15 Sentyabr 2015 11:11
1 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölənlər talayıb aparır bizi.

Ramiz Rövşən

Bir reklamda deyildiyi kimi, bəzən həyat çox sıxıcı... Belə müşkül məqamlarda məşhur ölülər dada çatır. Həyatımızı, gündəmimizi, emosiyamızı yeniləyir, kefimizə rəng qatırlar - lap olsun qara rəng, olsun; bizi həyatın adi axarından çıxarır, həyəcanlandırır, ehtizaza gətirir, gözümüzü yaşardır, ağladır, kədərləndirir, fikrə daldırır, bir yerə, bir əhvala, bir çadıra, bir “meşok”a yığırlar.

Ancaq bizimlə qalmırlar ki... Çıxıb gedirlər torpaq altına. Dirilərə baxmayın, ölülər lap vəfasız olur. Təzədən darıxmağa başlayırıq. Bir reklamda deyildiyi kimi, bəzən həyat çox sıxıcı!

“Feysbuk” yaşamımızın, işimizin, cəmiyyətimizin, eləcə və ən əsası, mediamızın aynasıdı, olanlardan-ölənlərdən birinci orda xəbər tuturuq.

Cəmi dünyasını dəyişənlərə min rəhmət, bu yaxınlarda iki ölü birdən düşdü. Məşhur aktyor İlham Əsgərov və məşhurdan-məşhur kamançaçı Habil Əliyev. Növbəti dəfə fürsət ələ keçmişkən, yazdıq, nə yazdıq, ağladıq, nə ağladıq!

Düzdü, İlham Əsgərov qəflətən, qara sürpriz olaraq heç kəsə xəbər eləmədən ürək tutmasından getdi, bizim saytlar, sosial şəbəkələr də çaşıb qaldı. İncidilər ondan. Heç olmasa bir neçə gün xəstə yatsaydı, yazardılar-pozardılar, qohum-əqrəbadan açıqlama alardılar, paylaşım edərdilər, arada yalan da çıxsa, “öldü” xəbəri yayardılar.

Məsələn, bütün şüurlu həyatını və yaradıcılığını gülməli lətifələrə, kədərli çalğılara, musiqilərə həsr eləmiş Habil Əliyevin vəfatı - adam maşallah da deyə bilmir - fərqli oldu. Xəstəxanaya düşdü, reanimasiyaya qaldırdılar, aparata qoşdular, dəfələrlə ölüm xəbəri gəldi, elə bir o qədər də təkzib olundu, sonra halı pisləşdi, sonra vəziyyəti lap ağırlaşdı. Ağırlaşdı, ağırlaşdı, hamı gərginləşdi, gözləməli olduq, sonra nəhayət, doğru xəbər...

Sosial şəbəkə aşıb-daşdı, göz yaşları lətifələrə qarışdı. Yasdan reportaj, məclisdən xəbər, dəfn yerindən informasiya...

Sağlığında qalmaqallardan uzaq İlham Əsgərovunsa bəxtinə, daha doğrusu, taleyinin son səhifəsinə dedi-qodu yazılıbmış. “Azdrama”nın rəhbəri İsrafilov İsrafilov yasa getdimi? Necə getdi, saat neçədə getdi? Bəlkə, mərhumu elə “Azdrama” azarı öldürdü?

Sonra sükut çökdü. İki ölüdən sonra ictimai həyatımızda qatı, bıçaqkəsməz səssizlik yarandı. Bəzən həyat çox sıxıcı...

***

“Gavur” Volter necə deyib? Allah olmasaydı, onu uydurmaq lazım gələrdi. Bizə təzə məşhur ölü lazımdı, iraq olsun. Heç kəs həyata könüllü göz yummaq istəmir. Bəs bu boz ovqatımızı, kasad gündəmimizi necə təzələyək? Budu, nəhayət, kimsə gün batandan sonra ürəklənib klaviaturasından növbəti xəbəri çıxardı: aparıcı Nanə Ağamalıyeva qəzada dünyasını dəyişib.

Ürəyiniz nanə kimi titrəsin. Yazıq özünə bu yaxınlarda maya qoymuşdu, niyə torpağa qismət olsun, bu ilahi ədalətsizliyə nə deyəsən?

Ölüb-ölməyib, ölüb-ölməyib, ölüb-ölməyib, ölüb-ölməyib, arpa-buğda, arpa-buğda, buğda... Şükür!

***

Bəzən adam içində yanlış reaksiya gedən şoraba bankası kimi qəflətən part eləyib “atmaq” istəyir. Bəli-bəli, indi şoraba qoyulan vaxtdı. Gəlin şorabadan danışaq, GMO da pis deyil...

Amma ki... Ötən əsrin əvvəllərində də ölülər aktualıdı, bu əsrin birinci çərəyində də. Dirilə bilmədik, əmələ gəlmədik, bitmədik. Elədi-elə deyil, mən ölüm?..


Müəllif: Qurban Yaquboğlu