22 Avqust 2015 18:28
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayaq Bakı Dövlət Universitetinə getdim, xeyli o baş-bu başa gəzib dolaşdım. Universitetlə bağlı xatirələrim mənə həmişə əziz və doğma gəlib. Nə qədər danışıram, ancaq yorulmuram ki, yorulmuram. Filologiya fakültəsi əvvəlcə sevmədiyim yer idi. Tarixə düşmək istəyirdim. Balım da çatırdı. Ancaq ixtisas seçimi zamanı yerləri dəyişik yazmışdım deyə filologiyaya qəbul oldum. Düzdü, çox pis olmuşdum, amma imtina etmək fikrim yox idi. Fikirləşdim ki, birinci kursdan sonra tarixə keçərəm.

Maraqlı günlər idi. Yeni tədris ilinin birinci günündə dərsə gecikmişdim. Qorxumdan ölürdüm. Elə bilirdim məni universitetdən qovacaqlar. Yadıma düşündə gülməyim gəlir. Onda şeirlər də yazırdım, amma istəmirdim fakültədə məni şair kimi tanısınlar. Təsəvvür edin, sevdiyin qız gedib atasına deyir ki, məni istəyən oğlan şairdi. Bibarıçılıqdı, vallah. Adam utanardı. Bilsəydilər, şairəm, xəcalətimdən ölüb yerə girərdim. Yaxşı ki, sonralar nəsrə keçdim.

Yadıma gəlir, bir dəfə Bakı Dövlət Universitetində bir qız mənə yaxınlaşıb dedi ki, Kəramət bəy, mən şeir yazıram, amma nə qədər edirəm qafiyələri düz gəlmir. Olar, siz mənim şeirlərimin qafiyələrini düzəldəsiniz? Xahiş edirəm, qafiyələrini elə düzəldin ki, oxuyanda adamların ürəyinin sarı siminə toxunsun. Qızın üzünə diqqətlə baxdım. Vallah, dünyanın heç bir şeiri nə o qızın işıqlı üzü, nə vulkan gözləri, nə aşmış qayığa oxşayan qaşları, nə də qorxaq baxışları qədər gözəl ola bilməzdi. Amma işinə-gücünə baxın, gəlib məndən xahiş edir ki, ona qafiyə tapım.

Deyəsən, o qız birinci kursda oxuyurdu, danışığından hiss elədim ki, hələ hiyləgərləşməmişdi. Üzü o qədər təmiz idi, elə bil üzündə ay doğmuşdu. Vallah, aradan iki-üç il keçəndən sonra gördüm qız pilləkənin altında bir ayağını qaldırıb divara qoyub siqaret çəkir. Yanında iki-üç oğlan da vardı, qızı barmağlaya-barmaqlaya söhbət edirdilər. Nəysə.

Fakultənin dekanı ilə aramız yaxşı idi. Universitetə gəldiyim ilk gündən ondan bir xahiş eləmişdim, əl çəkmirdim yaxasından, harda görürdüm yaxınlaşıb deyirdim ki, bəs o məsələ nə oldu?

Bir gün dekan məni çağırıb dedi:

- Dünən sənə demişdim ki, şəxsiyyət vəsiqəni sabah mütləq gətir. Gətirmisən?

- Müəllim, vallah, yadımdan çıxıb, evimiz yaxındadı, taksiylə yarım saatlıq yoldu, icazə verin, gedim tez gətirim.

- Tez ol, vaxtımız azdı, get evdən götür, gəl. Sənin məsələni həll eləyim, canım qurtarsın.

Şəxsiyyət vəsiqəm çox vacib bir iş üçün lazım idi. Uzun müddət idi ki, bu işin həll olunmasını gözləyirdim. Ona görə də həm sevinə-sevinə, həm də tələsə-tələsə gəldim evə. Dekana verdiyim sözdən beş dəqqiqə tez çatdığım üçün fikirləşdim ki, bir stəkan çay içib sonra gedim. Çay içdim və mindim taksiyə. Universitetə çatanda nə olsa yaxşıdı? Əl atdım cibimə ki, şəxsiyyət vəsiqəsini evdən götürməmiş çıxmışam. Yandım töküldüm.

Təzədən taksiyə mindim evə qayıtmaq istəyirdim ki, dekan zəng elədi:

- Gec gəldin, iş qaldı, gələn il baxarıq məsələyə.

- Müəllim, müəllim... İki dəqiqəyə çatıram.

- Yox!.. Qaldı. Sağ ol!

Bu məsələ mənim filologiya fakültəsindən tarixə "perevod" olunmağımla bağlı idi. Məşhur bir əhvalat var. Bir tacir varmış. Tacir öz bülbülünü qızıl qəfəsdə saxlayırmış. Bülbül azadlıqda uçmaq, güldən-gülə qonmaq arzusu ilə alışıb-yanırmış. Bir gün tacir işə gedəndə qəfəsin qapısını bağlamağı unudur. Bülbül axşama kimi uçub gedib-getməməyə qərar verə bilmir. Axşam isə tacir gəlir və bir daha qəfəsin qapısını bağlamağı unutmur.

Təxminən, mən də həmin bülbül kimi taksiylə evə gedəndə çox götür-qoy elədim, filologiyadan tarix fakültəsinə keçim, yoxsa keçməyim. Çox tərəddüd eləyirdim. Çünki uşaqlara üzüm öyrəşmişdi. Əməlli-başlı fakültənin divarları da doğma olmuşdu. Ayrılmaq olmurdu.

İndi qrup yoldaşlarımızın heç biri universitetdə yoxdu. Təkcə mən qalmışam. Hərdən gedib mühazirə otaqlarına baxıram. Partalar həminkidi. Müəllimlərimizin bəziləri dünyasını dəyişib. Dekanımız da dəyişib. Bufetdəki stollar, stullar, çayçı arvadlar... Zaman dəhşətdi.


Müəllif: Kəramət Böyükçöl