Tez-tez Nadir Qafarzadəni, İlhamə Quliyevanı, Musa Musayevi, Təranə Qumralı tənqid edirlər. Hətta söyürlər. Hərdən mən də bu barədə yazılar yazıb fikrimi bildirmişəm. Normal bir şeydir. Demişəm ki, niyə bu cəmiyyətdə Nadir, Təranə, İlhamə, Musa xoşbəxtdir, amma Şaiq Vəli kimi şair və yazıçılarımız ağ günə çıxa bilmədilər? Düzü, nə qədər çalışdım, sualıma cavab tapa bilmədim. Gördüm, cavab tapa bilmirəm, axırda fikrimi dəyişdim. Tanınmış tənqidçi və görkəmli ədəbiyyatşünas alim Əsəd Cahangirin sözü olmasın, fikrini dəyişməyən ölülərdir.
Doğrudan, get-gedə hiss edirəm ki, Nadir Qafarzadə, İlhamə Quliyeva, Musa Musayev, Təranə Qumral kimi müğənnilərlə bağlı əslində, yanlış fikirdəyik. Azərbaycanda nə qədər jurnalist var, Nadir Qafarzadənin çörəyini yeyir. Məsələn, Nadir müəllim kefinin kök vaxtında ağzından bir söz qaçırdır. Tutalım, deyir, mən dünyamı heç yerimə almıram. Jurnalistlərimiz o sözün quyruğundan yapışıb evlərinə çörək aparırlar. Deyin, Nadir pis iş görür?
Yaxud Musa Musayev efirdə kiminsə üstünə qışqırır, o saat qələm adamları sevinir. Əməlli-başlı qollarını çırmayıb girişirlər işə. Ondan soruşurlar ki, Musa niyə qışqırdı, bundan soruşurlar ki, Musa niyə möhkəm qışqırdı, yaxud niyə yavaş qışqırdı. Onlar da cavab verir, jurnalist də böyür-başını düzəldib çap edir. Nəticədə yazı iyirmi min, bəzən otuz, qırx min oxunur. Bu da müasir mətbuat aləmindən böyük iş hesab olunur. Redaktor o jurnalistin başına and içir. Deyin, bəs biz niyə Nadir Qafarzadəyə, Röyaya, İlhaməyə, Təranəyə uzun ömür, can sağlığı arzulamayaq? Yediyin qaba tüpürmək ayıb bir işdir. Jurnalistlərin əlinizi çörəyə çatdıran belə müğənnilərə Allahdan gözəl günlər arzu etmək lazımdır. Vallah, düz deyirəm.
Başqa bir məsələ də var. Məşhur Lamiyə həbsdən çıxana kimi demək olar ki, bütün sayt və qəzetlər o qızın hesabına dolandılar, yeyib-içdilər. Nə qədər adam balasına çörək apardı. Biri açıqlama aldı, biri məsələ ilə bağlı deputatı danışdırdı, biri ora qaçdı, biri bura qaçdı. Bəs bunun adı nədir? İş deyil? Əlbəttə, işdir. Daha doğrusu, əsl jurnalist işidir.
Tez-tez gəlin ərini və uşaqlarını evdən qoyub başını götürüb qaçır. Bezir. O qədər jurnalistlər var ki, bu hadisəyə sevinirlər. O saat gəlinin ərini tapırlar, bir açıqlama alırlar, qardaşını, bacısını, ata, ana, əmi, dayı, bibi, xala qalmır, hamısı məşhur olur. Gəlin illərdi ərini axtarıb tapa bilmir, amma jurnalist iki dəqiqənin içində kişini tapır. Görünməmiş işdir. Allah o gəlinin canın sağ eləsin. Kaş başqa gəlinlər də evdən qaçsın. Ümumiyyətlə, hamı qaçsın. Atamız qaçsın, anamız, bacımız, arvadımız qaçsın. Çünki jurnalistlər yazmağa bir şey tapmır.
Başa düşürəm, məcburdurlar, elə vəziyyət yaranıb ki, cəmiyyətdə baş verən hər bir əyri iş, pis əməl jurnalistləri sevindirir. O saat diktofonunu, şəkil çəkənini əlinə alıb yola düşür. Jurnalist bir günün içindən bütün məsələni müstəntiqlərdən də qabaq araşdırıb ictimaiyyətə çatdırır. Ayın başı gələndə redaktor soruşur ki, nə iş görübsən? Jurnalist deyir, arvadına xəyanət eləyən bir dənə kişi tapıb açıqlama almışam. Ərinə xəyanət eləyən bir qadını var, onun məşuqu ilə söhbət eləyib sayta qoymuşam. Nadir Qafarzadə İlhaməni söyüdü, bu barədə Floradan açıqlama almışam. Redaktor da deyir, maşallah, əla işlər görürsən. Jurnalist də min manatını alıb qoyur cibinə, bir dənə də siqaret yandırıb təzədən xəyanət axtarışına çıxır.
Bilmirəm, nə işdir. Başım çıxmır. Hər halda pul qazanmaq, evə çörək aparmaq, jurnalist işləmək, yazı yazmaq ayıb bir şey deyil, amma hərdən utanmaq lazımdır.