31 May 2014 18:33
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ürəyində heç kəsə danışılmamış bir hekayət gəzdirməkdən ağır bir şey yoxdur insançun..."

Əlif Şəfəq

Hər adamın bütün ömrü boyu danışmaq, dinləmək, bir də susmaq ehtiyacı olur. Yemək, içmək, yatmaq, yaşamaq, ölmək ehtiyacı kimi. Başqa ehtiyaclardan savayı həmin üç gərəyi ödəmək heç asan deyil. Kimə danışasan, kimə qulaq asasan, harada və necə susasan - suallar budu.

Mənbilən, üçüncüsü lap çətindi. Dua edirmiş, meditasiyaya qapılırmış kimi, təcrid vəziyyətində, özündən, öz fikirlərindən ayrılıb da dərin bir sükutun yamaclarından üzüaşağı sürüşməyin qaydasını bilirikmi?
Hardan tapacağıq o sükutu?

Bəlkə, o sükut lap yaxınımızdadı, bəlkə, hər gün onun yanından ötüb keçirik, o olan küncdən ayaqlanıb uzaqlaşırıq, amma girə bilmirik o sükutun cəftəsiz qapısından.

Və hardan tapacağıq həmsöhbəti, kimə danışacağıq? Kimisə dinləməsən, kiməsə danışmasan, cəhd eləməyə də dəyməz - susub ürəyin istəyən, sənə hüzur gətirən sükuta qərq olmaqda aciz qalacaqsan. Söhbət bir prosesdi, sözdən başlayıb sükutda bitər.

Təsəvvüfün öz söhbət konsepsiyası var. Bir ucu islam qaynaqlarına gedib çıxır. Peyğəmbəri görmüş, tanımış, lider saymış insanlara səhabə deyirlər, bu, "söhbət" sözüylə eyni kökdəndi. Çünki onlar peyğəmbərlə ünsiyyətdə olmuş, onu diqqətlə dinləmiş, ona düyünlü suallar vermiş, ona qulaq kəsilib susmuşdular. Həmsöhbət olmuşdular.

Səhabələrin məhz bu səbəbdən ayrıca müqəddəslik statusu var. Peyğəmbərlə söhbətdən gələn müqəddəslik dərəcəsi.

Əsl dinləyən adam elə susan adamdı! Sükut kiməsə, lap uzaqlara çəkilmiş birisinə qulaq asmaq cəhdindən başqa bir şey deyil.

Yenə təsəvvüfə görə, söhbətin öz ədəbləri, hazırlıqları var. Gərək abdəstli olasan, söhbət odasına vaxtında gələsən, oturduğun yeri biləsən və bulasan, kənar düşüncələrdən ayrılasan, çevrəndəkiləri özündən üstün tutasan... Bu sonuncu şərt söhbətə təvazökarlıq dolu bir gözəllik, anlaşma və hüzur qatır yəqin. İnsan bütün həyatı boyu hüzur axtarmırmı?

Ünsiyyətdə insanları 4 qismə bölüb sufi müdrikləri: Söhbəti müalicə xüsusiyyəti daşıyanlar; sözü-söhbəti yemək-içmək, qida kimi olanlar; mikrob dolu söhbət edənlər; nəhayət, zəhər tuluğu həmsöhbətlər.
İndi sən də, dostum, uzaqları araya-araya dərmanını, qidanı axtarırsan. Bulmaq mümkünmü?

Çoxdan eşitdiyim bir misra var, kimindi xatırlamıram: "Hüsnünün gəzmə dalınca, tapa bilməzsən onu..."
Deyirlər, insanlar 40 yaşdan sonra dalğın və müdrik olurlar, bir çox şeylərin əlçatmazlığını dərk eləyib sakitləşirlər. Tamam düz... Həyat məsafələrdən ibarətdi: dünyanın gözəllikləri uzaqlaşdıqca hikmət və müdriklik yaxınlaşır.

Dinləyənimiz olsaydı, bir təzə söhbət başlayardıq. Bir təzə söhbət eləyən tapsaydıq, susardıq.


Müəllif: Qurban Yaquboğlu