24 Sentyabr 2015 12:59
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atamın bir nənəsi olub – Məsməxanım. Həmişə deyirmiş ki, guya anası molla Fatmaxanım babasından qalma bir küpə qızılı Şüvəlandakı bağımızda basdırıb.

Atam danışırdı ki, 50-ci illərdə - Məsməxanım öləndən sonra nəvələri o otuz sotluq bağı yuxarıdan aşağı, aşağıdan da yuxarı iki dəfə belləyib qazıb başa vurublar. Köhnə saxsı qab-qaşıq qırıqlarından başqa bir zad hasil olmayıb. Sonralar bunu bir lətifə kimi danışırdılar – rəhmətlik arvad uşaqlarla məzələnirmiş, ya yalandan öz məzənnəsini qaldırırmış, ya bəlkə doğrudan da küp olub, kimsə tapıb aparıb, ya bəlkə hələ də oradadı, dərindədi deyə tapılmayıb. Bilmirəm. Əl qərəz, o qır-qızıl elə xoş sövda kimi xəyallarda qaldı, gerçək olmadı ki, olmadı.

***

Söz vaxtına çəkər - düz 75 il əvvəl 1939-cu ilin sentyabrında Nyu-Yorkda Ümumdünya yarmarkası keçiriləndə belə qərara gəlirlər ki, gələcək nəsillərə ötürmək üçün bir “namə” hazırlayıb 15 metr dərinlikdə torpağa basdırsınlar. Odadavamlı şüşədən təxminən iki metrlik qutu hazırlanır. “Zaman kapsulu” adlandırılan bu qutunun içinə kitablar, sənədli filmlər, ensiklopediyalar, müxtəlif növ tekstil, həmçinin şlyapa, qəlyan kimi məişət əşyaları yığılır. 300 kilodan artıq gələn həmin kapsula metal örtük də çəkirlər ki, xarab olmasın. Zaman kapsulunu torpağa basdıranlar qərara gəlirlər ki, həmin “məzar” 5000 ildən sonra açılsın. 25 il sonra – 1964-də elə onun yanındaca ikinci kapsul torpağa basdırılır. Bu dəfə saxlanca gələcəyin insanına xitabən başqa əşyalar yerləşdirilir – kredit kartı, nüvə silahının formulu, süni ürək klapanı, “Bitlz” qrupunun lent yazısı, kosmik gəminin bir hissəsi, hamiləliyin qarşısını alan həblər və daha nələr. Dünyanın ağıllı zəkaları belə hesab edirlər ki, 5 min il sonra, yəni 6939-cu ildə açılacaq həmin “zaman kapsulu” xələflərimiz üçün tarixi öyrənmək baxımından əsl qaynaq rolunu oynayacaq. Əslində maraqlı ideyadı. Nyu-Yorkda əsası qoyulan bu hadisə sonradan dəbə çevrilir, dünyanın bir çox yerində gələcəyə ünvanlanan belə “namələr” - məlumat mənbələri hazırlayıb torpağa basdırmağa başlayırlar.

***

“Hər bir yenilik çoxdan unudulmuş köhnəlikdi” deyənlər, heç şübhəsiz, yenə haqlıdırlar. Qədim misirlilər fironları dəfn edərkən o dünya üçün hazırladıqları “cer-cehiz” də mahiyyət etibarilə elə buna bənzər bir şey idi. Elə şumerlər də gələcəyin hakim-mütləqlərinə ünvanlanan məktublar yazıb qala divarlarına hörərmişlər ki, açıb oxuyanlar keçmişin olaylarından xəbərdar olsun.

***

İnsan dünyanın orbitindən kənara çıxınca ayrı-ayrı göy cisimlərilə də belə “namələr” göndərməyə başlayır. “Voyacer” adlı kosmik gəmi illərdir kahkəşanda dolanır. Həmin gəmidəki diskdə planet və insan haqda elmi məlumatlar, bütün zəruri informasiyalar, hətta insan oğlunun mədəni səviyyəsini göstərən musiqi parçalarının yazıları da var. Bax, Motsart, Bethovenin əsərlərilə yanaşı bizim Alim Qasımovun ifası da həmin diskdə yer alıb.

YUNESKO-nun başqa bir layihəsinə görə, bir “zaman kapsulu” da hazırlanıb elə bir kosmik gəmiyə qoyulacaq ki, o gəmi yer planetinə bir də 50 min ildən sonra qayıdıb gələcək. O zamana planet ya qalar, ya qalmaz – bir Allah bilir. Bu yolla bəşər övladı özü haqda, gördüyü işlər barədə gələcək nəsillərə məlumat ötürmək istəyir.

***

Mənə desəydilər ki, zamanı və məkanı təcəssüm etdirən ümumiləşdirilmiş həmvətən haqda bir kapsul hazırlayım ora nələri yığardım, bir bilsəz. İri-iri əskinasların cağbacağ saxlandığı çeşidli portmonelər, yekə-yekə kasalar, bir də daim ac olan, doymayan göz şəkilləri. Amma gözün daim ac olduğunu, heç vəchlə bir türlü doymadığını, doya bilmədiyini, və tək yemək yox, pul, vəzifə, şöhrət, ad-san acı olduğunu rəssam yazıq necə təsvir edəcək – bilmirəm. Görəsən, hər şeydən xəbərdar olan Google müəllim köməyinə gələ bilər? Axtarış verilsə bir on milyon cüt göz tapılar, sizcə, ya tapılmaz? Nə qədərdi ki, onlar - beyni gödəninə calaq olanlar?

Afaq Vasifqızı


Müəllif: Afaq Vasifqızı