20 Noyabr 2015 14:27
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüsalə Hüseynlı

Son günlər müasir dünyanın siyasi düzənində baş verən hadisələr daha da dinamik şəkil almaqda davam edir. Bu konteksdən çıxış etsək, Cənubi Qafqaza qarşı yaranmış maraq və onun uğrunda gedən qapalı mübarizə diqqətdən yayınmır. Bölgə ətrafında yaranmış situasiya qeyri-müəyyən olaraq qalmaqdadır. Belə ki, bu regionda cərəyan edən geopolitik və gestrateji proseslər hər ötən gün daha da qəlizləşməkdə davam edir. Məhz bu səbəbdən Cənubi Qafqaz uğrunda dünya nəhənglərinin amansız mübarizəsi istər-istəməz narahatlıq doğurmaqdadır.

Təbii ki, belə vəziyyətdə ən çox region dövlətləri təhlükə ilə üzləşməli olurlar. Çünki bölgədə maraqları olan dövlətlər adətən bir-birilərinə qarşı apardıqları rəqabətin ssenarilərini çox vaxt kiçik dövlətlər üzərində həyata keçirməyə üstünlük verirlər. Belə vəziyyətdə isə təbii ki, təzyiq və təhdidlərlə üzləşən də məhz bu dövlətlər olur.

Bəllidir ki, Cənubi Qafqaz uğrunda mübarizənin əsas iştirakçıları sırasında ön yerlədə Qərb və Rusiya yer alır. Ukraynada baş verənlərdən və Krıma sahib olduqdan sonra, tətbiq edilmiş sanksiyalara rəğmən, rəsmi Moskva geri çəkilmək niyyətində olmadığını hər kəsə açıq şəkildə göstərməkdən çəkinmədi. Əksinə yeni iddialarda bulunduğunu rəqiblərindən gizlətmədi.

Eyni zamanda, Rusiya Cənubi Qafqazda fəallığını tam təmin etmək üçün əlində alətə çevrilmiş Ermənistandan da istənilən formada yararlana bilir. Rəsmi Kreml dalbadal verdiyi mesajlarda və rəsmən qəbul etdiyi qərarlarda Cənubi Qafqazdakı maraqlarını bütün gücü ilə təmin etməyə çalışacağını bəyan edir. Həmin prosesi iki müstəvidə daha aydın görmək mümkündür. Birincisi, region dövlətlərini Avrasiya inteqrasiya prosesinə və Gömrük İttifaqına cəlb etmək məqsədi daşıyan addımların atılması. İkincisi, Cənubi Qafqazın təhlükəsizliyinin təmini aspektində müxtəlif təkliflərin edilməsi. Bu zaman Moskva "təhlükəsizlik” terminini "Qərbdən gələn təhlükə” kontekstində təqdim edir.

Eyni zamanda, Rusiya bölgənin lider dövləti olan Azərbaycan üzərində “Dağlıq Qarabağ kartı”ndan mütəmadi olaraq təzyiq vasitəsi kimi istifadə edir.

Bunun fonunda Qərbin regiondakı fəaliyyəti ciddi maraq doğurur. Qərbin xüsusilə, Birləşmiş Statların Cənubi Qafqazda həyata keçirdiyi siyasətin uğursuz alınması, eyni zamanda, Gürcüstan-Rusiya qarşıdurması zamanı Amerikanın sona kimi rəsmi Tbilisinin yaninda dayanmaması bölgədə ABŞ-a tam güvənin olmaması fikrini formalaşdırdi. Hansı ki, bu faktor Vaşinqtonun bölgədə güclənməsini əngəlləyən ən önəmli nüans hesab edilə bilər.

Ermənistanın bölgədə Rusiyanın forpostu rolunu oynaması, Gürcüstanın rəhbərliynin Qərblə-Rusiya arasında balans axtarışında olduğu, yerli gürcülərin isə Rusiya- Gürcüstan qarşıdurması zamanı Amerikanın mövqeyini unutmaması rəsmi Vaşinqtonun regionda fəallaşmasını məhdudlaşdırır.

Bölgənin lider dövləti sayılan zəngin Azərbaycanda isə Rusiya ilə Qərbə münasibət fərqlidir. Əhalinin uzun illər Sovetlər ailəsində bir yerdə yaşamağa məhkum olmuş Rusiya ilə çox məqamlarda qarşılıqlı anlaşması mövcuddur. Yerli əhalinin çox hissəsi rus dilini anlayır və beynəlxalq aləmlə əlaqə qurmaq məqsədi ilə ondan ikinci pilot dil kimi istifadə edə bilir. İkincisi, Rusiya ilə Azərbaycan arasında vizasız gediş-gəlişin mövcudluğu və azərbaycanlı ailələrin Rusiyada pul qazana bilməsi də gözardı edilə bilməz. Azərbaycanla bağlı planlarını açıq şəkildə göstərməsə də, rəsmi Kreml sadə əhali arasında nüfuz qazanmaq üçün səylərini əsirgəmir. Moskvanin bu gedişi bu gün üçün o qədər də narahatlıq yaradacaq məqam kimi görünməsədə də, prosesə gələcək bir neçə ilin perspektivdən yanaşanda ürəkaçan mənzərə ilə qarşılaşmırıq.

Qərbə gəlincə, ABŞ-ın işğalçı Ermənistana və Dağlıq Qarabağ ərazisində “respublika” yaratmış terrorist qruplaşmaya hər il etdiyi yardımlar və iqtisadi dəstək, dolayısı ilə rəsmi Vaşinqtonun Azərbaycanın ərazilərinin geri qaytarılmasında Yerevana qarşı ciddi təzyiq etməməsi əhali tərəfindən isti qarşılanmır. Əksinə ABŞ-ın Azərbaycan hökumətinə vaxtaşırı, demokratiya, insan hüquqları kimi çağırışlarının belə Vaşinqtonun maraqlarına xidmət etdiyi gözəl anlaşılir.

Maraqlıdır ki, əksər Qərb ekspertləri də ABŞ-ın Cənubi Qafqaz siyasətini Rusiyadan asılı fəaliyyət kimi dəyərləndirirlər. Onların fikrincə, Ağ Ev son dövrlərdə ABŞ-ın bu regiondakı fəaliyyətini Rusiyanın davranışlarıyla uzlaşdırmağa çalışır. Hansı ki, Ağ Ev üçün belə regional siyasət modeli tamamilə qəbuledilməzdir. Çünki Ağ Evin ehtiyatlı davranışı, qətiyyət nümayiş etdirməkdən çəkinməsi ABŞ-ın Cənuği Qafqaz regionundakı mövqelərini əhəmiyyətli səviyyədə itirə biləcəyinə işarə edir.

Hər iki dövlətin bölgədəki fəaliyyəti balanslar nisbətinin istənilən vaxt dəyişəcəyini proqnozlaşdırmağa əsas verir. Eyni zamanda regionda alternativ geosiyasi güc qismində kimlərin çıxış edə biləcəyi məsələsi də hələ ki, açıq qalır.


Müəllif: Vüsalə Hüseynli