4 Noyabr 2015 17:37
1 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüsalə Hüseynli

Yaxşı xatırlayıram, orta məktəbdə oxuyurdum.

Məktəbimiz Gəncə Dəmiryol vağzalının yanında yerləşirdi. Məktəb vağzala o qədər yaxın idi ki, şagirdlər hansı qatarın hansı saatda keçəcəyini əzbər bilirdi.

Bir gün ikinci dərs bitdikdən sonra həyətə düşəndə şagirdlərin tələsə-tələsə Lenin prospektinə tərəf (indiki Şah İsmayıl Xətai prospekti) qaçdıqlarını gördüm. Məsələnin nə olduğunu öyrənməyə cəhd etsəm də, alınmadı. Məcburi axın tərəfə mən də getdim.

“Azərnəşr” adlanan kitab mağazasının qarşısında böyük bir növbə yaranmışdı. Məsələ aydın idi. Çoxdan bəri gözlənilən Hacıbala Əlizadənin “Təyyarə kölgəsi” əsəri yenidən nəşr olunmuşdu. Növbə isə bu kitabı əldə etmək üçün yaranmışdı. Növbəti dərsin zəngi çalınsa da, 40 nəfərə yaxın uşaq növbədəki yerini kimsəyə vermədən dayanırdılar.

Hamı qorxu və həyəcan içində kitabın satılıb qurtaracağından narahat idi. Bu səbəbdən də satıcıya tez-tez replika atılır, kitabın nə qədər gəldiyini soruşurdular. 20-25 dəqiqəlik növbədən sonra kitabı mən də əldə edə bildim. Çox sevinirdim. Kitabı sinəmə bərk-bərk necə sıxıb gəlmişdimsə, özümü birdə sinif otağının qarşısında gördüm. Qapını döyüb içəri girdim. Ədəbiyyat dərsi idi. Bəxtiyar Vahabzadədən danışacaqdıq bu gün. Müəllimin danlağını eşitməmək üçün, əlimdəki kitabı ona sarı uzadaraq, buna görə gecikmişəm, gedib almasaydım, mənə çatmayacaqdı dedim.

Ədəbiyyatın vurğunu olan Allahverdi müəllim kitaba baxıb mənə heç bir söz demədi, ancaq dərsin sonunda gündəliyimə bu qeydi yazaraq 2 qiymət verdi: “Bəxtiyar Vahabzadə də Əlibala Hacızadə kimi dəyərli sənətkardır. Birinə hörmət edib, digərini dəyərdən salmaq yaxşı addım deyil”.

Bu hadisənin üzərindən 24 il keçsə də, bunu indiyə kimi unutmamışam. Bugün də kitabxanaya girəndə o cümlə qulağımda səslənir.

Ancaq təəssüf ki, bu gün o vaxtlarda olduğu kimi küçələrdə nə çox kitab mağazası, nə də onun qarşısında böyük növbələr görmürük. Doğrudur, bunun səbəbi kimi əksəriyyət interneti günahlandırsa da, bununla razılaşmıram. Çünki internet tək bizdə deyil, Rusiya da, Türkiyə, ABŞ-da da var. Ancaq həmin ölkələrdə bizdən fərqli olaraq, daha çox kitab oxuyurlar. Bugün də onların bukinistlərinin qarşısında növbələrə rast gəlmək mümkündür. Ancaq bizdə belə bir növbəni yalnız imza günü keçirilən zaman görmək olar O da yazarla görüşmək üçün. İmzaya gələnlərin bir çoxunu isə kitabda nə yazıldığından çox, yazarla foto çəkdirmək və ya avtoqraf almaq düşündürür.

O zaman sual yaranır. Zamanında İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı”, “Körpüsalanlar”, “Söyüdlü arx”, “Üç atılan”, İsa Hüseynovun “İdeal”, Əlibala Hacızadənin “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, Əlfi Qasımovun “Adilənin taleyi”, “Toy gecəsi”, Salam Qədirzadənin “Sevdasız aylar”, “Qış gecəsi”, “46 bənövşə”, Vidadi Babanlının “Vicdan susanda”, “Həyat bizi sınayır”, Ələviyyə Babayevanın “Səni axtarıram”, “Son döngə”, Anarın “Beş mərtəbəli evin altıncı mərtəbəsi, Elçinin “Mahmud və Məryəm”, Sabir Rüstəmxanlının “Ömür kitabı” və s. kimi əsərlər gənclərin əlindən düşməzdi.

Bəs nə baş verir ki, bu gün həmin tələbatı hiss etmirik və yaxud görmürük?

Niyə bu gün avtobusda, metroda, parklarda gənclərimizin əlində kitab görmürük? Nadir halda rast gələndə isə, daha çox yerli yazarlara yox, xarici yazarlara üz tutduqlarının şahidi oluruq.

Mürəkkəb sual olsa da, ilkin ehtimallardan biri ya bu gün ədəbiyyatda gənclərimizin zövqünü oxşaya biləcək əsərlərin az olması və yaxud heç olmaması, ya da kitab oxumaq mədəniyyətinin hələ də gənc nəsil arasında yetərincə formalaşmamasıdır.

Doğrudur, bu gün Azərbaycanda az sayda yazar var ki, onların növbəti əsərlərinin nə vaxt oxucuya təqdim ediləcəyini səbirsizliklə gözləyirik. Eyni zamanda, elə o qədər də kitab oxuyanlar var ki, onlar üçün kitab rahatlıq, mənəviyyatın zənginləşməsidir.

Razıyam ki, bu gün sorğu aparsaq, “mən kitabı elektron formada” oxuyuram deyənlər də tapılacaq. Ancaq gəlin razılaşaq ki, bu da kütləvi şəkildə deyil. Elə isə niyə bizim kimi, internetdən faydalanan başqa ölkələrin gün ərzində gərgin işdən yorulmuş insanlarının nə qədər yorğun olmalarına rəğmən, kitabın səhifələrini vərəqlədikcə rahatlıq tapdıqlarını görürük.

Bizdə isə əksəriyyətimiz oxumuruq, aramızdan çıxan 20-30 nəfərə isə kitab oxuduqları üçün rişxəndlə yanaşırıq. Niyə? Ona görə ki, onların mənəviyyatı, intellekti, düşüncə tərzi bizdən daha çox zəngindir. Onlar bizdən fərqli olaraq həyata başqa gözlə baxmağı bacarırlar. Elə isə bəlkə biz də mənəviyyatımızı qidasız buraxmayaq? Hələ ki çox gec deyil…


Müəllif: Vüsalə Hüseynli