Prezident İlham Əliyevin yeni mövsümdə ilk müşavirəsi sentyabrın 3-də Siyəzəndə keçirildi. Bu, ənənəvi müşavirələrdən fərqləndiyi və fərqli formatda olduğu üçün mətbuatda müşavirə kimi xarakterizə olunmadı. Ancaq Siyəzəndəki müzakirə mahiyyət etibarilə müşavirə, özü də ölkənin yeni iqtisadi mərhələdə prioritetinin bir daha, həm də təfərrüatları ilə təhlilinə həsr olunmuş müşavirə idi.
Prezident neft gəlirlərinin azalması dövründə konkret hədəfi göstərdi. Yəni bugünəcən qeyri-neft sektoru ümumi anlayışla əsas məqsəd kimi müzakirə olunurdusa, indi qeyri-neft sektoruna aid olan sahələr sırasında birinci yer, “vaciblərin vacibi” statusu müəyyənləşdi: qeyri-neft sektorunda kənd təsərrüfatı, kənd təsərrüfatında isə iri fermer təsərrüfatları və aqroparklar iqtisadi siyasətin ilkin hədəfinə çevrilir.
Azərbaycanın iradəsindən asılı olmadan yaranmış yeni iqtisadi mərhələdə - sosial və təbii ki, siyasi situasiyada ərzaq təhlükəsizliyinin ölkədaxili resurslar əsasında təmini ən mühüm və strateji məsələdir. Ərzaq təminatlı, tox vətəndaş radikal olmur. Başqa tərəfdən, kənd təsərrüfatı əhalinin məşğulluğu baxımından həm də çoxsaylı iş yerləri deməkdir. Nəhayət, kənd təsərrüfatı məhsulları istehsalının genişlənməsi başqa sahələri, xüsusilə emal sənayesini stimullaşdırır. Bu mənada aqrar sektoru iqtisadiyyatın “domino effekti” ilə inkişafının birinci pilləsi də hesab etmək olar. Təsadüfi deyil ki, hazırda dünyanın ən güclü iqtisadiyyatlarından birinə sahib olan Çində islahatlar məhz kənd təsərrüfatından başlamışdı. Bu həm iqtisadi, həm də sosial-siyasi məsələ olduğu üçün Çin islahatçıları başa düşürdülər ki, prosesi başa çatdırmaq, dövlətin social, iqtisadi dayanıqlığını təmin etmək üçün əhalini yedizdirmək lazımdır. Əks halda islahatların sosial-siyasi müqavimətə rast gələcəyi şübhəsizdir.
Beləliklə, iri fermer təsərrüfatları Azərbaycan iqtisadiyyatının bir nömrəli hədəfinə çevrilir. Yeri gəlmişkən, Siyəzəndə növbəti müzakirə üçün də tapşırıqlar müəyyənləşdi. Gələn il üçün həmin bölgədə bir neçə iri təsərrüfat yaradılmalıdır. Gələn müzakirədə həmin təsərrüfatların maketi, xəritəsi, biznes-planları təqdim olunmalıdır. Sahibkarlar üçün hazırlanacaq biznes-planlarda “nəyi, nə qədər istehsal etsəniz, nə qədər rentabelli olacaq” suallarına cavab veriləcək. Prezident hər bir təsərrüfatın daxili strukturuna qədər təfərrüatların əks olunduğu biznes-planın vacibliyini vurğuladı: “Bu xəritədə torpaqların ümumi görüntüləri əks olunub. Növbəti mərhələdə siz xəritəni ya biznes-plan, ya da maket şəklində tərtib edin. Biz torpaqları artıq təsərrüfatlar üzrə bölməliyik, bilək ki, harada hansı təsərrüfat yaradılacaq, onun sahəsi nə qədər olacaq, orada hansı işlər görüləcək. Biznes-planlar, investisiya layihələri hazırlanmalıdır. Əlbəttə dövlət də kömək edəcək, lakin əsas yük sahibkarların üzərinə düşəcək. Onlar da buna hazırdırlar”.
Prezidentin tapşırıqları sırasında
- təsərrüfatlar üçün yerlərin dəqiq seçilməsi;
- fəaliyyətin əlaqələndirilməsi;
- bu işə kreditlərin verilməsi;
- müasir yanaşmanın tətbiq olunması;
- gələn ilin dövlət büdcəsində sahibkarlığın inkişafına dövlət tərəfindən kifayət qədər böyük vəsaitin nəzərdə tutulması kimi məqamlar var.
Beləliklə, 2016-cı ilin büdcəsi ilə bağlı bir məqam artıq aydındır - büdcədə təsərrüfatlara, bu təsərrüfatı quracaq sahibkarlara verilən kreditlərin artırılmasının nəzərdə tutulacağı gözlənilir. Bu, həm də real sektorun inkişafının hədəflənməsidir.
İndiyə qədər iri təsərrüfatların ölkənin cənub bölgəsində Kür-Araz əhatəsində yaradılması intensiv olaraq aparılırdı. İndi Taxtakörpü su anbarı əhatəsi də bu layihəyə qoşulur. Prezident bu regionun məhsullarının Rusiyaya ixracının da asan olacağını vurğulamaqla ixrac potensialının artacağını da qeyd etdi. Bu isə təsərrüfatlarda gəlirlilik səviyyəsinin yüksək olacağına bir zəmanətdir.
Beləliklə, dövlət iri təsərrüfatların yaradılması üçün bütün addımları atır: ən ağır məsələ olan torpaqların ayrılmasını təşkil edir, infrastrukturu qurur, biznes-planlar hazırlayıb təqdim edir, kreditlər verir və ixrac üçün şərait yaradır, vergi güzəştləri tətbiq edir. Doğrusu, bundan artıq dövlətin görəcəyi başqa iş də yoxdur.
Beləliklə, Siyəzəndəki müşavirənin ən mühüm nəticəsi ondan ibarətdir ki, iri fermer təsərrüfatları və bütövlükdə real sektor iqtisadi siyasətin indiki mərhələsində prioritetdir və Prezident bu sahəni şəxsi nəzarətinə götürərək ona birbaşa rəhbərlik edəcək.
İbrahim MƏMMƏDOV,
tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist