Vüsalə Hüseynli
Bir neçə gün əvvəl Azərbaycan Dövlət Müstəqilliyinin 24 illiyini qeyd etdi.
24 il öncə xalqımız öz müqəddəratını həll etmək, müstəqilliyini qazanmaq üçün az qurbanlar vermədi. Fədakarlığımız da yetərincə oldu. Ağrısı həmişə bizi göynədəcək yaralar da sinəmizə çəkildi. Bütün bunların fövqündə müstəqil ola bildik. Özümüzün müstəqil bayrağımız, gerbimiz, himnimiz oldu. Xalqımız da müstəqilliyin ləzzətini yaşamağa başladı.
Təkcə müstəqil olmağın nə olduğunu bilməyən bəzi müxalifət başbilənlərindən savayı hər kəs müstəqillik necə olur dada bildi. Çünki belə olmasaydı, uzun müddətdir siyası səhnədə çəkilərini itirmiş partiya liderləri öz yerlərini gənc kadrlara ötürməkdən çəkinməzdilər. Əgər bu gün qeyd etdiyimiz hal baş vermirsə, elektoratlarının gündən-günə azalmasına rəğmən hələ də bu insanlar yerlərində dayanırlarsa, demək ki, bu insanlara xaricdəki başbilənləri hələ estafeti kiməsə ötürməyi məsləhət bilməyiblər.
Bu bir faktdır ki, bu gün Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa maraqlı olan bəzi qüvvələr, beynəlxalq təşkilatlar var. Hansı ki, məhz həmin dairələrlə artıq çoxdan çökmüş olan radikal müxalifətin nümayəndələri əməkdaşlıq edirlər. Ancaq bir şeyi həm beynəlxalq himayəçilər, həmdə radikallar unudurlar ki, istənilən ölkədə xaos, anarxiya o zaman yarana bilər ki, xalqın özü buna meyilli olsun. Ölkədə xaos yaratmaq üçün 5-10 nəfəri “mitinq” adı altında küçələrə tökməklə bunu etmək mümkün deyil.
Bü gün Azərbaycan xalqının siyasi şüur səviyyəsi, məsuliyyət dərəcəsi kifayət qədər yüksəkdir və bu səbəbdən xalqımız müxalifətin atdığı məsuliyyətsiz addımlarına hər hansı bir dəstək vermir.
Yəni, bu gün radikal müxalifətin xalq qarşısında blef etmək kimi bir lüksü yoxdur. Bəs, o zaman özlərini zorla xalqın yaxasına sırımış bu insanların əsl amacı nədir? Nədən hələ də səhnədə qalmağa iddia edirlər?
Görünən odur ki, bu insanlar iki məqsədlə gündəmdə qalmağa çalışırlar. Birincisi xarici qüvvələrin qarşısında xalqdan dəstək alan “müxalifət”çi obrazını yaradaraq öz maliyyə rıçaqlarını saxlamağa cəhd edirlər. İkincisi isə, özlərinin varlıqlarının gündəmdən silinməsi faktı ilə barışmayaraq, hələ də ayaq üstə olduqlarını təsdiqləmək niyyətindədirlər.
Xarici himayəçilər isə Azərbaycan dövlətinin müstəqil siyasət yürütdüyünü yaxşı bildiklərindən hakimiyyətə təzyiq etmək məqsədi və regionda gələcəkdə öz niyyətlərini həyata keçirmək üçün zəmin hazırlamaq məqsədilə ilə bu adamların “xidmət”lərindən yararlanmağa çalışırlar. Özləri də yaxşı bilirlər ki, “stavka” etdikləri qüvvələr öz resurslarını hələ neçə illər bundan öncə itiriblər. Sadəcə olaraq, Azərbaycana qarşı qəbul etdikləri populist boş kağız parçalarının nəticə vermədiklərini görəndə, bu insanları küçələrə salmaq taktikasına üz tuturlar. Bunlar isə öz köhnə missiyalarına sadiq qalaraq xarici “müdir”lərinin tövsiyələrindən kənara çıxmadan, “söz azadlığı yoxdur”, “demokratik dəyərlər pozulur”, “insan hüquqları pis gündədir”, “seçkilər saxtalaşdırılır” və s. kimi primitiv şüarları əllərinə alıb başlayırlar çığırmağa. Belə olmasaydı, oyuncaq mitinq bitər bitməz özlərini avropalı səfirlərdən birinin yanına yetirməzdilər.
Ancaq “sponsor”ların ağlına da gəlmir ki, bu adamlara öncə müxalifətçilik nədir, nədən başlayıb harada bitir dərslərini vermək lazımdır. Bunu öyrəndikdən sonra biləcəklər ki, müxalifətçilik küçələrə çıxıb çığırmaqdan ibarət deyil. Nə də öz maraqlarını dövlət maraqlarından üstün tutmaq, xarici qüvvələrə material ötürmək və s. demək deyil.
Qısacası müstəqil olmağı bacarmırsansa, səhnədə qalmağın mənası da yoxdur. Çünki 2 il-4 il bu “xidmət”dən istifadə edənlər çox keçmədən elan etdikləri “tender”in qalibi kimi yeni simalar axtarmağa başlayacaqlar. İndiki radikal “müxalifət” isə Azərbaycanın yaddaşında qara ləkə kimi qalacaq.
Onlar üçün düz yol hələ də gec deyil, təbii ki, müstəqil olmaq istəyirlərsə...