminəm. Təkcə mövsümün ilk yarısında 3 məşqçi dəyişdirən “sarı-qırmızılar” finişə səhv eləmirəmsə, 5-ci məşqçi ilə çatdılar.

Ancaq bütün bunların komandanı elitada saxlamağa heç bir xeyri dəymədi.


Müəllif: Zaur Xudiyev