Vüsalə Hüseynli
Onlara qəlblərdə olduğu kimi meydanlarda da yer vermək lazımdır
Bu gün nə bir neçə gündən sonra keçiriləcək parlament seçkiləri, nə də son günlər ölkənin gündəmini zəbt edən, ictimai nəqliyyatda, dayanacaqlarda, sosial şəbəkələrdə müzakirə olunan “MTN işi” və aparılan həbslər barədə müzakirə açacam.
Bu gün qadınlardan danışacam!
...Sevməyi bacaran, fədakarlıq edən, cəmiyyətə övlad böyüdən, ailəsinə sahib çıxan, eyni zamanda sevdiyi tərəfindən xəyanətə uğradıqda nifrətini düşmənçiliyə qədər aparmağı bacaran, övladına həm ata, həm ana əvəzi olmağa qadir, sülhün carçısı olan, eyni zamanda hər kəsə, hətta kişilərə belə onlardan daha məsuliyyətli olduğunu təsdiq etməyi bilən, hər bir evin bəzəyi olan, kişilərin atan qəlbləri olan qadınlardan.
Ancaq biz bu gün qadınlarımızın sevgi dünyasından yox, onların cəmiyyətdəki rolundan, kişilərlə hüquqlarının nə qədər bərabər olub-olmadığından danışacağıq.
İlk sualımız da belə olacaq: Bu gün Azәrbaycanda qadın‑kişi bәrabәrliyi varmı?
Mürәkkәb sualdır, ona birmәnalı cavab vermәk bu səbəbdən çәtindir. Bir tәrәfdәn haqlı olaraq öyünürük ki, biz Azәrbaycan qadınıyıq. Çünki Azәrbaycan nәinki Şәrq, hәtta dünya tarixindә qadınlara bәrabәr hüquqlar tanıyan ilk ölkәlәrdәn biridir və dünya tarixində iz qoyub. Azәrbaycan ilk ölkələrdəndir ki, qadına hәm seçmәk, hәm dә seçilmәk hüququnu hәlә ötәn әsrin әvvәllәrindә Xalq Cümhuriyyәti dövründә verib. Cümhuriyyәtin qurucusu olan ulu babalarımız bununla islam, şәrq vә türk tarixindә Azәrbaycan qadınını yüksәldiblәr. Onlar bu addımları ilə dünyaya nümunə göstərə biliblər. Amerika Birlәşmiş Ştatlarında qadınlar bu hüquqa bir il sonra yiyәlәnә biliblər. Bu gün dünyada öz neytrallığı, demokratiya tәәssübkeşliyi ilә tanınan, әn azından özünü belә tәqdim edәn İsveçrәdә isә qadınlara seçilmәk hüququ yalnız 1976‑cı ildә verilib. Azәrbaycanda isә qadınlar üçün hüquqi bәrabәrlik 1918‑ci ildә tәmin edilib. Bu gün Azәrbaycan qadının qarşısında heç bir hüquqi‑siyasi әngәl yoxdur, әksinә, qadınların önә çәkilmәsi tәşviq edilir. Son bәlәdiyyә seçkilәrini götürsәk, demək olar ki, ölkәmizin seçki tarixindә inqilabi bir nailiyyәt olub.
Doğrudur, ciddi nailiyyәtlәr həmişə, inqilab yolu ilə deyil, tәkamül prosesi nәticәsindә qazanılır, amma nәticә etibari ilә yerli idarəetməyə keçirilən seçkilərdə qadınlarımız çox böyük nailiyyәtlәr әldә edə bildilər. Əvvəl bu rəqəm 4 % idisə, bu gün 34%-ə çatıb. Ancaq ümumi tərəziyə baxdıqda, bu nəticələr 50%-ə çatmadığı üçün bərabərlik tərəzisinin pozulmasının şahidi oluruq.
Әlbәttә, bu gün deyilə bilər ki, qadınların idarəçiliyə, sahibkarlığa və digər sahələrə cəlb edilməsi böyük әziyyәtlәr hesabına başa gәlir. Çünki bizim bir çoxlarımızın ataları, qardaşları, həyat yoldaşları hələ də mental dəyərlərin çərçivəsindən o tərəfə boylanmaq cəsarətini özlərində tapa bilməyib və ya tapmaq istəmirlər. Ancaq cəmiyyətimizdəki bütün qadınların ataları, qardaşları, hәyat yoldaşları onların ölkənin həyatında iştirak etməsinə, vətəndaşlıq borcunu yerinə yetirməsinin əksinə çıxmırlar. Onların özlərini bir insan olaraq təsdiqləməsinə etiraz etmirlər. Əksinə, güclü kişinin arxasında ağıllı qadın olduğu kimi, ağıllı qadının arxasında da ona cəsarət, güvən verən, qol-qanad gələn bir kişiyə mütləq ehtiyacı var.
Doğrudur, irad tutula bilər ki, Azərbaycanda qadınların rəhbər vəzifələrdə iştirakçılığı yetərincədir. Sizinlə razıyam, ancaq baxaq, bizim qadınlar daha çox harada yüksələ biliblər.
Bizim qadınlarımızın ən çox təmsil olunduqları sahələr təhsil, səhiyyə və vətəndaş cəmiyyəti institutlarıdır. Yetərincə məktəb müdirələri, baş həkimlər var və onların fəaliyyətləri mütəmadi olaraq, dövlət tərəfindən yüksək qiymətləndirilərək fərqləndirilir. Vətəndaş Cəmiyyəti İnstitutlarında da ictimaiyyət arasında böyük nüfuza sahib olan qadın rəhbərlər var.
Bəs bu gün bizim beynəlxalq aləmdə brend məhsullarını təqdim edə bilən şirkətlər qrupunun rəhbərləri, Azərbaycanı təmsil edə bilən sahibkarlar arasında qadınlar varmı? Dövlət idarəçiliyinə qadın səliqəsi gətirən nazir, icra başçısı, partiya sədrləri, parlamentdə fraksiyaya rəhbərlik edən qadınlarımız varmı?
Təəssüf ki, yox. Əgər çox axtarsaq, nümunə üçün hər sahədə 1, uzağı 2 nəfər qadın göstərmək mümkündür. (Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil, Abşeron rayon icra hakimiyyətinin başçısı və Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri). Ancaq bu, umumi olaraq qadın iştirakçılığını təqdim edə bilmir.
Bizdə yuxarıda qeyd etdiyimiz sahələrdə qadınların təmsilçiliyinə ya rast gəlmirik, ya da olduqca nadir halda rast gəlirik. Hətta hazırda bir çox nazirliklərdə qadın nazir müavinləri belə yox vəziyyətindədir. Hansı ki, çox yaxın keçmişdə Azərbaycanda qadın spiker, qadın nazir, qadın icra başçıları olub və onların fəaliyyətlər heç də kişilərdən geri qalmayıb.
Qonuşularımızla özümüzü müqayisə etdikdə də geridə qaldığımızı görürük.
O zaman sual yaranır. Niyə Azərbaycanın qonşu olduğu ölkələrdə - 3,73 milyon əhalisi olan Gürcüstanda 3 qadın nazir, qardaş Türkiyədə 2 qadın nazir, Rusiyada isə bir qadın nazir (həmçinin Rusiyada baş nazirin müavini, insan hüquqları üzrə müvəkkil və Rusiya Federasiya Şurasının sədri qadındır) olduğu halda, bizdə dövlət səviyyəsində 1 nəfər də olsa, nazir statuslu xanım yoxdur. Siyasi partiyaların rəhbərləri bir tərəfə, hətta müavinləri statusunda da qadınların sayı olduqca azdır.
Halbuki, Azərbaycanda ta qədimdən bu günə kimi, Sara Xatundan tutmuş, Mehriban Əliyevaya qədər beynəlxalq və ictimai aləmdə yüksək nüfuz sahibi olan xanımlar olub və bu gün də var. Bu gün bir çox inkişaf etmiş ölkələrdə olmayan birinci xanım institutu Azərbaycanda fəaliyyət göstərir və beynəlxalq aləmə nümunədir.
Azərbaycan qadını ölkənin birinci xanımının timsalında ISESCO və UNESCO-nun xoşməramlı səfiri statusuna layiq görülüb. Avropa Oyunları kimi mötəbər bir yarışmanın təşkilat komitəsinə rəhbərlik edib.
Deməli, qadınlar heç də kişilərdən az qabiliyyətə malik deyillər. Sadəcə, onlara qəlblərdə olduğu kimi meydanlarda da yer vermək lazımdır. Çünki qadın sevgili, həyat yoldaşı, övlad, ana olmaqla yanaşı, eyni zamanda, səliqə-səhmanı ilə hər yerə nizam gətirən bir varlıqdır.