28 May 2014 19:35
1 653
12 Punto 14 Punto 16 Punto 18 Punto

I YAZI

Mədəniyyətdə əyrilər “həndəsəsi”

Mədəniyyətləri düz və əyri cızıqlar parametrləri əsasında modelləşdirmək olar. Həndəsədən bildiyimiz kimi, düz cizgi iki nöqtə arasındakı qısa yoldur. Əyri isə bu yoldan ən kiçik sapınmaqdan, yayınmaqdan başlayır. Bu həndəsə anlayışlarını metaforaya çevirib fəlsəfi anlayışlar yaratmaq olar. Onda deyə bilərik ki, mədəniyyətin təbiətdən seçilib özümləşməsində böyük rol oynamış yemək, təmizlik yasaqları, seksual “olmaz”lar, birbaşa etməmək, birbaşa almamaq kimi dolayı aktların formalaşmasına gətirib çıxarmışdı. Təbii hal necədir? Yemək istəyən əlini atıb qamarlayır, ağzına aparır, seksual istəyi olan həməncə əldə etmək istəyir. Mədəniyyyətin “acgöz olma”, “özünü ağır apar” kimi yasaqları insanı zorunlayır ki, acanda qamarlayıb ağzına basmasın, buyur-buyurla yesin, qadından xoşu gələndə onu əldə etmək üçün dolayı yollar arasın. Bütün bu faktlara görə də hesab etmək olar ki, mədəniyyətin yaranmasında yasaqların birbaşa davranışlara əngəl qoyub əyintilər yaratmasının böyük rolu olub. Əxlaq normalarının çoxu birbaşalığı çətinləşdirən dolayılıqların törədiciləridir. Ona görə də Froyd aydırmışdı: əxlaq insan duyğuları, istəkləri üzərində zorakılıqdan doğub.

Mədəniyyət optimal dərəcədə ikiüzlülük, riya olmasa, ola bilməzdi: nəzakət, yaxşı davranışlar hamısı insandan tələb edir ki, hətta başı ağrıyanda belə, nəzakətlə gülümsəsin, görmək istəmədiyi adama minimum sayğı ilə salam versin. Deməli, mədəniyyət əyri cizgilər prinsipində işgörmə, mənimsəmə bacarığı formalaşdıqca yaranıb, yetişmişdir.

Əyrilər mədəniyyətə haradan yoluxub?

Sözsüz, əyri cizgi prinsiplərində eyləm (fəaliyyət) bacarığı təmiz mədəniyyət yetənəyi (nailiyyəti) deyil. Universumun məkanı, evklidsiz (qeyri-evklid) həndəsədən, yeni fizikadan bilindiyi kimi, əyriləklər içindədir. Ancaq elə varlıq fəlsəfəsi (ontoloji) planında da söyləmək olar ki, nəsnələr, olaylar çoxluğu əgər bir yerdə birbaşa etgiyə (təsirə) yol açırsa, bütün başqa yerlərdə birbaşa ilişgilər üçün çoxlu əngəllər qoyur. Pasterin düşüncəsinə görə, canlı materiya cansız materiyadan assimmetrik strukturlarda olması ilə fərqlənir. Küri isə söyləmişdi ki, hər hansı olayı assimmetriklik törədir. Bu iki böyük alimin dediklərini gül vermə, gül qoyma törəsi, yəni ritualı da doğrulayır. Diriyə assimmetrikliyin say variantı olan tək sayda güllər verilir, ölüyə isə simetrikliyin say ekvivalenti olan cüt sayda güllər qoyulur. Tək say bitməmişlik, çatışmazlıq olduğu üçün dəyişimə açıqlıqla bağlıdır. Cüt sayda isə bitginlik, yeni artıma gərəksizlik, ona görə də durğunluq var. Güman ki, bu səbəbdən də gül törəsində təklə cüt, diri ilə ölü arasında belə paylaşır.

Güləşi varlıqdakı əyri strukturlu ilişgilər üçün model saymaq olar. Tərəflərin gücü nə qədər bir-birinə yaxın olursa, o qədər də gərəkir ki, rəqibdə zəif nöqtəni tapmaq üçün, rəqibi dolaşdırmaq üçün dolayı yollar axtarılsın. Və əllər, ayaqlar, gövdə bunun üçün əyilib-qıvrılıb-burulub nəyinsə arasından, nəyinsə qırağından ya tutmaq üçün, ya çıxmaq üçün, ya da itələmək üçün yolar axtarır. Özü də güləşdə kim nə qədər güclü olursa, belə əyriliklərə gərəyi o qədər az olur. Əgər düz cizgili bir itələyişlə rəqibi yerə sərmək olursa, əyrilərə nə gərək?! Ancaq o biri yandan, güləşənlərin biri daha güclü olanda və ona görə də əyri strukturların sayı güləşdə minimuma enəndə güləş də öz dramatikliyini, baxanaqlığını itirir.
Nəsnələr dünyasında da durum eynidir. Nəsnələr çox vaxt gücləri bir-birindən o qədər fərqlənmədiyi üçün “güləşmək” zorunundadırlar. Bir şey başqa bir şeyə yol tapmaq üçün, ilişmək üçün dolayı yollar axtarmalı olur, “qol atır”, “qol burur”. Güləşin qanunauyğunluğu burada da özünü göstərir (lap düzü, həmin qanunauyğunluq buradan güləşə keçir): nə güclüdürsə, dolayı cizgilərdə, əyri strukturlarda etgilərini yapmağa o qədər də az gərək duymur, düz cizgi prinsipində işini görür.

Bioloji orqanizmlərin çoxunun sümük, oynaq, əzələ strukturları məkan, ilişgi əyriliklərinə yumşaq uyuşmaq üçün formalaşmışdır. Bioloji orqanizmin dünya qarşısında zəifliyi əyriliklərə yatımlı olan yumşaq maddəni, çevik quruluşu törətmişdir. Ancaq bioloji orqanizmin öz gərəklərini ödəməkdə düz cizgi, prinsipində davranması da var. Əgər alacağını alması üçün gücü yetərincə olursa, düz “cizgi prinsipi ilə ”istəyir - alır". Mədəniyyət isə “istəyir - alır” yox, “istəyir - almaq üçün yol tapır” prinsipi sayasində zənginləşib gəlişir. Yada salaq Froydun o ideyasını ki, orqanizmə həzz prinsipi güc gəlsə də, ortaya çıxan çoxlu əngəllər orqanizmin gerçəklik prinsipi xətrinə həzz prinsipindən tez-tez vaz keçməsinə səbəb olur. Dünya ilə ilişgilərin, beləcə, sapınıb əyri strukturlara düşməsi tormozlaşmış istəklərə gətirib çıxarır. Bu zaman istək öz hədəfindən yayınıb, ona gedən yolda duruxub başqa hədəfə yönəlir və özünü, beləcə, doyurur. Froyda görə gözəlliyə vurğunluğun, canatımının kökündə tormozlanmış (inhibitləşmiş) seksual istəklər durur.

Beləliklə, artıq, bioloji qatda biz əyri cizgili ilişgilərin, eyləmlərinin çoxluğunu görürük və o nöqtədə ki, bioloji orqanizm özünə yüksək güc qazanır, orada əyrilərə uymayan birbaşa, düz cizgili prinsiplə davranır. Toplumsal gerçəklik, mədəniyyət alanı (meydanı) ruhun əyri cizgilərdə “havalanıb” oynamağa başlamasını, “küləklənib” dolaşmasını, naxış qrafikasında hərəkətini bioloji davranışın üstünə qoyur. Nəticədə daha mürəkkəb naxışlar alınır. Və o yerdə ki, bioloji orqanizm öz gücünə arxalanıb düz cizki prinsipində hərəkət edə bilərdi, indi qutun (ruhun) istəminə (iradəsinə) tabe olub yasaqlar qarşısında əyilərək dolana-dolana hərəkət edir. Yaşamaq dolanışığa çevrilir. Təkcə məkanın əyri strukturlarına, nəsnələr arasındakı əyri keçidlərə uyuşan gövdə hərəkətinin dolaşmasına deyil, həm də qutun öz həndəvərində qurduğu dünya görkünün, dünya şəklinin simvolları arasında dolaşmasına çevrilir. Sonucda bir də görürsən ki, bədənin üçün bir qarış olan məsafəni mentalitet dünyasında ruh uzaq bir dolama yolla həmlə edib keçir.

Mədəniyyət yaranışından düz cizgi prinsipi ilə əyri cizgilər prinsipini uyuşdurmaq, barışdırmaq axtarışlarına düşmüşdür. Dunyada nəsnələrin, ilişkilərin çoxalması və bu çoxluğun bəlli sınırlar içində yerləşmək zorununda olması əyri strukturların əsasında onların yığılmasına səbəb olduğu kimi toplumda, mentalitetdə də eyni hal yaranmış, kültür simvollarının, anlayışlarının, görklərinin (obrazlarının) artması və sıxlığı əyri strukturlar əsasında bükülüb, dolanıb yığılmanı artırmışdır - lap, beyinin qırışları kimi.


Müəllif: Niyazi Mehdi