14 Oktyabr 2015 14:53
3 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bildiyimiz kimi, dünən axşam saatlarında mənə çox ciddi bir vəzifə verildi. Bu barədə mətbuatda xəbər getdi, ancaq işimin nə olduğu açıqlanmadı. Nə olur-olsun, əsas odur ki, vəzifə olsun. Hər halda bu sözün işığına bütöv bir nəsil qızına bilər. Düzü, söhbət çoxdan var idi ki, məni harasa çəkəcəklər. Bu barədə lazımlı adamlarla görüşüb danışmışdım da. Mənim boynuma nə düşürdüsə, eləmişdim, oturub evdə xəbər gözləyirdim.

Bu da xəbər: “Kəramət Böyükçölə vəzifə verildi”. Buna görə çox sevindim. Dünən xəbəri eşidəndə mən Bakıda deyildim, uzaq bir yerdə yaxın bir qohumum rəhmətə getmişdi, onun yas yerində çörək yeyirdim. Yas yerində sevinmək yaxşı çıxmır, buna görə özümü güclə saxlasam da, axıra kimi bacarmadım. Birtəhər arxa bir yerə çəkilib o ki var, sevindim. Əlimdə-ovcumda nəyim vardısa, hamısını satıb bu işə vermişdim. Gecə-gündüz fikirdən yata bilmirdim. Gördüm heç kəs baxmır, xəlvətcə yas çadırının arxasında qol açıb oynadım da. Sevinc hissini, həyəcanı əməlli-başlı canımdan sıyırıb çıxardım.

Dostlarım, yaxınlarım zəng eləyib yeni işimə görə məni təbrik elədilər. Buna görə çox sağ olsunlar. Düzü, dostlarımın bu qədər çox olduğunu bilmirdim. Hiss edirdim ki, mənimlə danışan adamların hamısının səsi dəyişib, intonasiyalarında özümə qarşı sonsuz hörmət və sayğı duyurdum. Jurnalistlərin ardı-arası kəsilməyən telefon zənglərində əsas sual ondan ibarət idi ki, vəzifəyə gedəcəyindən əvvəlcə xəbəriniz vardımı? Dedim ki, elə şey olar? Əlbəttə, xəbərim yox idi. Hər şeyi dostlarımın zəngindən sonra bildim. Etimad göstərənlər sağ olsunlar, Allah köməkləri olsun. Bütün ömrüm boyu çalışacağam ki, göstərilən diqqətə layiq olum.

Bir məsələ də vardı ki, rayona yas yerinə gedəndə cibimdə pul çox az idi. Əlimdə-ovcumda heç nə qalmamışdı. Əynim-başım da çox nimdaş görünürdü. Lap utanırdım. Boy-buxun, saç-baş hamısı yerində idi, qurban olduğum elə bil məni vəzifə üçün yaradıb, amma di gəl ki, dörd-beş il bundan qabaq aldığım şalvar, köynək hələ də canımdan azad olmamışdı. Bəs mən belə bir vəziyyətdə Bakıya necə qayıdım? Ayıb deyilmi o boyda vəzifənin sahibi belə kökdə adam qabağına çıxsın? Xeyli düşünüb-daşınandan sonra ilk ağlıma gələn o oldu ki, təcili şəkildə borc pul tapıb geyim-kecimimi düzəldim, özümün olmasa da, qohum-əqrəbadan görüm kimdə normal bir maşın var, oturub gəlim şəhərə, işə başlayan kimi qalan şeyləri həll eləyərəm.

Bilirsiniz, vəzifə elə bir şeydir ki, burda insan olduğunu nə qədər bildirməsən, o qədər yaxşıdır. Bu sözümü başqa mənada başa düşməyin. Yəni bir az sərt olmaq lazımdır. İnsanların gözünə nə qədər az görünsən, o qədər hörmətli olarsan. Adamlar ki, səni görəndə bir addım kənara qoyub, pencəklərinin orta düymələrini bağlayıb əllərini də arxalarında cütləmədi, ta o nə vəzifə oldu?

Başqa bir əsas məsələ də odur ki, vəzifə əbədi şey deyil, amma müvəqqəti olan bir şeydən sən gələcəyin üçün istifadə eləyə bilmirsənsə, deməli, balaların sənin ağzına-üzünə söyəcək. Xərc çəkib bu boyda işə gəlmişəm, nə olar ki, mənim də dörd-beş yerdə yüngülvari dükanım olsa, nə olar ki, şəhərin mərkəzi yerlərində dörd-beş balaca restoranım olsa, nə olar ki, şəhərin üç-dörd yerində evim olsa, nə olar ki, iki-üç maşınım olsa? Çox şey nəyə lazımdır. Onsuz da dünya fanidir, heç kəs beş metr ağdan başqa heç nə aparmır.

Bir də ən vacib məsələ katibədir. Xalqa xidmətə katibədən başlayanda o vəzifə uğurlu olur, xeyirli-bərəkətli olur. Əslində, vəzifənin vəzifə eləyən katibədir. Bunu mən deyirəm. Katibən olmadısa, o işi apar tulla. Katibə iş yerinin yaraşığıdır. Qapını açanda ki, üzünə ay parçası kimi yupyumru bir gəlin gülümsəmədi, deməli, həmin gün işə gəlməmisən.

Bundan başqa iş otağının arxasında balaca bir yataq otağı da olmalıdır. Ora yüngülvari divan-kreslo qoyursan, balaca bir sauna düzəldirsən, qurtardı getdi. Adam ciddi işləyəndə çox yorulur, tez-tez əsəbiləşirsən, beyin dözmür. Deməli, dincəlmək lazımdır. Tez keçirsən arxa otağa, orda yüngülcə uzanırsan, canını dincə qoyursan, yuyunursan, yaxşı tərləyirsən, boynunu, kürəyini yaxşı masaj elətdirirsən, olursan qoz kimi! Yaxşı pürrəngi çaydan sonra yenidən xalqa xidmət kimi məsuliyyəti bir işin başına keçirsən.

Düzü, mən addım səslərini yaxşı tanıyıram, amma otağında kameranın olmağı yaxşı şeydir. Çünki lazımsız adamlar çox gəlib-gedir. Elələri olur ki, gəlib adama qəzəl danışır. Bir də görürsən kimsə gəlib deyir, ərim Xocalıda ölüb. Neyləyim, ərini mən öldürmüşəm? Qayıdır ki, oğlum Şuşada itkin düşüb? Neyləyim, oğlun cibimdədi? Arvad dil qəfəsə qoymur, deyir, qızım əsir düşüb, tək qalmışam, özüm də heç yerdə işləmirəm, dolana bilmirəm. Mən neyləyim sənin qızın əsir düşüb? Elə danışırsan ki, elə bil qızını mənim evimdədi. Bu insanlar birdəfəlik başa düşməlidir ki, vəzifə sahibi bank üstündə oturmayıb. Mən camaatın qeydinə qalım, yoxsa öz ailəmin, ev-eşiyimin dərdini çəkim?

Belə adamları kamerayla əvvəlcədən görmək yaxşıdır. Yəni bəri başdan qabaqlayıcı tədbir görəsən ki, hansısa yetim-yesir otağına kimi gəlib çıxmasın. Bizim Qarabağ kimi böyük dərdimiz var, mən burda Ağdamın, Laçının, Kəlbəcərin dərdini çəkirəm, bu da gəlib deyir, işləmirəm, mənə iş ver. Utanmasa deyər ki, bacını-qardaşını çıxar, məni qoy onun yerində. Bu adamlarda abır-həya qalmayıb. Mən bütün günü otağımda doğma dədə-baba yurdumu düşünməsəm, ağlayıb-sızlamasam, bəs onda bu elin, obanın dərdini kim çəkəcək?

Yas yerində adam qalmamışdı. Tez rayonun mərkəzi dükanlarından birində yaxşı geyinib-kecindim, yaxın bir qohumumun maşını gəldi, arxa oturacaqda oturub Bakıya yola düşdüm. Fikirləşdim ki, qohumum işsiz adamdı, maşını da, maşallah, yaxşı sürür. Sürücü kimi işimə çox yaraya bilər. Elə onun əmrini verim işləsin. Jurnalistlər də bir tərəfdən bezdirib, bunlar nə həyasız adamlardı! Zəng zəngin dalınca gəlir. Deyirəm, qoyun bir gedib iş yerimə çıxım, sonra danışaq, başa düşmürlər.

Kürdəmir yolu yaman narahat idi. Elə bil yellənçəkdə oturmuşdum. Məni əməlli-başlı yuxu aparmışdı. Gözümü açan kimi bəd xəbər eşitdim. Mətbuatda yazılmışdı ki, dünən axşam saatlarında tanınmış yazıçı Kəramət Böyükçölə vəzifə verilməsi haqqında xəbər yayılıb. Yazıçı bunu eşidən kimi qohumlarından borc pul almış və sevinc hissləri içərisində İmişlidən Bakıya yola çıxmışdır. Lakin Kürdəmir yolunda işdən çıxarılması ilə bağlı aldığı xəbər onu sarsıtmış və yola düşdüyü maşındaca ürəyi getmişdir.

Sürücümün səsinə ayıldım: "Yazıq verdiyini yığmamış getdi".


Müəllif: Kəramət Böyükçöl