6 Oktyabr 2015 12:28
1 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim səhnədə. Milli Dram Teatrında. Tamaşanı təqdim edənsə İngiltərənin əfsanəvi “Qlobus” teatrı idi. Bu həmin “Qlobus”dur ki, ilk təsisçilərindən biri Uilyam Şekspirin özü olub. 1599-cu ildə inşa edilən yeni teatr binasında Şekspir həm aktyor kimi fəliyyət göstərib, həm də dramaturq kimi. Və həmin o “Qlobus” bu həftə sonu Bakıda idi.

***

Köhnə vaxtlarda eşitdiyim bir Şəki lətifəsi vardı. Deyir Şəki teatrında “Hamlet”i qoyurlar. Premyeraya rayonun üzdə olan adamlarından başqa Bakıdan qonaqlar da gəlir. Həyəcanlı bir tamaşadı. Hamletlə kralın ruhunun görüş səhnəsidir. Baş qəhrəmanı oynayan aktyor resplikasını unudub fikrə gedib. Suflyor bir pıçıldayır, aktyor eşitmir, iki pıçıldayır, aktyora yenə söz kar eləmir, necə hirslənirsə Şəki intonasiyasıyla deyir: “Ədə, Həmliit, ə boyaa qamış ölçüm haa, əə, dədəyin kölgəsi görünütdü”. Bu sözü necə əsəblə deyirsə - hamı eşidir.

***

Azdramadakı bu tamaşa elə qurulub ki, nəinki suflyor, sanki heç kulis də ümumiyyətlə yoxdu. Tamaşa başlamazdan aktyorlar səhnədə dolaşır, hərə bir musiqi alətində çalır, iki-bir üç-bir zala düşürlər. Canlı ifa tamaşaçı-aktyor dialoqunu lap asanlaşdırır. Tam rahat, dəbdəbəsiz, təntənəsiz bir ortam. Zalın işıqları da əvvəldən-axıra sönmür. Obrazlar həm də tamaşaçı qismində. Mizanda yer almayanlar haradasa görünməz olmur, sadəcə geri çəkilib oyunu seyr edir. Hər şey göz qabağında və hər şey aydın, oyunun özü də sanki tamaşaçıyla müştərək bir göstəri.

***

Bu pyes düz 400 ildir ki, səhnələrdən düşmür və bəlkə də planetin elə bir yeri tapılmaz ki, orada dünya dramaturgiyasındakı bu ən faciəvi obrazın məşhur “Olum, ya ölüm?” dilemması səslənməsin. Şekspirşünaslarsa belə düşünürlər ki, “Hamlet”ə yüz dəfə baxan adam belə əgər “Qlobus”un traktovkasından xəbərsizdirsə - hesab eləyin ki, “Hamlet” barədə məlumatı yoxdur. Tamaşa səyyar dekorasiyalar və çox lakonik tərtibatla fərqlənir. Truppa cəmi 16 nəfərdən ibarətdir, bu üzdən bir aktyor bir neçə obraz yaratmalı olur. Baş qəhrəmanı oynayan nigeriyalı qaradərili aktyordur, hərçənd kral da, Gertruda da ağdərilidirlər. Hamletin atası obrazını asiyalı aktyor canlandırır. Məşhur Horatsio isə oğlan yox, qızdır, hərçənd mətndə heç bir dəyişiklik edilməyib və Hamlet (xanım) dostuna “qardaş” deyə müraciət eləyir. Görünür belə seçim etməklə rejissor sənət üçün hər hansı milli və cinsi fərqlərin olmadığını göstərmək istəyib.

***

Bakının əsas səhnəsində seyr etdiyimiz dünyada buçağacan olan ən irimiqyaslı teatr qastrolu nümunəsidi. Nəzərdə tutulub ki, faciə düz 205 ölkədə nümayiş olunacaq. Repertuarı yalnız Şekspirin əsərlərindən ibarət olan “Qlobus” teatrı iki illik qastrol zamanı teatr və konsert salonlarında, hətta çimərlik və meydanlrda da bu tamaşanı nümayiş etdirəcək. Məqsəd bu yolla dahi Şekspirin 450 illik yubileyinə töhfə verməkdir.

Bakının teatr bomondu bu həftə sonu gerçəkdən əqli və estetik bir ekstaz yaşadı. Dünyanın nadir sənət ocaqlarından birinin təqdim etdiyi işə tamaşa edirsənsə, keçirdiyin hisslər, təbii ki, ölçüyə gəlməz. Amma və lakin Şəki teatrındakı hadisəni xatırladan bir zad olmasaydı – mümkün olmazdı ki. Bu gözəl hadisənin də əmması ibarət oldu subtitr məsələsindən. Tamaşa ingilis dilində oynanıldığından bütün replikalar ana dilimizdə subtitrlərlə müşayiət olunurdu. İnsafən ekranlar elə quraşdırılmışdı ki, zalın istənilən yerində oturanlar asanlıqla tərcüməni oxuya bilirdilər. Di gəl ki, lətifədəki şəkili teatr truppası kimi burada da əngəlsiz ötmədi. Titrləri idarə edən xanım ya ingilis dilini bilmirdi, ya ana dilimizi bimirdi, ya da texnikadan tamamilə xəbərsiz idi. O üzdən dialoqların tərcüməsi gah ləngiyir, gah irəli qaçıb hadisələri qabaqlayır, və lap təsadüfən olsa belə bircə dəfə də səhnədə baş verənlərlə üst-üstə düşmürdü ki düşmürdü. O köhnə lətifəni bilən hər kəsin, heç şübhəsiz, ürəyindən keçirdi ki, “ədə, titrovalşik, ə boyaa qamış ölçüm” deyib də etirazını bildirsin, “London teatrallarının bu gözəl niyyətlərinə mane olma” desin, amma ürəkdən keçənlər elə ürəkdə də səslənirdi. Texniki xətadı da, oldu keçdi. Gəl ki bu xəta iki saat sərasər davam edəndə... nə isə. Əsas bu deyildi. Əsas bu idi ki, dünyaya səs salan “Qlobus” Bakıya gəldi, rejissor Dominik Dromqulun əsəri bizim səhnədə oynanıldı, Hamlet məşhur monoloqunda söylədiyi kimi burada “oldu” da, “öldü” də.


Müəllif: Afaq Vasifqızı