12 Oktyabr 2015 14:36
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmişə “milli-mənəvi dəyər” sözündən acığım gəlib. Lap ağlım kəsəndən bu sözü eşidəndə elə bil başıma bir qazan qaynar su tökürlər. Ümumiyyətlə, düşünmüşəm ki, keçmişlə bağlı nə varsa, hamısını həyatımızdan silib atmalıyıq və özümüz üçün müasir dünyəvi təfəkkürə uyğun yeni adət-ənənələr yaratmalıyıq. Məşhur bir fikirdə deyildiyi kimi, keçmişi öyrənmək olar, ancaq köhnə səhvləri təkrar etməmək üçün. Doğrudan, keçmişlə yaşamaq çətindir. Keçmişə səs verən adamları heç cürə anlaya bilmirəm. Keçmişə bu qədər ürəkdən bağlılıq bizi bir millət kimi həmişə geri qoyub və geri qoymaqdan davam edir.

Nə qədər ki bəşəri duyğularla deyil, xırda milli hisslərlə yaşayırıq, deməli, həmişə cəmiyyətdə mənasız hadisələr baş verəcək. Məsələn, arvad qısqanclıq üstündə ərinin cinsiyyət orqanını kəsəcək, ər bütün günü arvadını güdəcək ki, görüm hara gedir, haradan gəlir, sürücü iyirmi qəpiyin üstündə sərnişini bıçaqlayacaq, ata oğula qırx bıçaq zərbəsi vuracaq, oğul ananı öldürəcək ki, qab yuduğu kafedə əxlaqsızlıq edirmiş...

Niyə heç kəs rahat deyil, niyə hamı narahatdır? Niyə hamı axtarır, hamı gəzir? Niyə hamı şübhə içindədir? Niyə heç kəs heç kəsə inanmır? Niyə hirs, hikkə imkan vermir ki, adamların gözü tam açılsın, dünyanı daha aydın gözlə görsün, dərk eləsin? Niyə küçəyə çıxıb bir adamın üzünə baxanda qorxursan, elə bilirsən ki, bu saat səni yıxıb yerə başını kəsəcək? Ümumiyyətlə, niyə suallar bu qədər çoxdur, niyə?

Qınamayın, belə şeylərin hamısı mənə elə gəlir ki, milli-mənəvi-əxlaqi dəyər dediyimiz şeyin bizdə yaratdığı hiss və düşüncə ilə bağlıdır. Biz ya milli-mənəvi-əxlaqi dəyər sözünü doğru-dürüst dərk eləmirik, ya da dəyərlərimiz dəyər deyil, zəhərdir. Zəhərdən uzaq durmaq lazımdır. Məsələn, televiziyalarda, sayt və qəzetlərdə milli-mənəvi dəyərlərlə bağlı nə qədər verilişlər, sorğular, reportajlar gedib, hələ heç kəs düz-əməlli cavab verə bilməyib ki, milli-mənəvi dəyər nə deməkdir və ya milli-mənəvi dəyər deyəndə nə başa düşülsün? Kimin qarşısına belə sual qoyulursa, qarşı tərəf mütləq nala-mıxa vurur. Vurmasa, deməli, sual da cavabsız qalacaq. Bəzən də suala elə cavab verirlər, baxırsan ki, bunu nənəm də bilir. Deyirlər, milli-mənəvi dəyər deyəndə xalqımızın adət-ənənələri yada düşür. Söhbət hansı adətdən, hansı ənənədən gedir? Bir-ikisini deyin, mən də bilim.

Bəlkə, söhbət yengəlik adətindən gedir. Doğrudan belədirsə, yengəliyin nəyi milli-mənəvi dəyərdir? Və ya söhbət kirvəlikdən gedirsə, bunun nəyi dəyərdir? Eyni zamanda, yumurta döyüşdürmək, dəm-dəsgahlı toy çaldırmaq, bu dəyərlərin mahiyyəti, fəlsəfəsi nədir? Nə qədər adamdan soruşmuşam, demirlər. Nəhayət, görürsən ki, bu sözün adı var, milli-mənəvi əxlaqi dəyər, amma özü yoxdur. Bəs mahiyyəti olmayan bir şeyi qorumaqla niyə bir-birimizi aldadırıq? Bəlkə, başımızı qatırıq?

Bu sözlər 75 yaşlı tanınmış bir yazıçınındır: “Milli-mənəvi-əxlaqi dəyər deyəndə ilk növbədə göz önünə millətin yaddaşı gəlməlidir. Milli-mənəvi dəyər millətin mənəvi, əxlaqi yaddaşıdır. Hər kəsin böyüdüyü ailə hansı tellərlə kökə bağlıdır. Əgər o ailənin kökə bağlılığı yoxdursa, sonra nə qədər çalışsan da, o, kökə bağlanmır. Ailədə, evin içində mənəvi dəyərlərin ilkin rüşeymlərini özündə hiss edirsən və doğulan gündən ta evdən çıxanacan, gedib sərbəst həyat yaşayanacan bu hiss daxildə inkişaf edir”.

Yenə baxırsan ki, söz var, amma mahiyyət yoxdur. Sual yenə də cavabsız qalır. Bəlkə biz hələ də milli-mənəvi dəyərlərin ünvanını axtarırıq? Ancaq dünyada bir çox millətlər var ki, öz köklərini, milli-mənəvi dəyərlərini, varlığını, daxili aləmini gözəl bilirlər, yaxşı tanıyırlar və birdəfəlik bu məsələ ilə vidalaşıb yeni dəyərlər yaratmaqla məşğuldurlar. Bizdə isə tamam başqa cürdür. Nə bilim, vallah. Düzü, yoruldum.


Müəllif: Kəramət Böyükçöl