28 Noyabr 2015 11:39
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nardaranda baş verən olaylar zamanı çəkiliş aparmaq üçün ora gedən ATV telekanalının əməkdaşlarının olduğu avtomobilə “dindarların” hücumu, maşının daş-qalaq edilməsi mənə Suriyanı, eyni təfəkkürün fərqli ölkələrdəki hərəkətlərini, İŞİD terrorçularının əməllərini xatırlatdı.

Avtomobildə olan həmkarlarımızın qorxusu, üzlərinə yayılan həyəcan isə İŞİD terrorçularının əlinə düşən və qeyri-insani yolla öldürüləcəklərini gözləyən günahsız insanların halından o qədər də fərqlənmirdi. Sadəcə, bu nümunəyə baxmaqla hacı Talehin və onun tərəfdarlarının hansı Azərbaycanı istədikləri və ya ölkəmizi necə görməyə çalışdıqları aşkar şəkildə ortaya çıxır. Müasir, sürətlə inkişaf edən, dünyəvi, tolerantlıq məkanı olan ölkəmdə həddən ziyadə üzüldüyüm bu pis örnəyi görməyi heç istəməzdim. Demək ki, ölkəmizi belə görmək istəyənlər az deyil...

Heç şübhə yox ki, bütün bu baş verənlər bir anın hökmü deyildi. Yəni buna qədər hacı Taleh və onun kimilər dini siyasətdən ayıra bilməyib (ayırmaq istəməyib), əksinə, dini deyil, dini çaların qatıldığı siyasi, populist çıxışlara görə inanclı kəsimin etimadından sui-istifadə etməklə, onların ehtiramını qazanmağa müvəffəq olub. Əgər hacı Taleh, habelə üzdə olan, inanclı təbəqənin qəlbini “oğurlayan” bəzi “hacıların” məscidlərdəki çıxışlarına baxsaq, ancaq siyasi mübarizə meydanını xatırlayarıq. Bunun nəticəsidir ki, məscidlərə üz tutan bəzi kəsim özünü inanclı təbəqədən ziyadə radikal müxalifət kimi aparır. Belə hacılar Allahın evinə sığınaraq, mələk donuna girən iblis kimi Uca Yaradanın hökmlərinə, “Qurani-Kərim”in tövsiyələrinə əməl etmir, çirkin niyyətlərinin reallaşması üçün zəmin hazırlayırlar. Başqa sözlə, Allahın evindən Allaha qarşı istifadə edirlər. Təəssüf ki, hansısa çirkin arzulara görə İslamın fundamental dəyərləri görməzdən gəlinərək, din siyasətə alət olunur, insanların inancı fərqli məqsədlər üçün istismar edilir.

Mən də bir müsəlmanam. Və ulu babalardan başlayan dinə bağlılığımız bu gün da var, sabah da olacaq. Amma biz əsl müsəlmanlar öz inancımızdan heç vaxt sui-istifadə olunmasına imkan vermədik və dini siyasətə qarışdırmadıq. Fikrimcə, hər birimiz buna əməl etməli, dini siyasətdən ayrı tutmalıyıq.

Baxın, məscidlərə ona görə gedirik ki, orada dini söhbətlərə qulaq asaq, inancımızı daha da möhkəmləndirək, dini biliklərimizi artıraq, günahlarımızın bağışlanması üçün dualar edək, ibadətlə məşğul olaq və s. Amma və lakin üz tutduğumuz bəzi məscidlərdə siyasi müzakirələrin qalırıq düz mərkəzində. Din qalır bir kənarda, orada insanların zərif və zəif nöqtəsi olan inanclarına heysiyyati toxunuşla onlar ələ alınır, nəticədə radikal dindar kimi meydana sürülürlər. Bu kəsim özü də hiss etmədən, fərqinə varmadan dövlətə, dövlətçiliyə qarşı yetişir və bir anda özünü Nardarandakı kimi hadisələrin mübarizə meydanında görür. O zaman isə belələri yalnız və yalnız öldürmək, vandalizm, olmayan bir şeyin qisasını almağı bilir. Artıq bütün bunlar onların şüuraltına yerləşdirilir, bir növ həmin radikallar robotlaşdırılır.

Halbuki həmin “mollalar”, “hacılar” tərəfindən bu kəsimə əsl İslam təlqin olunarsa, onlar nəinki kimisə daş-qalaq edər, bir nəfərin qəlbinin qırılmasına belə razı olmaz, İslamın zorun, gücün, vəhşiliyin, qardaş müharibəsinin əleyhinə olduğunu anlayar. Təbii ki, o qüvvələrə İslamın gerçək üzü sərf etmir, ağalarının dinimizi necə görmək arzusu sərf edir. Çünki burada vəhşilik var, burada anarxiya var, burada vətəndaş müharibəsi var, burada qardaş qanı var, burada günahsız insanların qeyri-insani yolla öldürülməsi var və ən əsası, burada Azərbaycan dövlətinin olmaması var. Amma onların din adı altında itaətsizlik çağırışlarının, məkrli planlarının arzu olaraq ürəklərində çürüyəcəyini əminliklə söyləmək olar.

Hər birimiz bilirik ki, İslam sülh dinidir və kiminsə zorla bu dinə gətirilməsinə, qan axıdılmasına qarşıdır. Amma baxın, İslami titul daşıyan hacı Talehin tərəfdarları nə deyir: biz qan axıdacağıq, İslam dövləti quracağıq, cihad edəcəyik və s. Siz öz qardaşınızın qanını necə axıdacaqsız? Vətəndaş müharibəsi iləmi dövlət quracaqsız (?). Kimə qarşı və necə cihad edəcəksiz? Bu, hansı İslamdır, bəylər? Əgər cihad istəyirsinizsə, buyurun, Qarabağa gedin, görüm bunu edə biləcəksinizmi?

Son olaraq deyim ki, hacı Talehin aşağı-yuxarı bütün çıxışlarına baxmışam və demək olar ki, onların hamısı siyasətlə bağlıdır. Bir əldə iki qarpız tutmaq olmaz. Yəni bir yol seçilməlidir: ya din, ya siyasət.


Müəllif: Aqil Lətifov