Ata, mən demək olar, on ilə yaxındır yazı-pozu adamlarının arasında gəzib-dolanıram, özün bilirsən. Çoxu ilə oturub-durmuşam, araq içmişəm, çörək kəsmişəm, sən də buna görə məni danlamısan. Kimsə deyə bilməz ki, Kəramətlə heç çay da içməmişik. Mən bu insanları ümumi yox, bircə-bircə tanıyıram.
Oxucularımla da münasibətlərim çox yaxşıdır, şükür Allaha. Bir də görürsən, bir yazımı üç min adam oxuyur, hamısı ilə ən azı salam-sağ olum var, oturub-dururam. Amma hərdən nadan adamlar da çıxır qabağıma. Yadıma gəlir, “Feysbuk”da kimsə mənim yazımı paylaşmışdı. Çoxlu oxucu rəyləri gəlmişdi. Oxuculardan biri yazmışdı ki, super, əla, möhtəşəm, müəllifə eşq olsun! Aradan iki dəqiqə keçəndən sonra həmin oxucu təzədən rəy yazdı ki, ay daaa, bu, Kəramətin yazısıdı? Tez əvvəlki rəyini silib təzəsini yazdı ki, Kəramət yenə ağzına gələni basıb-bağlayıb.
Ata, soruşa bilərsən ki, bəs birbəbir tanıdığım adamlar haqqında ümumən nə düşünürəm? Düzü, elə mən də yazımda bu barədə danışmaq istəyirəm.
Necə olacaq, baxıram ki, hamı sevinir, xoşbəxtdir, hamı deyib-gülür, millət kefdədir. Yazarlar kitab çıxarır, reklam edir, özlərini tanıdırlar. Heç bir qadağa yoxdur. Yəni cəmiyyətdə hərəkət var, keylik yoxdur. Bunu sən də bilirsən, ata. Amma bilmirsən ki, bu adamlar başqa nə istəyirlər? Belə pis çıxmasın, nədən narazıdırlar, dərdləri-azarları nədir? Yeyib-içən kim, istirahətə gedən kim, lap vur çatlasın, çal oynasın. Biri Qubada, biri Naxçıvanda, biri Dubayda, biri ayda, biri çayda. Kirayədə qalanlar həyatı elə gözəl yaşayır, Bakıda beş evi olan adam o qələti eləyə bilmir. Sənin yaxşı bir sözün var, tez-tez deyirsən ki, həyata ən azı dörd-beş tellə bağlanmalısan. Telin biri arvadın, biri qızın, biri oğlun, biri iş yerin, atan, anan... Bir telin qırılanda o biri işə düşür, bu biri qırılana kimi əvvəlki təmir olunur. Belə.
Bu günə kimi hər şey gözəl idi, bircə vəzifəmiz çatmırdı. Nə yaxşı ki, o da həll olundu. Necə deyərlər, hər yarağım düzəlmişdi, qalmışdı saqqal darağım. Şükür Allaha, son vaxtlar mətbuatımızı vəzifə xəbərləri başına götürüb. Amma hamı bir yerdə vəzifəyə gedə bilməz ki... Belə işlər yavaş-yavaş olur. Beş-altı nəfər bu il, başqa on-on beş nəfər gələn il. Yəqin bir-iki ilə hərənin əlinə bir şey verəcəklər. Buna görə darıxmaq lazım deyil. Amma mən yaman sıxılıram, ata. Bu xasiyyət mənə səndən keçib.
Sıxılmağım ən çox ona görədir ki, vəzifəyə gedən adamlarda məndə qəribə bir paxıllıq hissi də var. Düşünürəm ki, əslində, birinci mən getməli idim o işə. Yazıq anam həmişə deyir ki, hər kəs bir yana çıxacaq, bala, səndən heç nə olmayacaq. Mən də gülürdüm. Deyirdim ki, onsuz da, hamı öləcək ana, boş ver getsin. İndi yaman peşman olmuşam. Arvad düz deyirmiş, belə getsə, hamı iş-güc yiyəsi olacaq, vəzifə sahibi olacaq, Allah eləməsin, bircə mən qalacam ortalıqda. Nə gəlir, kasıbın başına gəlir.
Ən böyük arzum bilirsən nədir, ata? Bir gün saytlarda belə bir xəbər getsin: “Kəramət Böyükçölə vəzifə verildi”. Vallah, lap xəbər yalan olsun, amma olsun. Lap maaşım az olsun, lap katibəm olmasın, amma vəzifəm olsun, ata. Mən də vəzifə istəyirəm, vəzifə gözəl şeydir.