11 Sentyabr 2015 16:55
2 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda gəlin-qaynana problemi qədim bir dərddir, buna görə nə qədər ailələr dağılıb, uşaqlar ya atasız, ya da anasız qalıb. Uzun illərdir mətbuatda, televiziyalarda bu barədə xeyli müzakirələr gedir, ancaq kütləni bu mövzuda tərbiyə etmək mümkün olmur ki, olmur. Yenə də dava-qırığın, qan, balta, dəhrə, göz yaşı, axırda da ayrılıq.

Əvvəla, televiziya verilişlərinin əksəriyyətində məsələ düzgün qoyulmur. Niyə? Çünki məqsəd sanki gəlin tərəfdarları ilə qaynana tərəfdarlarını döyüşə çağırmaqdır. Biri tərəf deyir, gəlin haqlıdır, o biri də deyir, qaynana düz deyir, vəssalam. Yəni problem adicə bir veriliş səviyyəsində öz həllini tapmır.

Psixoloqların məsələ ilə bağlı fikirləri də təəssüf ki, bir çox hallarda primitivdir. Deyirlər, bəzən ananın övladına emosional sevgisi olur, oğlunu gəlinə qısqanır, gəlin də ana ilə barışmır, deyir, ayrı evdə yaşayaq. Bunu kim bilmir ki? Məsələ ondadır ki, ev yoxdur. Kişi iki daşın arasında qalır. Mənim fikrimə görə, həyat Hindistan filmi deyil ki, arvadının əlindən tutub gedəsən, anaya arxanı çevirəsən. Bəzən bir-iki saatlıq filimdə adamın anaya ehtiyacı olmaya bilər, ancaq həyatda anasız çox çətindir. Mən anamdan ötrü darıxanda ulamaq istəyirəm. Ona görə də gəlin-qaynana davasının ən kəsik məqamında arvadını seçən kişilər anlamadım getdi.

Təəssüf ki, psixoloqlarımız hamının bildiyi məsələni dilə gətirirlər, amma həlli yolunu göstərmirlər. Göstərsələr də, uzaq başı deyirlər ki, bir-birinizə güzəştə gedin, vəssalam. Ancaq bir əsas məsələ var və mən də o fikirdəyəm ki, Azərbaycanda gəlin-qaynana davasının kökündə heç şübhəsiz, sosial problemlər dayanır. O mənada ki, valideyn uzun illər əzab-əziyyətlə böyüdüb başa çatdırdığı övladına sığorta mənbəyi kimi baxır. Fikirləşir ki, oğlum pul qazanacaq və məni saxlayacaq. Ana bütün ömrünü bu arzu ilə yaşayır. Gəlin də bu günə kimi fikirləşib ki, ərimlə ayrıca evimiz olacaq, evdə kefimiz istəyən kimi yaşayacağıq. Fikir verin, ortada iki mənasız arzu var. Ata-ananın yaxşı pensiyası olsa, o, övladdan ayrı yaşamaq məsələsinə fikrimcə, problem kimi baxmayacaq. Ən pisi də odur ki, qaynana gəlinə də gəlir yeri kimi baxır. Kasıblıq düşüncəni bu yerə gətirib. Gəlin işləyəcək, evə pul gətirəcək, həm də uşağına baxacaq, evi-zadı yığışdıracaq. Ay ana, bu, gəlindi, eşşək deyil. Belə şeylər həyatı zəhərə döndərir.

Təsəvvür edin, oğlan da yetkinlik yaşına çatır, ailə qurmaq istəyir və ən əsası, müstəqil yaşamaq onun üçün daha maraqlıdır. Beş günlük dünyada heç olmasa, iki gün rahat yaşamaq istəyir. Ancaq bir-birlərini sevən iki gəncin taleyi ayrıca ev məsələsində daşa dirənir və problem burdanca inkişaf eləməyə başlayır, getdikcə kişi ilə qadın bir-birindən soyuyur, nəticədə ayrılmaq hər iki tərəf üçün yeganə çıxış yolu olur. Halbuki, sosial şərait normal olsa, ata-ana öz qazancı ilə özünü dolandıra bilsə, bir çox gənc ailələr dağılmazdı. Hər halda mən bu fikirdəyəm.

Bu yaxınlarda bir məhkəmə divarında elanlar lövhəsinə baxanda gözüm kəlləmə çıxdı. Maraq məni bürüdü ki, görüm, bizim insanlar məhkəməyə ən çox nə üçün müraciət edirlər. Qəribə bir mənzərə idi. Təxminən, əlli nəfərin demək olar ki, hamısı ya boşanmaq istəyir, ya da banklara borcu var. Təbii, bəzən ailəni elə hisslər birləşdirir ki, heç bir sosial problem onlara təsir göstərmək gücündə olmur. Söhbət onlardan getmir. Bəs haradan tapaq o sevgiləri ki, bir ömür kirayələrdə çürüməyə razı olsun?


Müəllif: Kəramət Böyükçöl