9 Oktyabr 2015 21:10
1 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda saytların birində sorğu keçirilmişdi: “Facebook ciddi bir yerdirmi?” Sorğuya cavabları oxudum, mənə elə gəldi ki, Facebook-un ciddi yer olub-olmadığını heç kəs bilmir. Elə buna görə bu sual ətrafında var-gəl etmək istəyirəm.

Doğrudan, Facebook virtual bir cəmiyyətə çevrilib və burada da real həyatda olduğu kimi, müxtəlif xarakterli insanlar var, daha doğrusu, profillər var və imkanlar çox böyükdür. Məsələn, səhifə açıb, ətrafına nə qədər istəsən, adam toplaya bilərsən və öz əlin öz başın olar. Get-gedə Facebook səhifən sənin mətbuat orqanına çevrilər, əməlli-başlı çap olunarsan, beləliklə, it də tanıyar, qurd da. Burda çətin bir şey yoxdur.

Elə adamlar var ki, siyasətə Facebook-dan gəlir, elə adamlar da var ki, onun ədəbiyyatda, kinoda, ümumiyyətlə, cəmiyyətdə tanınmağı sosial şəbəkənin xidmətlərindən asılı olub və biz buna artıq pis baxmamağa başlamışıq. Yəni Facebook-a lağ eləmək imkanlarımız əvvəl vardı, indi daha yoxdu. Uzaq başı Facebooka qəzəblənib onu fahişəyə oxşada bilərik.

Təkcə haqqında danışdığımız sorğuda deyil, başqa münasibətlərdə də tanınmış şəxslər Facebook-un sağalmaz bir xəstəliyə çevrilməsindən o ki var gileyləniblər. Bütün bunlar bir yana qalsın, məni yandırıb-tökən ayrı şeydi. Əziyyət, zülum çəkib üç roman yazmışam, təsəvvür eləyin, kənddə qoyun otaran əmim oğlu ölkədə bəlkə də, məndən çox tanınır. Təbii, Facebook-un gücü hesabına. Dərdimi kimə deyim, heç bilmirəm.

Bu yaxınlarda kəndə getmişdim. Həmin əmim oğlu, mən, bibilərim oturub bir süfrə arxasında deyib gülə-gülə söhbət eləyirdik. Birdən necə oldusa, söz mənim yazılarımdan düşdü və əmim oğlu başladı mənə lağ eləməyə. Dedi, gic-gic şeylər yazırsan. Mən də eləmədim tənbəllik, qayıtdım ki, sənin o bəyənmədiyin yazıya görə filan deputat mənə filan yerdə qonaqlıq verdi, necədi səninçün? Neçə ildi kəndə ayaq da basmıram deyə, mən yazıq elə bilirəm ki, burada deputat adını eşidəndə hamı susacaq və məcbur olub razılaşacaqlar ki, kişinin yazısını-filan deputat bəyənibsə, deməli, nəsə var. Amma sən saydığını say gör fələk, daha doğrusu, əmin oğlu nə sayır. Qayıtdı ki, o deputatın zövqünə inanmıram.

Bütün günü qoyun otaran bir uşağın dilindən zövq sözünü eşidəndə matım-qutum qurudu. Bu, nə bilir zövq nədi? Soruşdum ki, sən o deputatı tanıyırsan ki? Əmioğlu eləmədi tənbəllik telefonu açıb, Facebook-da danışdığı adamları mənə göstərdi. Lap gözüm kəlləmə çıxdı. Sən demə, bu uşağın cəmiyyətimizin tanınmış ziyalıları, say-seçmə kişiləri ilə əməlli-başlı zarafatları varmış, hörmət-izzətləri varmış. Necə ki, inboksda əmim oğluyla həmin deputat zarafatlaşa-zarafatlaşa söhbət eləyir, deyib-gülürlərmiş. Deputat bizim uşağa yazıb ki, yaxınlarda yolum İmişliyə düşəcək, əlaqə saxlayıb, sizin kəndə də gələrəm, mənə yaxşı bir quzu kəsərsən. Əmim oğlu da cavab yazıb ki, quzu sənə qurbandı, özü də mələməmişindən.

Əmim oğlunun adını çəkmək istəmirəm, Facebook-da çox məşhur bir oğlandır, amma istəmirəm kimlərsə o uşağın mənim əmim oğlu olduğunu bilsin. Statusuna ən zəif layk gələndə mini keçir. Onun Facebookda nə qədər tanınmış dostları var, bunun hamısını gözümlə gördüm və çörək süfrəsi arxasında udquna-udquna qaldım.

Söhbət ondan gedir ki, bu adam, əmioğlunu deyirəm, şair deyil, yazıçı deyil, aktyor deyil, ümumiyyətlə, orta məktəbi düz-əməlli qurtarıb, ya qurtarmayıb, bilmirəm, ictimai fəal deyil, bəs niyə onu cəmiyyətdə bu qədər tanıyırlar?

Söhbət təkcə əmim oğlundan getmir. Sosial şəbəkələrin yaratdığı imkanlar doğrudan da, sonsuzdur. Facebook-da elə qızlar tanıyıram ki, adicə bir statusuna iki-üç min layk gəlir. Hərdən öz-özümə fikirləşirəm ki, qonorar versəydi, o qızın profilinə köşə yazardım. Yəqin, xeyli oxunar, rəylər gələr, yazıma qarşı münasibətlər məni daha da həvəsləndirərdi.

Əvvəldə dediyim kimi, maşallah, nə qədər gənclər var ki, ədəbiyyata Facebook-dan gəliblər. Konkret adamlar tanıyıram - adların çəkmək istəmirəm, bir də görəcəksən, haqqımda status yazıb məni biabır elədilər. Ancaq yaxşı yadımdadı ki, onların ilk statuslarına cəmi bir-iki layk gələrdi. Sonra tədricən, inkişaf elədilər, indi bazarı əməlli-başlı tutub meydan sualayırlar. Bütün bunlar zərərli bir şeydi, ya əhəmiyyətlidi, düzü, bu barədə heç bir fikrim yoxdu. Mən sadəcə, faktı deyirəm. Qəribə bir mənzərə yaranıb.

Bəs doğrudan da, Facebook ciddi yerdirmi? Elə bu yazım da təxminən, bu sual ətrafında danışdı, ancaq mənə elə gəlir, nə qədər danışır-danışsın, indiki şəraitdə Facebook-un ciddi bir yer olub-olmaması haqqında konkret fikir söyləmək çox çətindir. Çünki biz Facebook-dan çox asılıyıq. Facebook ciddi yer deyilsə, belə çıxır ki, heç biz də ciddi adamlar deyilik.


Müəllif: Kəramət Böyükçöl