29 Noyabr 2015 20:19
2 830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəramət Böyükçöl

Nədənsə, birdən-birə müstəqil politoloq Vəfa Quluzadə yadıma düşdü. Rəhmətlik kişi çox gözəl danışardı. Yəqin Azərbaycanda az adam tapılar ki, Vəfa müəllimin bəlağətli danışığına heyran olmasın. Onun obrazlı və bir az da ötkəm, həqiqətə daha çox bənzəyən siyasi proqnozlarının mərkəzində demək olar ki, həmişə Rusiya və Qərb dövlətləri dayanardı.

Vəfa Quluzadənin siyasi leksikonunda “Rusiya çökür”, “Rusiya dağılır”, “Rusiya parçalanır” və yaxud “Azərbaycan təhlükə qarşısında” və s. kimi ifadələr ilk andaca adamı ovsunlayır, ağlını başından alır, buna görə də adam istər ictimai həyatında, istərsə də təfəkküründə yır-yığış edir və müəyyən hazırlıq işlərinə başlayır.

Mənim ağlım kəsəndən Vəfa müəllim belə danışıb. Ancaq siyasi həyatda heç nə baş verməyib, yəni onun proqnozları adətən, özünü doğrultmayıb, sadəcə, hər şey xırda dəyişiklərlə təzahür edib.

Məsələn, adama elə gəlir ki, Türkiyənin bir Rusiya təyarəsinin vurması da Vəfa Quluzadələrin siyasi proqnozları üçündür. O kişinin əsl yeridir ki, danışsın. Amma Vəfa müəllim həyatda olmasa da, yenə beyinlər işləyir, fikirlər haçalanır, ara qarışır, sonra sakitləşir, təzədən aləm bir-birinə dəyir, sonra təzədən yenə sakitləşir və s. Dünya beləcə boş-boş işlərlə məşğuldur. Lap tutalım, arada milyonlar, milyardlar oynayır, yenə də boş şeydir. Çünki hal-hazırda dünyada gedən siyasi proseslərin özü ancaq danışmaq üçündür, proqnoz vermək üçündür, başqa heç bir yenilik olmur.

Aydın məsələdir ki, kimsə yalan-gerçək türkçülükdən danışanda ürəyimiz yumşalır. Kimsə 37-ci ilin repressiyasından, xüsusən Mircəfər Bağırovdan, bir başqası yol gözləyən anaların və sevgililərin həsrətindən danışanda adam kövrəlir. Amma onların danışıqlarını yazıya köçürəndə nə qədər rabitəsiz cümlələrin mövcudluğuna rast gəlirsən və istər-istəməz gülürsən. Dünyada gedən siyasi proseslər də rabitəsiz cümlələrlə idarə olunur.

Mən bir az qəribə adamam, həm də son vaxtlar müsahibə janrında püxtələşdiyim üçün ərinməyib bir gün məşhur bir adamın bəlağətli danışdıqlarını yazıya köçürdüm, sonra yazdığımı oxuyanda, doğurdan da, mənasız və çox zəif bir mətnə gülməyim tutdu. Sən demə, mətni azacıq da olsa gözəlləşdirən çıxışçının tələskənliyi və təngənəfəsliyi imiş. Yəni biz adicə səsə də aldanırıq. Biz deyəndə sadə insanları nəzərdə tuturam.

Hiss edirsinizmi, Qənirə xanım Paşayevanın danışığına ANS-in verdiyi ritm, “xod” hələ də qalır. Bu yaxınlarda onunla söhbətimiz zamanı bir daha şahidi oldum ki, həmin diksiyadır. Lirik ricətlər, baxışlar, pauza və vəziyyətə uyğun verilən musiqilər hər hansı bir çıxışa müəyyən gözəllik ovqatı qatsa da, bəzən cümlələrdəki qüsurlar tamaşaçının diqqətindən yayınmır.

Yenə qayıdıram Vəfa Quluzadəyə, anti-rus fikirləri ilə yadda qalan Vəfa müəllim ara-sıra çıxışları ilə bir anda hər şeyi alt-üst edə bilərdi. Türkiyə prezidenti Ərdoğan da belədir. Bəs bu cür insanların cəmiyyətdə “uğur” qazanmasının səbəbi görəsən, nədir? Deyim. Tutalım, xalq dilinə və xalq diplomatiyasına söykənən politoloq Vəfa Quluzadə əsas üstünlüyü siyasi şərhin elmliyinə deyil, xalqın istək və arzularına yönəldərdi. Əsasən, xalqın görmək istədiklərini deyir və bununla böyük rəğbət qazanırdı. Siyasətin dedikləri isə unudulurdu. Necə ki, meyxananın da xalq arasında geniş yayılmasının əsas səbəbi xalq dilinə və xalq üslubuna, düşüncəsinə yaxın olmasıdır.

Ümumiyyətlə, mənə elə gəlir, ölkəmizdə və dünyada baş verən hadisələri əsaslı şəkildə təhlil edən hələ ki, mükəmməl siyasi şərhçimiz yoxdur. Rüstəm Məmmədov çoxdandı görünmür. Rasim Musabəyov öz aksenti ilə diqqət çəkir, amma yenə də mükəmməl bir siyasi təhlil gözə dəymir ki, dəymir. Çünki bu gün bizim siyasi şərhçilərimiz buxovlardan azad ola bilmir. Yəni hadisələrin dərinliyinə getmirlər və ya bilərəkdən bunu istəmirlər. Məncə, hal-hazırkı şəraitdə analitik təhlillərə böyük ehtiyac var. Bəzi televiziya aparıcılarımız da belədir. Dindirirsən, deyir, insanlar belə istəyir və biz də məcburuq. Guya özlərinin səviyyəsi çox yüksəkdir.

Ən dəhşətlisi odur ki, ədəbiyyatımız da belədir. Sovetlər dağılsa da hələ bu andır sosrealizm bizim ədəbiyyatda işləyir. Biz ən çox azadlığı xaricdən istəyirik. Mən xaric deyəndə xarici ölkələri nəzərdə tutmuram. Yaxın ətrafımızı deyirəm. Biz ən çox içimizdəki senzuradan və buxovlardan azad olmalıyıq. Təəssüf ki, hamımız həlli məlum olmayan bir teoremin içindəyik. Ona görə də bizi aldatmaq çox asandır. Çünki biz özümüz aldanmağa can atırıq.


Müəllif: Kəramət Böyükçöl