6 Noyabr 2015 17:28
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüsalə Hüseynli

Noyabrın 5-də Amerika Birləşmiş Ştatları növbəti dəfə Konqresdə Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçirdi. Həmişə olduğu kimi, bu dəfə də əli hər şeydən üzülmüş Vaşinqton söhbəti yenidən köhnə mövzuya köklədi. Yəni konkret desək, Amerika Azərbaycana öz sözünü eşitdirmək üçün məşhur təzyiq maşınını işə saldı.

Bu dəfə də ABŞ-ın Azərbaycanda bir müddət əvvəl səfir postunda fəaliyyət göstərdiyi Riçard Morninqstar Azərbaycanda insan hüquqlarının pozulduğu, siyasətlə məşğul olanların təqib edildiyini səsləndirdi.

Dünənə kimi “efir”lərdə görünməyən Leyla və Arif Yunusların qızı Dinara Yunus meydana çıxdı və nə az nə çox səsi birbaşa Amerika tribunasından səslənməyə başladı.

İndi gələk məsələnin əsas mahiyyətinə ki, rəsmi Vaşinqton Azərbaycanla bağlı dinləmə keçirəndə niyə həmişə insan hüquqları deyir. Özü də həmişə dinləmələr zamanı ortaya çıxaracaq “qəhrəman” da tapırlar.
Nədənsə ABŞ-ın bu dəfə əlində bayraq edib Azərbaycana təqdim etdiyi “qəhrəman”ı Xədicə İsmayıl olmadı. Rəsmi Vaşinqtonun budəfəki ssenarisinin baş rolunda Leyla və Arif Yunusların hüquqlarını müdafiə edən qızları Dinara oldu.

Maraqlıdır ki, Amerika bu günə kimi dəfələrlə Azərbaycanla bağlı insan hüquqlarının, demokratiyanın boğulması kimi iddialarla dinləmə keçirib. Ancaq bir dəfə də olsa, nəinki məcburi köçkünlər, qaçqınlar, heç Kəlbəcərə dədə-baba məzarını, qoyub gəldiyi elini ziyarətə gedən 2 azərbaycanlının hüquqlarını qorumaq yadlarına düşməyib. Demokratiya deyib dünyaya çar çəkən Vaşinqton bu insanların öz doğma torpağında erməni işğalçıları tərəfindən girov götürülməsi, onlara işgəncə verilməsi, teatr quraraq şəxsiyyətlərinin alçaldılması, hüquqlarının kobud şəkildə pozulması kimi məsələləri nə dilinə gətirir, nə də Ermənistana bununla bağlı təzyiq edir. Ancaq Xədicə İsmayılın həbsinə üstündən 24 saat keçməmiş reaksiya verir və onun hüquqlarını qoruyan “vəkil” statusunda çıxış etməyə başlayır. Deməli, burda da Amerikanın ikili standartlardan yanaşması ortaya çıxır.

Gəlin diqqət edək, ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı susurlar, ancaq Xədicə, Rəsul, Leyla, Arif Yunuslarla bağlı danışırlar, həm də hüquqları qoruyaraq danışırlar. Bu zaman sual yaranır. Cənablar nə baş verir?

Əgər doğrudan da, Azərbaycan insanının taleyinə biganə qala bilmirsinizsə, o zaman bu qədər hüququ pozulan insanlarla bağlı niyə susursunuz? Yox əgər sizə “ştatdan kənar” işçilərinizin hüquqları maraqlıdırsa, o zaman hər şeyi öz adı ilə çağırmanız məsləhətdir. Yəni birbaşa “biz Xədicəni, Leylanı, Rəsulu və digərlərini bu səbəbdən müdafiə edirik” deyin. Yoxsa, Mustafanı kənara qoyub, mıs-mıs axtarmaq heç bir standarta söykənmir.

Elə bu səbəbdəndir ki, həmişə hamını dövlətə işləməkdə günahlandıran Leyla Yunusun qızının Konqresin tribunasında ABŞ-dan himayə umması “işləməyin” kimə, hara və hansı formada olmasını ortaya qoydu.
Bəli, Dinara Yunusun öz dövlətindən deyil, ABŞ-dakı himayədarlardan, valideynlərinin “müdirləri”ndən pənah umması işləməyin necə və nə formada olduğunu, kimin kimə, hara nə formada işlədiyini təsdiqlədi. Hansı ki, dövlətə sığınaraq ona işləmək, hansısa xarici himayədara işləməkdən qat-qat şərəflidir.
Bu səbəbdən cənablar, gəlin, hər şeyi öz adı ilə çağıraq, söhbət “işçilər”imizdən getsə belə....


Müəllif: Vüsalə Hüseynli