Bir adam yalan danışanda mənə ləzzət eləyir. Çünki yalan danışmağa məcbur olduğunu bilirəm. O saat üzümdə xoş bir ifadə yaranır. Jurnalist fəaliyyəti ilə məşğul olandan bəri xeyli təcrübə qazanmışam. Azərbaycanda xeyli ictimai-siyasi xadim tanıyıram. Bu, yazıçı olmaq istəyən adam üçün çox vacib məsələdir. Məsələn, hiss eləyirəm ki, adamlar uşaqlıq illəri haqqında yalansız danışırlar deyə bu barədə suallarım onların xoşuna gəlir. Axı uşaq vaxtı hamı göylər kimi təmiz olur. Yaşa dolduqca o qədər çirkə batırsan ki, özün də utanırsan.
Şükür Allaha ki, çox yaşım yoxdur. Mən qədər ömür yaşamış adamın nə səhvi ola bilər ki? Uzaq başı içib kiminsə xətrinə dəymişəm. Lap söyüş eləmişəm. Sonra da peşman olub üzr istəmişəm, məsələ qurtarıb. Amma həyatda elə şeylər var ki, üzr istəməyə də üzün gəlmir. Dünya qoca dünyadır, o qədər adamın dalına dəyib ki... Hamısı da yaxşı yaşamaq üçündür. Adamlar yaxşı yaşamaq üçün pislik edirlər, yaxşı yaşamaq üçün yalan danışırlar, əclaflıq edirlər, pis bir iş görmürlər ki... Mən də istəyirəm.
Dünən tanınmış bir ictimai-siyasi xadimi ailəsi ilə birlikdə bulvarda gördüm. Bahalı restoranların birində oturub yeyib-içirdilər. Qızlarının ikisi də yanında idi. Arvadı qızlardan seçilmirdi. Bircə kişinin özü yaşlı görünürdü. Üzündə nələr vardı, Allah, nələr vardı. Oxuyub qurtarmaq olmurdu. Adam neçə ildir yalan danışır. Hərdən hiss edirsən ki, hansı yuvanın quşu olduğunu özü də bilir. Bəlkə də hər adam bunu duya bilmir, amma mən o saat anlayıram. Hə, nə olsun yalan danışır? Əsas odur ki, pulu var, imkanı var, yaxşı dolanır.
Hərdən də fikirləşirəm ki, görəsən, mənim də əlimdə balaca bir vəzifə, sosial status olsa, o kişinin gününə düşərəm? Vallah, bilmirəm. Bəlkə mən də çox ağını çıxarıram. Bəlkə də bir insanın yaxşı dolanması üçün öz simasını itirməsini normal bir şey kimi qarşılamaq lazımdır. Bəlkə kəndimizdə qohum-əqrəba düz deyir, elə əsl kişi onlardır. Yenə də bilmirəm. Düzü, ciddi tərəddüdlərim var.
Dörd-beş il bundan qabaq balaca bir iş yeri üçün bir nəfər mənim adımı çəkmişdi. Etiraz elədilər ki, o oğlan dinc adam deyil. Gəlib burda səs-küy salacaq. Yəni o mənada ki, az-çox nəyəsə etiraz eləyə bilirəm. Hətta anam da məni danladı ki, niyə özünü pis tanıdıbsan? Özüm də pis oldum. Anam nə deyirsə, elə bilirəm, düz deyir. Getdikcə yaş artır, arvad uşaq basır, qayğılar nəfəs almağa imkan vermir. Mən həqiqəti deməklə, yazmaqla cəmiyyət düzələn deyil ki... Gül kimi iş yerini nəyə görə itirdim. Allah ağlımı alsın.
İndi fikirləşirəm ki, eybi yox, bura kimi nə olubsa daha keçib, amma bundan sonra çox yekəbaşlıq edən deyiləm, sakitcə, asta-asta gəzib dolaşacağam, danışdığım sözü ağzımdan bişirib çıxaracağam, yazılarımı ciddi redaktə eləyəcəyəm, bir sözlə, yaxşı dolanmaq istəyirəm, yaxşı yaşamaq mənim də haqqımdır. Bir məsələ də var. Mənəviyyatı nəzərə almasan, yaxşı yaşamağa nə var ki...