30 May 2014 10:03
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan nilli komandası nəhayət, Amerika Birləşmiş Ştatları yığması ilə yoldaşlıq görüşü keçirdi. Çoxdandı gözlənilən qarşılaşma bir çox maraqlı məqamlarla yadda qaldı.

- Yoldaşlıq görüşləri üçün rəqib seçimində adətən , tənqid olunan AFFA rəhbərlərinin bu dəfəki seçimi tənqidə yer qoymamışdı. Hər nə qədər ABŞ-da futbol əsas idman növü hesab olunmasa da, hətta öz populyarlığına görə basketbol və beysboldan çox-çox geridə qalsa da, hər halda, Birləşmiş Ştatlar yığması dünya çempionatının iştirakçılarından biridir və yetərincə səviyyəli rəqibdir.

- Oyun azərbaycanlı futbolçu və azarkeşlər üçün vərdiş olunmamış bir vaxta təyin edilmişdi. İki ölkə arasındakı saat fərqindən dolayı yerli vaxtla axşam saat 19:00-da başlayan matçı azərbaycanlı azarkeşlər AzTV ekranlarından səhər saat 7:00-dan etibarən izləyə bildilər.

- Qarşılaşmadan öncə aradakı saat fərqini xüsusi qabardan futbolçularımız sanki mümkün məğlubiyyətə və uğursuz çıxışa sığorta axtarırdılar. Ancaq nəzərə almaq lazımdır ki, məhz yerli şəraitə alışmaq üçün bir neçə oyunçu istisna olmaqla, əsas komanda bir həftə qabaqcadan okeanın o tayına yollanmışdı.

- Matç bir daha göstərdi ki, milli komandamız bu cür güclü komandalarla oyunlara hazır deyil. Hesabın azfərqli olması sizi yanıltmasın. Mundialın bir neçə günlüyündə əsas oyunçularını riskə atmaq istəməyən, daha çox ehtiyatla oynayan "yanki"lər bir balaca cəhd eləsəydilər faciəvi sonluq yaşana bilərdi.

- Azfərqli hesabın əldə olunmasında milli komandanın qapıçısı Kamran Ağayevin də əməyi mütləq qeyd olunmalıdır. Bir neçə real qol vəziyyətində əla qurtarışlar edən Ağayev fərqin açılmamasında əsas səbəbkarlardan biridir.

- Bu oyun bizə məlum olan bir həqiqəti bir daha sübut elədi. Bizim komandalarmız 90 dəqiqə savaşacaq gücdə deyillər. Nəzərə almalıyıq ki, ağır mövsüm keçib, oyunçular klubların heyətində bir xeyli yorucu oyunlardan çıxıblar, ancaq qarşılaşdığımız rəqib üçün də sadaladığımız hallar keçərlidir, deyilmi? Hətta milli komandamızın bu "şakəri" haqqında "Futbol 70 dəqiqə olsaydı Azərbaycan dünya çempionu olardı" kimi lətifələr də yaranmaqdadır.

- Buraxılan hər iki qol isə lap faciə idi... Standart vəziyyətlərdə hələ də "adam-adama", yoxsa "zona üzrə" müdafiə olunacağını dəqiqləşdirə bilməyən komanda hər iki epizodda cərimə meydançası daxilində boşda oyunçu buraxdı və bunun da cəzasını ödədi.

- Foqtsun heyətə yeni dəvət elədiyi oyunçular köhnələrdən heç nə ilə fərqlənmədilər. Milliyyəti hələ də tam dəqiqləşməyən Dmitri Nazarovun oynadığı dəqiqələr ərzində "nə məzhəbə qulluq etdiyini" isə aydınlaşdıra bilmədim.

- Və nəhayət, oyundan sonra oyunun özündən də, nəticədən də daha çox müzakirə olunan bir hadisə Kamran Ağayevin ikinci qoldan əvvəlki epizodda emosiyalarına hakim ola bilməyib işlətdiyi söyüş idi. Yanlış anlamayın, mən söyüşə heç bir halda haqq qazandırmıram, ancaq bu hadisənin bu qədər qıcıq doğurmasını, bir belə müzakirə olunmasını da anlaya bilmirəm, sözün düzü.

Əgər məqsəd Kamranı tənqid eləməkdisə, milli qapıçının tənqid olunası onlarla qüsuru var. Məsələyə bir az geniş aspektdən yanaşmaq lazımdır.

İfadənin efirdə, canlı yayımda səslənməsi isə sadəcə texniki uğursuzluq idi. Normalda stadionda hətta oyunçular belə bir-birilərini eşitmirlər. Heç kimin ağlına gəlməzdi ki, bu ifadə birbaşa canlı yayıma düşə bilər.


Müəllif: Zaur Xudiyev