18 Noyabr 2015 15:54
4 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəramət Böyükçöl

Qonşumuzda bir arvad qalır. Nə əri var, nə oğlu, nə də qızı. Dərinə gedəndə heç özü də yoxdur. Əri binadan yıxılıb ölüb, oğlu yol qəzasında gedib, qızı da qoşulub qaçıb, neçə ildir xəbər yoxdur. Orta məktəblərin birində əmək müəllimi işləyir. Bir otaqlı daxmasında tək qalır. Səhər sübhdən qalxıb gedir işə. Aylıq qazancı ilə başını birtəhər saxlayır. Həddindən artıq mehriban adamdır. Bəzən onun səmimiyyəti məni bezdirir. Dəhşətli dərəcədə çox danışır. Təkcə məni yox, hiss eləyirəm ki, bütün qonşuları boğaza yığıb. Onun şagirdləri nə zülmlər çəkir, təsəvvür eləyirəm. Onu görən kimi hamı qaçır. Çünki burnunu hər yerə soxur. İşə getdiyin yerdə bir də görürsən ki, qabağını kəsib elə şeylər haqqında mülahizələr aparır ki, sən o mövzular barədə gecələr yorğanın altında da düşünməyə qorxursan.

Avtobusa minir, mənzil başına çatana kimi bütün sərnişinlərlə söhbət eləyir, hal-əhval tutur. Bir də gördün, cavan bir qızdan soruşur ki, əynin niyə nazikdir? Vallah, hələ cavansan, hiss eləmirsən, oranı-buranı açıq qoyub gəzirsən. Ərə gedib bir uşaq doğandan sonra altını çəkəcəksən. Sonra sürücüyə səslənir ki, sən ayda nə qədər pul alırsan? Sürücü də demir. Arvad başlayır əsəbiləşməyə ki, bu qədər əziyyətin qabağında inanmıram sənə yaxşı pul versinlər.

Marketə alış-verişə gedir, orda gözəl bir qız görən kimi soruşur ki, sənə burda sataşıb-eləmirlər ki? Bu gözəlliyin yanından başı aşağı keçmək çətin işdir, ona görə soruşuram. Qayıdıb qıza məsləhət verir ki, belə gözəl saçların, gözlərin, qaşın, gözün var, niyə təhsilin yoxdur, axı məşğul olduğun iş sənə yaraşmır. Gələn-gedən hərə bir söz deyir, hər sözün tozu ilişib üstündə qalır, səni hansı kişi alacaq, alsa da, başına qaxacaq ki, dükanda satıcı işləyən qız idin, səni alıb adam eləmişəm.

Məhz belə şeylərə görə deyirəm ki, arvad hər yerə burnunu soxur. Əslində, niyyəti pis deyil. Amma yaşlı adamdır, niyə gedib işi-gücü ilə məşğul olmur, bilmirəm. Sənin nəyinə lazımdır Fransada baş verən terrorda neçə nəfər öldü, neçə nəfər yaralandı, neçə nəfər əsir düşdü? Sənin nəyinə lazımdır sürücü nə qədər maaş alır, qız əynini qalın geyinib, yoxsa geyinməyib. Danışdıqları sözlərdə az-çox məntiq var deyə adamın ona xəstə deməyə dili gəlmir.

Təxminən, dörd-beş gün qabaq səhər işə gələndə arvad küçədə yenə qabağımı kəsib Fransa terrorunun təşkilatçıları, səbəbləri haqqında xeyli danışdı. Özü də televizora-zada baxmır, mətbuat-zad izləmir, kitab-filan da oxumur, oradan-buradan eşitdiyi sözləri öz üslubunda elə şərh eləyir ki, mat qalırsan. Onun həqiqətləri adamın qanını qaraldır. O, mənim dədəmin yasına gəldi ki, mən də onun dədəsinin yasına gedim? Təxminən, Fransada baş verən hadisələri bu janrda, bu düşüncədə təhlil eləyir. Çox vətənpərvər arvaddır. Təsəvvür eləyin, Fransada terror olub, acığa düşüb gedib Azərbaycanın bayrağını öpür.

Bu yaxınlarda bilmişəm ki, o arvad hekayə də yazır. Bir tərəfdən baxanda görürsən ki, çox nikbindir, o biri tərəfdən baxanda aydın olur ki, dünya ilə çoxdan vidalaşıb. Ən böyük arzusu odur ki, evinə qonaqlar gəlsin, oturub həyətdəki ağacın altında qapısına gələnlərə öz hekayələrini oxusun, sonra da yüngülvari bir süfrə açsın, başlasın dünyanın dərdindən danışmağa. Deyir, nə oğuldan yarıdım, nə də qızdan. Maaşı boğazına güclə çatır.

Əslində, o arvadı da başa düşürəm. Bəlkə də onun içində hər gün baş verən mənəvi-psixoloji travmalar Fransada baş verən terrordan daha dəhşətlidir. Adam çox darıxır. Yaş da keçib. Bəlkə əsəbləri də pozulub. Deyir, işıqlı dünyada bir gün görmədim. Hər şey bir tərəfə qalsın, bu arvad fransızlara niyə nifrət eləyir, bilmirəm. İnanmıram ki, bu nifrət təkcə milli hisslərdən irəli gəlsin. Çünki danışığından hiss elədim ki, ermənilərdən çox fransızları görməyə gözü yoxdur.

Deyirəm, Fransada baş verən terrorda ölən insanlar heç olmasa, öldükləri günə kimi xoşbəxt yaşadılar. Özü də fikir verin, öləndə də əyləncədə öldülər. Konsertdə, futbol meydanında, restoranda, kafedə, barda... Bu sözü deyəndə görürəm ki, arvad əsəbiləşir. Ona görə çox da dərinə getmədim. Hərdən də fikirləşirəm ki, o, mənəvi cəhətdən fransızlardan qabaq ölüb, yaşayan təkcə ümidləridir. O, insan kimi yox, bəlkə də, ümid kimi var, arzu kimi yaşayır.

Bu səhər işə gələndə küçəmizin qabağındakı dayanacaqda 10-15 nəfər bir yerə yığılmışdı. Uzaqdan görən kimi tez üzümü çevirdim, fikirləşdim ki, yəqin arvad yenə adamları başına yığıb qızıl xırdalayır. Onun söhbətini eşitməmək üçün yolumu dəyişib uzaq bir yerdən gəldim işə. Vallah, məni bezdirib. O qədər qayğılarım, problemlərim var, bu basabasda arvadın mülahizələri məni çox incidir, ona görə qaçıram. İşə çatan kimi qardaşım zəng elədi. Dedi, bilirsən nə olub?

– Nə olub?

– Məlahət arvad səhər yolu keçib işə gedəndə maşın vurub öldürüb. Bayaqdan camaat başına yığılmışdı. Təcili yardım maşını gələnə kimi elə yolun ortasındaca keçindi.

Çoxdandı belə kövrəlməmişdim...


Müəllif: Kəramət Böyükçöl