Kəramət Böyükçöl
Gəlin kütlə psixologiyasını bir kənara qoyaq, ədəb-ərkanla bir az qohum-əqrəbamızdan – əslində, qohum-əqrəba da kütlədir – danışaq, bir az da evimizin içindən söz açaq. Necə ki, cəmiyyətin ən böyük problemləri evlərdə cücərir. Axı ailə kiçik dövlətdi, konstitusiyası məhəbbətdi, himni körpə qığıltılarıdı.
Sözüm ondadı ki, məlum məsələdi, Azərbaycan evlərində yazıçıya o qədər yaxşı baxmırlar, ya dırnaqarası yanaşırlar, ya baş qoşmurlar, ya da əlinə qələm alan uşağa dişinin dibindən çıxanı deyirlər ki, bəri başdan sarsılsın, sınsın, pis olsun və yazmaq kimi mənasız peşədən əl çəksin, gələcəyi daha parlaq olsun.
Hətta bu sözləri deyən valideyn öz aləmində məntiqə də söykənib deyir, hansı ata-ana övladının pisliyini istəyər ki? Ümumiyyətlə, bizim əxlaqımızda ədəbiyyata qarşı çox yüksək səviyyədə saymamazlıq var. Bir valideyn eşidəndə ki, qızı yazıçıya ərə gedir, pis olur, dərindən təəssüf hissi keçirir. Nə üçün belədi? Ona görə ki, ən sadə adam da bilir ki, yazıb-pozmaq çörək verən peşə deyil, necə deyərlər, qələmlə bala başı saxlamaq mümkün deyil.
Nə qədər mübarizə aparsan da, əvvəl-axır qohum-əqrəbanın düşüncəsi ilə hesablaşmağa məcbur olursan. Axı hara qaçsan da, atanın düşüncəsi Qazaxlıdı, Cəlilabadlıdı, Leriklidi, Bərdəlidi, Tərtərlidi... Axı nə qədər tullanıb-düşsən də ananın beyni Yevlaxlıdı, Qubalıdı, Şəmkirlidi... Yəni sağa-sola burcutmağın xeyri yoxdu, əvvəl-axır el-oba nə deyər, camaat qıraqdan baxır düşüncəsi qarşısında əllərini göyə qaldırırsan, təslim olursan və mələyə-mələyə deyirsən ki, mən uduzdum.
Bizim əxlaqımızda əsl yazıçı və əsl şair necə olmalıdır, aydın məsələdir, heç bu barədə adlar çəkib danışmağa ehtiyac yoxdur. Onsuz da kifayət qədər düşmən qazanmışam, bəsimdi. Belə bir oturuşmuş münasibət var ki, əsl yazıçı gözəl ailə başçısı olmalı, şeiri şeir, nəsri nəsr, vəzifəsi vəzifə, hörmət-izzət də öz yerində olmalıdır. Əsl yazıçı bircə dəfə də qeyri-səmimi olub sevgidən danışmamalıdı.
Mən demirəm ki, yazıçı hər cür dəlilik eləməlidi, hər cür avara-avara hərəkətlərlə yola çıxmalıdı. Yox. Deməyim odur ki, yazıçı öz həyat tərzini yaşamalıdı və rahat olmalıdı. Belə demək mümkünsə, heç olmasa, öz aləmində xoşbəxt olmalıdı. Halbuki yazıçı azadlığı və insan rahatlığı bizim dünyagörüşümüzə tamamilə yaddı. Ona görə də tez-tez deyirlər ki, yazıçı xalça kimi bir şeydi, tapdalandıqca gözəlləşir.
Bəzən anan səni qabağına qoyub iki-üç saat danlayır, öyüd-nəsihət verir, özü də o qədər ürəkdən, o qədər içdən danışır ki, üzünə baxanda kövrəlirsən. Ana deyir ki, filan məsələ sənin nəyinə lazımdı, niyə yerində sakit oturmursan? Sənin nə işinə qalıb ki, filankəs filan şeyi niyə filan cür elədi? Anadı, nə edəsən, nə deyəsən? Danışır, qışqırır, əsəbiləşir, deyinir, ağlayır, axırda kiriyir.
Ananın nə günahı var. Yazıçı xalça kimi bir şeydi, tapdalandıqca gözəlləşir ifadəsinin ki müəllifi anam deyil. Bu ifadə Azərbaycan xalqına məxsusdur və əslində, bizim insanların ədəbiyyata və yazıçıya çox aydın münasibətidi.
Deməyim odur ki, toxunulmaz elan edilmiş bütün mövzularla bağlı nə qədər orijinal fikirlərin olsa da, axırda ananın inamına və düşüncəsinə hörmət eləməyə məcbur qalırsan və onun istədiyi kimi olursan. Çünki başqa cür mümkün deyil. Ya da gərək hamıdan imtina edəsən. Atadan da, anadan da, bacıdan, qardaşdan, əmidən, dayıdan, xaladan da...