31 May 2014 19:07
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni tanış olan iki yad adamın söhbətindən:

Kişi: - Ailəlisiniz?
Qadın: - Yox. Boşanmışam.
Kişi: Aydındı.
Qadın: Bəs siz? Evlisiniz?
Kişi: (pauzadan sonra) Tənhayam.

Vəssalam. Burdan bir qapı açıldı. İllər öncə gözümün önündəcə. Şırıppıltıyla açıldı o qapı. Sevginin, duyğunun qapısı. Və əlbəttə ki, ünsiyyətin qapısı. O qapıdan içəri girənlər hələ də bir yerdədirlər - xoşbəxt, mehriban, asudə, amma təbii ki, bu, bir aşkı-məmnu. Rəsmən evli, zahirən xoşbəxt, oğullu-qızlı, işli-güclü o kişi daxilindəki tənhalığın çarəsini tapdı. Ailəsindən kənarda. Amma tam ailəsi kimi. Qanuna zidd olsa belə, şəriət baxımından məqbul sayılan bir ilişgi, əslində ilişgi də yox, sevgi, sevgi və tam başqa kuralları olan məxfi ailə institutu. Bu var Bu gün bizdə bu var. Az da deyil. Yetərincədir.

***

"Dil - insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir" - Leninin bu kəlamıyla bizə öyrədərdilər ki, insanlar arasında mütləq ünsiyyət olmalıdır, ünsiyyət. İnsanlar bir-birilə yalnız yatağını, ehtirasını, məişətini, təsərrüfatını yox, həm də fikirlərini bölüşsün gərək.

***

Britaniya alimləri müəyyən ediblər ki, bir uşağın yeməyi verilir, üstü dəyişdirilir, yeri təmizlənir, amma ona heç bir sığal və nəvaziş göstərilmirsə, bu insan övladı 2 yaşına çatar-çatmaz, ölür. Qübardanmı ölür, xiffətmi edir, bilmirəm. Yaşaya bilmir amma, ölür.

***

Bu eksperimenti yaponlar keçiriblər. Yeni doğulan meymun balasını bir otaqda bəsləyiblər. Otağa metaldan hazırlanmış bir meymun heykəli qoyulub, bir də yarım metrlik məxmər parça. Bala meymun hər dəfə yatmaq istəyəndə soyuq heykələ yox, həmin məxmər parçasına sığınıb yatırmış - bu da meymunun daxili ehtiyacı - istilik, hərarət istəyi. Kim bilir, bəlkə, insanın yuxuda yastığı qucaqlaması, balaca uşaqların məxmər oyuncaqlarla yatması da elə həmin instinktin bir formasıdır, səbəbsiz deyil...

***

Qərb alimləri müəyyən ediblər ki, təsadüfən Mauqli kimi meşədə böyüyüb insan ünsiyyətindən uzaq olan uşaq 12 yaşına çatıbsa, ona heç bir vəchlə təzədən danışıq öyrətmək, söz qandırmaq mümkün olmur. Bu yaşdan sonra beyin heç bir söz siqnalını qəbul etmir. Bağlanıb məhv olur.

***

Çağdaş elmin araşdırdığı bir mətləb də var - kim daha çox danışır - kişilər ya qadınlar? Son dövrə qədər bu istiqamətdə bircə elmi araşdırma vardı. Bu işin nəticələrinə görə qadınlar gündə orta hesabla 20 min söz işlədirlər, kişilər təxminən 7 min söz. Daha sonra müxtəlif sorğular keçirildi, eksperimentlər aparıldı. Məlum oldu ki, ilkin hesablanma düz deyilmiş. Son nəticəyə görə qadınlar gün ərzində 16215, kişilərsə 15669 sözdən istifadə edirlər. Bu, təbii ki, orta rəqəmdir. Və əslində hər ölkə, hər mədəniyyət, hər temperament üçün göstəricilər də tam fərqlidir. Amma hər halda qadın ya kişi - fərq etməz, gün ərzində 10 minlərlə söz işlətmək iqtidarındadırsa, bu sözlərin heç olmasa yarısının evdə, ailədə işlənməsi lazım.

***

Bir evdə yaşayan iki yad adamın söhbətindən:

Qadın: Səhər həkimə getmişdim. Oradan da getdim işə. Yaman tıxac vardı.
Kişi: (pauza)
Qadın: İşdən sonra da cümə axşamına getdim. Əvvəlki iş yerimdə qız işləyirdi. Atası rəhmətə gedibmiş. İndi xəbər tutmuşuq biz də. Ora getdik.
Kişi: (yenə pauza)
Qadın: Yaxşı ki, getdik. Köhnə iş yoldaşlarımızın çoxu oradaydı.
Kişi: (davamlı pauza)
Qadın: Nolub? Danışmırıq? Küsmüşük yenə?
Kişi: Yox.
Qadın: Bəs bayaqdan danışıram. Reaksiyan olsun da. Divanla danışıram mən? Ya divarla?
Kişi: (pauza)
Vəssalam. Burda da bir qapı bağlanır. Lap gözümüzün önündəcə. Şırıppıltıyla bağlanır o qapı. Sevginin, duyğunun qapısı. Və əlbəttə ki, ünsiyyətin qapısı. O qapıdan içəri girənlər yenə bir yerdədirlər - rəsmən evli, zahirən xoşbəxt, oğullu-qızlı, işli-güclü, amma daxilən susqun, fərqli, daban-dabana zidd. Bu var. Bugün bizdə bu da var. Az da deyil. Yetərincədir.

***

İnsan və üns, ünsiyyət - eyni kökdən olan sözlərdi. Etimoloji baxımdan da, sırf fəlsəfi anlamda da bu iki məfhumun ya hər ikisi olmalı, ya heç biri. Xüsusən söhbət ailədən gedirsə. Məişət, təsərrüfat, yataq və ehtiras tələbatlarınız ödənirsə, elə bu kifayətdir - deməyin. Əsas ünsiyyətdir. Onun qeydinə qalın.


Müəllif: Afaq Vasifqızı