Hər il mayın axırı – dərslər qurtaran kimi atamız bizi rayona göndərirdi. Onun arvad-uşağı başından eləmək bəhanəsi məktəblər bağlanar-bağlanmaz hazır olurdu: “Gedin bir az dincəlin, uşaqlar bu istidə bişməsin”.
Uşaqlar bir-birinə tez isnişir, rayona gedən kimi ordakı yaşıdlarıma qoşulub bütün-günü futbol oynayır, alma oğurluğuna, göldə çimməyə, balıq tutmağa gedirdim. Uşağın beyni ağ kağız olur – onların bütün danışdıqlarını, söz-söhbətlərini, hətta söyüşlərini də beynimə köçürürdüm. Hər dəfə bir ayıb söz işlədən kimi anam dəli olurdu, qardaşıma hirslənirdi:
– Ay bala, bu yetimi niyə gözündən qoyursan? Bütün günü çayxanada futbola baxırsınız, apar sənin yanında olsun dana! Burdakılara qoşulub ağzına gələni danışır. Bakıya qayıdanda biz bununla nağaracağıq? Ağlınız bura getməsin, sabah məktəbdə birinin anasına söyəcək, camaat üstümüzə sürəyə gələcək!
Qardaşım məni özüylə çayxanada futbola baxmağa aparmırdı. Yəqin onlar da öz aralarında mənim hamının yanında söydüyüm söyüşləri söyürdülər.
Belə günlərin biriydi, parkda futbol oynayırdıq. Qardaşım dindar dostu ilə kənarda oturub bizə baxırdı. Mən yenə başlamışdım: Ona ana, buna bacı, o birinə nənə...
Rayon uşaqları mənə tərs-tərs baxır, sonra üzlərini çevirib baxışları ilə qardaşıma şikayət eləyirdilər. O da mənə əsəbiləşirdi:
– Yaxşı, sən bir də futbol oynamaq görərsən, dayan!
Heç nə vecimə deyildi, söyüş söyməkdə özümə korluq vermək istəmirdim.
Oyun qurtaran kimi qardaşımın dostu məni yanına çağırdı:
– Gəl görüm bura, sən niyə belə çox söyüş söyürsən, hə?
– Baxışlarımla qardaşımdan kömək istədim, onun məzəmmət dolu nəzərləri altında əzilib, başımı aşağı saldım. Dindar oğlan davam elədi:
– De görüm kəlimeyi-şəhadətini bilirsənmi?
Kəlimeyi-şəhadətin nə olduğunu bilmirdim. Ancaq adından nəsə dinlə bağlı olduğunu hiss elədim.
– Sənnənəm dostum, de görüm, kəlimeyi-şəhadətini bilirsənmi?
– ...
Bax görürsənmi, kəlimeyi-şəhadətini bilmirsən, amma bu boyda söyüş bilirsən. Sənin kimi ağıllı oğlana yaraşarmı bu? Hər müsəlman kəlimeyi-şəhadətini bilməlidir. Axşam evdə ol, səni özümlə məscidə aparacam. Yaxşımı?
– Yaxşı.
Mömin oğlanın mənimlə mehriban danışmağından ürəkləndim.
Axşam qardaşımın dostu gəlib məni evdən götürəndə anamgil yüz yetmiş altı dəfə tapşırdılar ki, uşaq şəhərdən gəlib, gecə məsciddən qayıdanda məni düz evə kimi ötürsün. Buraları tanımıram, birdən gecə it tutar. Mömin oğlan bütün inanclı insanlara xas rahatlıqla, üzündə təbəssümlə onları razı saldı, məni özüylə götürüb məscidə apardı.
İndiyədək rayon məscidinin həyətində olmamışdım. Ancaq günortalar – bir iki dəfə göldə çimməyə gedəndə buranın həyətindəki bulağı, zoğal, tut ağaclarını, qızılgülləri görmüşdüm. Yayın cırhacırında göldə çimməyə tələsən uşaq üçün bir ins-cins olmayan məscid həyəti nə qədər maraqlı ola bilərdi?
Biz gələndə məğrib namazının azanına 10-15 dəqiqə qalırdı. Həyət mənə nağıllar aləmi kimi gəldi. Günorta gördüyüm məscid getmiş, əvəzinə sirli-sehirli bir dünya gəlmişdi. Bulağın suyunun səsi, bağçadakı lampalardan düşən işıq, təsbeh dənələyən əbalı, saqqallı möminlər, fəsli cavanlar, dəstəmazxananın qabağındakı dindarlar... Ağzım açıq qalmışdı.
– İndi gedək namaza, sonra sənə kəlimeyi-şəhadət öyrədəcəm.
Mömin tapşırdı ki, namazda bir kəlmə də danışmayım və hamının elədiyi hərəkətləri təkrar eləyim. Dediklərinin hamısına əməl elədim. Namaz vaxtı insanların elədiyi hərəkətlər, ərəbcə oxunan həzin surələr, imamın avazı məni ovsunladı.
Məğrib namazından sonra adamlar bir-bir imama yaxınlaşır, onun əlini sıxıb deyirdilər:
– Allah qəbul eləsin!
İmam cavab verirdi:
– Əcməin!
Mən də əlimi uzatdım. İmam gülümsəyib əlimi sıxdı, başımı sığallayıb, saçımdan öpdü.
Evimizin beş addımlığında belə bir yer var imiş, ora gecələr belə rəngə boyanırmış və mənim indiyədək bundan xəbərim yox imiş. Bu necə ola bilərdi?
O gündən məscidə könül verdim. Yaşıdlarımdan ayrıldım, bir də onlarla nə futbol oynamağa, nə də göldə çimməyə getdim.
***
Dostuma məscidin həyətində balaca bir otaq vermişdilər. Adını da qoymuşdular mədrəsə. O, həftədə üç dəfə dərs keçirdi. Dərslərin ikisi “Quran”, biri isə peyğəmbərin həyatı və din dərsləri idi. Hərəmizə də bir ağ fəs bağışlamışdı.
Hamıdan həvəsli mən idim. Artıq məscidə özüm gedib-gəlməyə başlamışdım. Dərs günləri mömin oğlanın bağışladığı ağ fəsi başıma taxır, “Quran” əlifbasını bağrıma basır, (məsciddə bizə öyrətmişdilər ki, ərəb hərfləri “Quran” hərfi olduğuna görə müqəddəsdir, onu göbəkdən aşağı tutmaq olmaz. Ona görə əlifbanı bağrımıza basırdıq) məscidə yollanırdım.
Yoldaşlarım məni görən kimi “molla gəldi” deyib lağa qoyurdular. Onların sözlərinə, atmacalarına əsəbiləşsəm də, dərsə gecikməyim deyə, fikir vermir, addımlarımı yeyinlədirdim.
Çox həvəsli idik. Bəzən dərsdən sonra qalır, mömin oğlanı sual yağışına tuturduq. Bir dəfə uşaqlardan hansısa qayıtdı ki, biz Bakıda olanda Mirmövsüm Ağa ziyarətinə getmişdik, orda qurban kəsdik.
Mömin oğlan güldü:
– Uşaqlar, siz namazı öyrənin, “Quran”ı öyrənin, böyüklər ziyarətə gedəndə onlarla getməyin. Mirmövsüm Ağa söhbəti şiələrin nağıllarından biridir. Belə yerlərə getmək adamı şirkə apara bilər.
– Bütün sinif xorla soruşduq:
– Şirk nədir?
Mömin bir az tərəddüd elədi:
– İnşallah, başa salaram. Hələ sizə tezdir.
Sual dolu baxışlarımız onun inadını qırdı:
– Şirk, uşaqlar, Allaha şərik qoşmaq deməkdir, yəni elə yerlərə gedəndə bir az ehtiyatlı olmalıyıq. Allah sübhanə və təala “Quran”da deyir ki, mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım.
– Cinləri?! – heyrətlə soruşduq.
Mömin davam elədi:
– Cinlər iki yerə ayrılır. Müsəlman cinlər, kafir cinlər. Allah cinləri və insanları yaradıb ki, yalnız ona ibadət etsinlər, yalnız ona şükr etsinlər.
Günorta namazından sonra başlayıb, bir saat yarım çəkən dərsimiz şirk söhbətinin sayəsində düz əsr namazına qədər davam etdi. Uzun-uzadı sual-cavabdan sonra məlum oldu ki, Mirmövsüm Ağa, Seyid Lazım Ağa, Sarı Seyid, Qərib Seyid söhbətləri boş şeylərmiş, şiələrin uydurmasıymış. Belə yerlərə gedən adam Allaha şərik qoşmuş sayılır.
Söhbət bir-iki günün içində böyüdü, hətta bəzi valideynlər uşağın qolundan tutub məscidə gəldi. Axund qəzəbli valideynləri birtəhər sakitləşdirəndən sonra elan elədi ki, mədrəsə bağlanıb. Bundan sonra məsciddə ancaq namaz qılınacaq. Sakitcə gəlin, namazınızı qılın gedin, vəssalam!
***
Mədrəsəmiz bağlansa da, məscidə olan həvəsim ölməmişdi. Hər gün məğrib namazından əvvəl məscidə gedir, həyətdə oturub, azanı gözləyirdim. Azan çəkiləndə gözüm mədrəsinin ağzına vurulan qıfıla dikilirdi, gözləyirdim ki, qıfıl açılsın. Sonra da alayarımçıq öyrəndiyim surələrin qolunu-qanadını qıra-qıra, böyüklərin hərəkətini təkrar eləyə-eləyə namazlarımı qılırdım.
Məktəbi bağlanan oğlan yenə məscidə gəlib-gedirdi. Mən onu görəndə ürəyim atlanırdı, özümü üstünə atır, suallar yağdırırdım.
***
Bir axşam namazdan qayıdanda gördüm ki, bizdə qonaq var. Bir qadın və məndən bir az böyük olan qız stolun arxasında – anamla qabaq qənşər oturmuşdular.
Anam məni görən kimi səsini başına atdı:
– Balama qurban olum, balam namazdan gəlir. Gəl ömrüm-günüm, gəl o “kulfallahı”ı de, Sayalı xalannan qızı eşitsin!
Anamın mənim namaz qılmağımı hamının içində deməyindən həm narahat oldum, həm də nə gizlədim, gizli-gizli həzz aldım. Mən yaşda hər gün məscidə gedən, namaz qılan, hər gün məscidin axundunun əlini sıxan uşaq demək olar ki, tapmaq olmazdı. Mədrəsəyə bir-iki gün həvəs göstərən uşaqlar da məşhur davadan sonra valideynlərinin qorxusundan o tərəflərə hərlənmirdilər.
Yaşıdlarım içində karateyə gedən var idi, rəqsə gedən var idi, ingilis dilinə gedən var idi, amma məscidə gedən bircə mən qalmışdım.
Anamın rəfiqəsi üzümdən öpdü:
– Bıyy, az, bunun papağına qurban olum!
Evə gələndə qapının ağzında fəsimi çıxarmaq yadımdan çıxmışdı. Tez-tələsik çıxarıb cibimə dürtüşdürdüm. Anamgil gülüşdülər.
Oğrun-oğrun qıza baxdım. Onun gülməməyi, məni xeyli ürəkləndirdi, keçib üzbəüz oturdum. Anamgil bizi unudub öz söhbətlərinə qayıtdılar. Arvad dil boğaza qoymurdu:
– Dedim, əlim Allahın ətəyindədi, mən bu işdə bircə Allah deyib durmuşam. Bircə dədəm ordan sağ çıxsın, canımı o göydəki kişiyə qurban demişəm. Başqa heç nə istəmirəm. Doxtur ki, çıxıb dedi, yaxşı keçdi, narahat olmuyun, dedim, yığışın gedək, Şüvəlana, Mirmövsüm Ağada qurban kəsəcəm!
Mirmövsüm Ağa adını eşidən kimi özümü saxlaya bilmədim:
– Mirmövsüm Ağaya getmək şirkdi!
Sözün ağzımdan çıxmağıyla peşman olmağım bir oldu. Üzümü çevirib qıza baxdım, tez də başımı aşağı saldım. Gözüm onun toppuş ayaqlarına sataşdı.
– O nədi elə, dərdin alım?! – anamın rəfiqəsi soruşdu.
– Səyləmə ə! Dünənki uşaqdı, başımıza molla kəsilib. – Anam üstümə çəmkirdi.
Qızın yanında məni utandırdığına görə ona qəzəbləndim.
Arvad bir şey başa düşməyib üzünü anama tutdu:
– Nə deyir bu?
– Heç nə, meçiddə öyrədiblər ki, seyid ocağına-zada getməyin. Allahdan istəyin.
Qonağımız səsini bir az da yumşaltdı:
– Dərdin alım, biz ora gedib demirik ki, ay Mirmövsüm ağa, bizə filan şeyi var, biz orda deyirik ki, ay Allah sənə qurban olum, filan şeyi filan elə.
– Nəsə, fikir vermə, dalını danış.
Anam mənim söhbətimi açılmamış bağladı.
– Şirk nədi ki? – incə bir səs qulaqlarımda cingildədi. Toppuş ayaqlı qızın səsi idi.
– Şşşirk, şşşşrik, şşşşriikkk... – dilim topuq çaldı.
Tez özümü cəmləyib, cavab verdim:
– Şirk Allaha şərik qoşmaqdı. Kim Mirmövsüm Ağa ziyarətgahına gedirsə, Allaha şərik qoşur. Belə yerlərə gedəndə ehtiyatlı olmaq lazımdı. Allah “Quran”da deyir ki, mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım.
– Cinləri? – qız heyrətlə soruşdu.
Onun marağı məni sevindirdi. Əvvəlcə anamgilə baxdım, bizə qulaq asmadıqlarına, başlarının qeybətə qarışdığına əmin olandan sonra üzümü qıza tutdum:
– Cinlər iki yerə ayrılır. Müsəlman cinlər, kafir cinlər. Allah cinləri və insanları yaradıb ki, yalnız ona ibadət etsinlər, yalnız ona şükr etsinlər.
Sonra üzümə müdrik görkəm verib, qızın gözünü bir az da qırmaq istədim:
– Mirmövsüm Ağa, Seyid Lazım Ağa... Bunlar hamısı şiələrin uydurmasıdı. Dində belə şeylər yoxdur. İnşallah başa salaram, hələ sənə tezdir.
– Sən namaz qılırsan? – qız soruşdu.
– Hə. – lovğalandım.
– Hər gün məscidə gedirsən?
– Hə. – bir az da çox lovğalandım.
Qız azca fikirləşib soruşdu:
– “Quran” kitabını oxumusan?
– Hə.
– Hamısını?
– Hə, hə!
– Axı o yekə kitabdı. – gözlərində inamsızlıq yarandı.
– Hamısına yaxın oxumuşam.
Birdən qızın üzündə təbəssüm yandı:
– Sən bilirsən, mənim dayım cənnətə gedib!
– Hardan bilirsən? Onu bilmək olmaz, belə şeyləri ancaq Allah bilir!
– O şəhid olub, şəhidlər cənnətə gedir!
Mömin oğlan bizə bu barədə heç nə deməmişdi.
Bir az susduq. Mən onun gözlərinə, əllərinə, toppuş ayaqlarına baxdım.
Sükutu qız pozdu:
– Sən mənə namazı öyrədə bilərsən?
– Namazı?
– Hə də, deyirsən hər gün namaz qılıram.
– Öyrədərəm! – qətiyyətlə dedim.
Qız sevindi:
– Mən anama deyəcəm ki, bura tez-tez gələk. Tez-tez gələrik, sən mənə namaz öyrədərsən.
– Yaxşı. – ürəyim əsdi.
O qızın bir də gələcəyi gündən ötrü indidən darıxmağa başladım.
Axşam qonaqlar gedəndən sonra anamdan soruşdum ki, bu qızın dayısı doğrudan şəhid olub? O, mənim sualıma sualla cavab verdi:
– Sən hardan bilirsən, özü dedi? Qəşənq qız idi idi elə? Alımmı sənə? – anam əlini paçamın arasına atıb şaqqanaq çəkdi.
Utandığımdan boynum-başım od tutub yandı.
***
Məğrib namazından qabaq məscidə getmişdim. Bir az gözləyəndən sonra mömin oğlanın gəldiyini gördüm. Qaça-qaça gedib, qabağını kəsdim. O, əvvəl dəstəmaz almağa tələsdiyini dedi. Şəhidlər haqqında soruşduğumu eşidəndə isə duruxdu. Şəhidlər, şəhidlik barədə danışmağa başladı: “Əmmar Yasirin atası və anası, Həzrəti Həmzə, Həzrəti Əli...”
Mən onun danışdıqlarından ancaq adları başa düşürdüm. Və düşünürdüm ki, görəsən, bu adamların hansı o qızın dayısıdı?