14 Dekabr 2015 14:56
1 840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir dəfə metro maraqlı bir hadisə ilə yadımda qaldı.

Stansiyada dayanmışdım, qəfil qatar o yandan elə gəldi, əvvəlcə elə bildim maşinist qatarı saxlamayacaq, ona görə istər-istəməz qatara əl elədim. Elə bildim avtobusdur. Ömrümdə belə asan həll olunan işim olmamışdı. Sağ olsun, əl eləyən kimi maşinist məni saya salıb qatarı saxladı.

Məncə, vaqonun ən rahat yeri qapının ağzıdır. Bəzən oturacaqlar boş olsa da künc tərəfdə dayanıb söykənirəm pəncərəyə, bilirəm ki, yerimi heç kim əlimdən almayacaq. Kiməsə yer verməkdən zəhləm gedir. Bu fikrim xüsusən qadınlara aiddir. Həm də qadın ayaq üstə daha gözəldir, oturanda gözəllik itir.

Qatarda yekəpər bir oğlan düz mənimlə üzbəüz qapının ağzında dayanmışdı. Yanında bir qız da vardı. Əvvəlcə elə bildim qızı qucağına alıb. Sonra gördüm yox, qızı qatarın mənimlə üzbəüz qapısına söykəyib, özü də rahatca uzanıb üstünə. Oğlan elə bil gəmidə gedirdi, filmlərdəki kimi.

Fikir verdim, oğlan bütün istiqamətlərdən qıza nəzarət eləyirdi. Adətən, vətəni bu cür qoruyurlar. Dörd tərəfdən heç bir köpək oğlu ürək eləyib qıza baxa bilməzdi. Baxsaydı, Allah bilir halı necə olardı. Hiss olunurdu ki, dediyini eləyən kişidir, qolu da çox qüvvətlidir.

Yəqin bilirsiniz, qatar qaranlığa girdikcə pəncərə get-gedə güzgüyə oxşayır. Bir anlıq mənə elə gəldi ki, oğlan güzgüdə özünü kiminləsə dəyişik salıb, elə bilib ki, qızı qucaqlayan başqasıdır. Çünki gördüm özünə də tərs-tərs baxır, bir-iki dəfə güzgüdə dərindən nəfəs alıb, dişini qıcadı, yumruğunu sıxdı, amma xeyri olmadı.

Birdən-birə başa düşdüm ki, sən demə, oğlan pəncərə vasitəsilə mənə baxır. Mənim də dünyada xəbərim yoxdur, rahatca kürəyimi qatarın pəncərəsinə söykəyib gül kimi tamaşanı seyr eləyirəm. Düzü, qorxdum. Ürəyim təzədən sıxılmağa başladı. Dizlərim əsdi. Həyəcandan az qala şalvarımı isladacaqdım. Allah göstərməsin, oğlan üstümə yerisə məni onun əlindən kim alacaqdı? Fikirləşdim ki, üstümə gəlsə tez yıxılım yerə, guya ürəyim gedib, guya xəstəyəm. Bəlkə, yazığı gəldi.

Qorxumdan üzü pəncərəyə tərəf çevrilib, gah ürəyimdə planlar qurur, gah da Allaha yalvardım ki, qatar növbəti stansiyaya tez çatsın, düşüm, canım qurtarsın. Mən öz bəxtimə yaxşı bələdəm, bildim ki, burda xata var. Çünki qatara minəndən bəri oğlan məni qaralamışdı. Bəlkə, qatarı mən əl eləyib saxlatdım deyə oğlanın xətrinə dəyib. Yəqin bu hərəkətimi qızın yanında özünə sığışdırmır...

Bir ara qıza baxmaq keçdi ürəyimdən. O mənada ki, mən həmişə nazik bədənli qızın yanında zırpı bir kişi təsəvvür eləyirəm. Görüm, düzmü təsəvvür eləmişəm? Öz-özümə düşündüm ki, o qız mütləq incə bir çiçəyə bənzəməlidir. O qız incə deyilsə bəs oğlan niyə bu qədər yekəpərdir? Oğlan o qədər yekəpərdir ki, nə qədər çalışdım, nəinki qızı, heç qatarın qapısını düz-əməlli görə bilmədim. Bu boyda kişini necə sevmək olar, ilahi?

Axşamtərəfi olduğu üçün qatarda adam çox idi. Axı hamının işdən çıxan vaxtıdır. Adamlar az qala bir-birinin belinə minsinlər. Həmin oğlansa bütün varlığı ilə qızı qorumağa çalışır. Yəni istəmir ki, kimsə ona toxunsun. O oğlan o qatarda o qədər adamın bir-birinin belinə çıxdığı yerdə o qız üçün bir gözəl şərait qurmuşdu. Qatarın içində qız üçün təxminən bir kvadrat metrlik otaq düzəltmişdi. Bir otaqlı evdə qız özünü o qədər xoşbəxt hiss eləyirdi ki... Əməlli-başlı xoş güzəran sürürdü. Deyəsən, otaqda kondisioner də vardı, hətta hamam, ayaqyolu məsələsi də həll olunmuşdu. Hiss olunurdu ki, çox ailəcanlı kişidir, ev-eşiyin qeydinə yaxşı qalır. Lazım olsa qızı cibinə də qoya bilərdi.

Camaat ölkədə sevdiyinə bir yuva düzəldə bilmir, hələ yuva bir yana dursun, oğlanın gözləri hər ehtimala qarşı köhnə kənd evlərinin üstündə qurulmuş antena kimi öz-özünə fırlanırdı. O, bu üsulla ətrafı nəzarətdə saxlayır, qızı yad baxışlardan qoruyurdu.

Bütün bu şeylərə diqqətlə baxandan sonra hirsimdən bilmirdim nə eləyəm, birdən-birə qatar gedə-gedə yaxamı-başımı cırıb özümü dənizə atmaq istədim...


Müəllif: Kəramət Böyükçöl