24 Noyabr 2015 15:33
1 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəramət Böyükçöl

Səhv eləmirəmsə, universitetin üçüncü kursunda oxuyurdum. Yox, səhv eləmirəm, dəqiq üçüncü kurs idi. Bilmirəm, o günlərə gözəl günlər deyim, yoxsa pis günlər. Bakının küçələrində avara-avara gəzməkdən lap təngə gəlmişdim. Şəhərin bu başından girib o başından çıxırdım. Oturub çay içməyə cibimdə bir qəpiyim də yox idi. Onun-bunun dalınca baxmaqdan az qala gözlərim çaş olmuşdu.

Axırda bekarçılıqdan yoruldum. Qərara gəldim ki, əli qoynunda dayanmaq olmaz. Mütləq bir işin qulpundan yapışmaq lazımdır. Bir gün ondan borc, bir gün bundan borc almaqla yaşamaq mümkün deyil.

Bəs mən nə iş görüm? Düzü, tələbəlik illərində mətbuatla indiki kimi maraqlanan deyildim. Köşkdən siqaret alanda gözümə bir qəzet dəyirdisə alırdım, dəymirdisə almırdım. Təsadüfən, bəzi saytlara girirdim, ya girmirdim. Onda balaca şeirlər də yazırdım. Şeirlərimin sayı sevib ayrıldığım qızların sayı ilə təxminən eyni idi.

Nəysə, çox götür-qoy elədim ki, nə iş görüm. Necə oldusa özümə iş axtara-axtara birdən-birə şeirdən nəsrə keçdim, roman yazmaq həvəsinə düşdüm. Həm də şeir mənə nəsrdən daha çətin gəlirdi. Nəsrə nə var ki, cümlələri bir-birinin ardınca düzürsən gedir, beləcə fikirlərini yazırsan, vəssalam. Əsas odur ki, cümlə qura biləsən və yazmağa fikrin olsun.

Qəribədir ki, nəsr haqqında bu qədər primitiv düşüncəylə müasir həyatımızdan bəhs eləyən bir əsər yazdım. Məqsəd işsizlik işindən xilas olmaq idi. Ancaq bir az keçdi, romanım adamların xoşuna gəlməyə başladı, bundan sonra lap həvəsə düşdüm.

Əsərimin əvvəlində özümə balaca bir ironiya eləmişdim. Guya düşünürdüm ki, bu romandan sonra daha İsveç Elmlər Akademiyası Nobel mükafatını bizə verməməkdən əl çəkəcək. Gecə-gündüz xəyallar qururdum ki, həmin mükafatın pulları ilə seriallar çəkdirəcəyəm, küçəyə çıxanda məni barmaqla göstərəcəklər, jurnalistlər kirayə qaldığım evin kandarından asılı qalacaqlar...

Vallah, keçirdiyim bu hisslərə görə kəndimizdə romanı elə gözlərinə təpirdilər, elə bil lətifə kitabıdır. Oxuyub o ki var gülürdülər.

Hətta Nobel mükafatı zamanı mənə verilən bir milyon dörd yüz əlli min dollardan necə istifadə eləyəcəyimi dəqiqləşdirmişdim. Həmin pulla Bakı şəhərində kiçik bir çayxana açmaq istəyirdim. Məni unudan qızın evlərinin qabağında təzə skamya düzəltdirmək və xoşuma gəlməyən bir-iki adamın ağzını əzmək arzularım sırasına daxil idi. Pulun böyük bir hissəsini sələmə vermək istəyirdim.

Lap axırda Nobel mükafatçısının Bakıda yaşamağı bir az yaxşı çıxmadığına görə köçüb Amerikaya getmək də planımda var idi.

Həyatda hər şeyə ironik gözlə baxmaq çox pis şeydir. Çünki axırda özün gülməli vəziyyətə düşürsən. Bütün günü özünə gülə-gülə axırda dəli olursan. Mənim tələbəlik arzularım başdan-ayağa ironiya idi. Amma bir çoxu bunu başa düşmürdü. Məhz başa düşmürdülər deyə ironiyam ən çox özümə ziyan eləyirdi.

Atlantik okeanı üzərində on altı saatlıq səyahət, Havay adalarında bir həftəlik istirahət, İsmət İnönü stadionunda Beşiktaş-Fənərbaxça oyununa ön cərgədən bir bilet və Avropaya roman yazmağı öyrədən türk yazıçısı Orxan Pamukla bir süfrə arxasında pivə içmək arzumu camaat ciddi qəbul eləyirdi.

Roman yazandan sonra da həyatımda heç nə dəyişmədi. Nobel-zad da vermədilər. Əslində, iş axtara-axtara özümü işə saldım. Roman yazandan sonra adamlarla münasibətlərim yaranmamış pozulmağa başladı. Adamlar mənə həm inandılar, həm də inanmadılar. Dostlar dost olmamış düşmənə çevrildi. Düzü, bir az özümdə də oldu. Çılğınlığım çox vaxt idarəolunmaz həddə gəlib çatırdı.

O qədər sadəlövh olmuşam ki, ədəbiyyatla özümü xoşbəxt eləmək istəyirdim. Ədəbiyyatın heç kimi ağ günə çıxarmadığını çox sonralar öyrəndim. Ədəbiyyat yalnız istedadsız adamları xoşbəxt eləyir. İstedadlı adamlarınsa bir nömrəli düşməninə çevrilir. Ədəbiyyatın istedadlı adamlarda yaratdığı xoşbəxtlik hissi ani və aldadıcıdır. O qədər anidir ki, bir dəqiqədən o birinə keçmir.

Əsas missiyan ədəbiyyatdırsa yazsan da bədbəxtsən, yazmasan da. Ədəbiyyat adamısansa uşaqları nə qədər sevirsən sev, axırda uşaq baxçasını sökdürüb yerində bina tikən adamlara möhtac olacaqsan.

Ədəbiyyat adamısansa kitabları nə qədər sevirsən sev, kitabxanaları söküb yerində arvad paltarı dükanı tikən adamlara möhtac olacaqsan.

Ədəbiyyat adamısansa ədəbiyyatı nə qədər sevirsən sev, sonda yaxşı yerdən arvad alıb, arvadın gücünə vəzifəyə gedən adamlara möhtac olacaqsan.

Çünki bu dünya əclaf dünyadır.


Müəllif: Kəramət Böyükçöl